26 sentyabr tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səməd Vurğun adına Mərkəzi Kitabxanasında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Anım mərasimində şəhidlərin valideynləri və ailə üzvləri, qazilər, kitabxana əməkdaşları və oxucular iştirak ediblər.
Tədbir Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıqdan söz açılıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu gənc nəsil üçün örnək olacaq.
Tədbirdə Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səriyyə Kərimova, Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri İctimai Birliyinin Bərdə filialının sədri Etibar xanım Hüseynova, Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova, şəhid anaları Xuraman xanım Naibova və Arzu xanım Hüseynova, eləcə də digər şəhid ailələrinin üzvləri çıxış ediblər.
Şəhid analarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük ehtiram və kövrək hisslərlə qarşılanıb. Onların dilindən səslənən xatirələr şəhidlərimizin Vətən sevgisinin, mərdliyinin və ailələrinə olan bağlılığının canlı ifadəsi olub.
Anım mərasimində 44 günlük Vətən müharibəsinin ağrılı və şərəfli günləri xatırlanıb, həmin günlərdə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan bəhs edilib.
Sonda iştirakçılar ehsan süfrəsi arxasında bir araya gələrək şəhidlərimizin ruhuna dualar oxuyub, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidlər ölmürlər. Onlar Vətən yaşadıqca, xalqımız var olduqca qəlblərdə yaşayacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Musa Muradlı-Baxar.az



