27 Sentyabr – Anım Günü 
Screenshot

27 Sentyabr – Anım Günü 

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramını ifadə edən mühüm gündür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü hər il sentyabrın 27-də qeyd olunur. Həmin gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Azərbaycanın 44 günlük Vətən müharibəsinə aparan proses uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti, beynəlxalq hüquq normalarına məhəl qoymaması və işğal olunmuş ərazilərimizi danışıqlar yolu ilə azad etmək istiqamətində aparılan prosesin nəticəsiz qalması ilə müşayiət olunub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salınmışdır. Xocalı faciəsi, azərbaycanlı əhalinin deportasiyası və yaşayış məntəqələrinin dağıdılması həmin siyasətin ağır nəticələrindən olmuşdur.

Azərbaycan bütün bu illər ərzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh və danışıqlar yolu ilə həllinə çalışıb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər uzun illər icra edilməmişdir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da işğalın aradan qaldırılmasına nail ola bilməmişdir.

Ermənistanın 2016-cı ilin Aprel döyüşlərindən və 2020-ci ilin Tovuz hadisələrindən sonra da təxribatlarını davam etdirməsi vəziyyəti daha da gərginləşdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu nəticəsində Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Beləliklə, xalqımızın uzun illər gözlədiyi haqq mübarizəsinin yeni mərhələsi – 44 günlük Vətən müharibəsi başladı.

Vətən müharibəsi Azərbaycanın hərbi gücünü, xalqımızın milli iradəsini və dövlətimizin bütün imkanlarını səfərbər etmək qabiliyyətini nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa şəhəri və çoxsaylı yaşayış məntəqələri, eləcə də strateji yüksəkliklər işğaldan azad edildi. Xüsusilə Şuşanın azad olunması müharibənin gedişində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun ardıcıl uğurları nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı və hərbi əməliyyatların dayandırılması təmin edildi.

Vətən müharibəsində əldə olunan hərbi Qələbə sonrakı mərhələdə siyasi müstəvidə də davam etdirildi. Ağdam, Kəlbəcər və Laçın rayonları razılaşmaya uyğun olaraq Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə həmin proses tamamlandı. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə edildi.

Bu Qələbə böyük fədakarlıq və qəhrəmanlıq hesabına qazanıldı. Vətən müharibəsində Azərbaycan əsgər və zabitləri misilsiz şücaət göstərərək tariximizin ən parlaq səhifələrindən birini yazdılar. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızın bütün imkanları ilə səfərbər olması Zəfərin əldə edilməsində mühüm rol oynadı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir. Onların qəhrəmanlığı, şücaəti və fədakarlığı gələcək nəsillər üçün əbədi örnəkdir.

Azərbaycan xalqı müharibə dövründə “Dəmir yumruq” ətrafında sıx birləşərək dövlətinə və ordusuna tam dəstək nümayiş etdirdi. Arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, könüllülər, həkimlər, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar ümumi Qələbə naminə öz töhfələrini verdilər. Bu həmrəylik xalqımızın milli birliyinin və dövlətçilik iradəsinin mühüm göstəricisinə çevrildi.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Şəhid ailələrinə və qazilərə hərtərəfli dövlət qayğısı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi, müalicəsi, reabilitasiyası və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Vətən müharibəsi iştirakçılarının və qəhrəmanlarının müxtəlif orden və medallarla təltif edilməsi də onların xidmətlərinə verilən yüksək dövlət qiymətinin göstəricisidir.

Tarixi Zəfərin yaddaşlarda yaşadılması məqsədilə Bakıda Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyi yaradılıb. Bu məkanlar Vətən müharibəsinin tarixinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və şəhidlərimizin xatirəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Zəfər Muzeyində Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, qəhrəmanlarımız və dövlət suverenliyimizin bərpası ilə bağlı tarixi məlumatlar və eksponatlar nümayiş etdirilir.

27 Sentyabr – Anım Günü yalnız şəhidlərimizi yad etdiyimiz tarix deyil, həm də onların bizə əmanət etdiyi Vətənə, dövlətçiliyə və milli dəyərlərə sədaqətimizi bir daha nümayiş etdirdiyimiz gündür. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Bu gün biz həm hüznlə şəhidlərimizi yad edir, həm də onların canları bahasına əldə edilən tarixi Zəfərlə qürur duyuruq. Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və qəhrəman ordumuzun şücaəti nəticəsində qazanılmış Qələbə tariximizin ən mühüm səhifələrindən biri kimi əbədi yaşayacaqdır.