Sentyabrın 24-də XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağdam Muğam Mərkəzində musiqili tədbir keçirilib.

Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllim kollektivi tamaşaçılara zəngin və rəngarəng musiqi proqramı təqdim edib. Tədbirdə kollecin direktoru Nərmin Qaralova çıxış edib.
Konserti Bərdədən olan mədəniyyət işçiləri də izləyiblər. Onlar tədbirdən məmnunluqlarını ifadə edib, mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıya görə Mədəniyyət naziri Adil Kərimliyə təşəkkürlərini bildiriblər.

Konsert “Çahargah” kompozisiyasının ifası ilə başlayıb. Ardınca muğam sənətinin əsrarəngiz sehri tamaşaçılara yaşadılıb. Proqramda vokal musiqi sənətindən seçmələr də təqdim olunub.
Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri səsləndirilib. “Gülçöhrə”nin ariyası da tamaşaçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb. Konsert proqramında aşıq havalarına da müraciət olunub.

Əməkdar artist Sevinc Sarıyevanın ifası tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qarabağdan olan musiqisevərlər konsertdən xoş təəssürat və yüksək əhval-ruhiyyə ilə ayrılıblar.

Musa Muradlı-Baxar.az

