Sentyabrın 23-də Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə və 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Unudulmayan qəhrəmanlar” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon nümayəndəsi Ceyhun İsmayılzadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan və onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən danışıblar.

Tədbirdə şəhid ailələri adından şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım və şəhid Səid Ədilovun anası Əzizə xanım çıxış ediblər. Şəhid analarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük ehtiramla qarşılanıb.
Tədbirin bədii hissəsində Bərdə rayon Mədəniyyət Mərkəzinin Xalq Teatrı tərəfindən “Unudulmayan qəhrəmanlar” adlı tamaşa təqdim edilib. Tamaşanın ssenari müəllifi və rejissoru Mehman Quliyev olub. O, eyni zamanda tamaşada şəhid Elxan obrazını canlandırıb. Digər rolları Aqşin Hacızadə, Ətayə Musayeva, Aynur Qarayeva, Günay Hüseynova və Anar Məmmədov ifa ediblər.
Vətən sevgisini, şəhidlik zirvəsini, qəhrəmanlıq və fədakarlıq duyğularını özündə əks etdirən tamaşa izləyicilərdə böyük emosional təsir yaradıb. Səhnədə canlandırılan hadisələr şəhidlərimizin keçdiyi şərəfli yolun və onların Vətən qarşısındakı fədakarlığının təsirli ifadəsi olub.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin videoçıxışı nümayiş etdirilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram hissi ilə yekunlaşıb.
Musa Muradlı-Baxar.az
























