Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından perspektivli sahə olduğunu bildirib. Qeyd edib ki, yeni Dövlət Proqramının icrası nəticəsində müasir sənaye istiqaməti formalaşacaq, beş mindən çox daimi iş yeri yaradılacaq, təbii resurslardan səmərəli istifadə olunacaq və xammaldan son məhsula qədər istehsal zəncirinin yaradılması təmin ediləcək. Prezident son dövrdə qəbul olunmuş dövlət proqramlarının konkret hədəflərə yönəldiyini, onların maliyyə təminatı və icra-nəzarət mexanizmlərinin müəyyənləşdirildiyini vurğulayıb. Kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı ilə bağlı proqramların ölkə iqtisadiyyatının gücləndirilməsi, regionların inkişafı və əhalinin müasir infrastrukturla təmin olunması baxımından əhəmiyyətini qeyd edib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair proqramın 2027–2030-cu illər ərzində icra olunacağını və regionların sosial-iqtisadi inkişafı gündəliyinin mühüm hissəsini təşkil etdiyini bildirib. Son 20 ildə həyata keçirilən infrastruktur layihələrinin Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdiyini, qazlaşma səviyyəsinin 96 faizə çatdığını, elektrik enerjisi üzrə güclü potensial yaradıldığını və Azərbaycanın enerji sahəsində ixrac imkanlarının artdığını diqqətə çatdırıb. Sosial infrastrukturun inkişafı, maliyyə, vergi və gömrük sistemlərində aparılan islahatların, bürokratik əngəllərin azaldılması istiqamətində görülən tədbirlərin də qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərdiyini, cari ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alındığını vurğulayıb.
Dövlət başçısı daha sonra işğal dövründə Azərbaycanın təbii sərvətlərinə və meşə fonduna vurulmuş zərərdən danışaraq, işğaldan azad edilmiş ərazilərdə mövcud qızıl, mis və molibden yataqlarının müasir üsullarla araşdırılmasının və istismara cəlb edilməsinin vacibliyini qeyd edib. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən yataqlarda işlərin genişləndiriləcəyini, mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndiriləcəyini bildirib. Naxçıvan Muxtar Respublikasında da geoloji kəşfiyyat işlərinin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Dağ-mədən sahəsində həm dövlət xətti ilə, həm özəl sektorun, həm də xarici investorların iştirakı üçün imkanların olduğunu, yeni yataqlar aşkar ediləcəyi təqdirdə filizin xammal kimi ixracı ilə kifayətlənməyərək zənginləşdirmə və emal daxil olmaqla tam istehsal zəncirinin yaradılmasının vacibliyini vurğulayıb. Balakən rayonundakı “Filizçay” polimetal yatağının istismara hazırlanması, Qərb Sənaye Parkında “Daşkəsən” filiz yatağı əsasında hasilatdan son məhsula qədər istehsal zəncirinin qurulması, zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalının yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirib. Layihələrin icrası zamanı ekoloji standartlara ciddi əməl olunmasının vacibliyini xüsusi qeyd edən Prezident təbiətin qorunmasının əsas prioritetlərdən biri olduğunu bildirib. Metallurgiya sənayesinin inkişafı çərçivəsində alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılmasının və yeni zavodların yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirildiyini, yerli və xarici investorların iştirakı üçün imkanların açıq olduğunu bildirərək, proqramın icrası nəticəsində yeni sənaye istiqamətinin formalaşacağını, beş mindən çox yeni iş yerinin yaradılacağını, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının və məşğulluğun sürətlənəcəyini, ixrac potensialının genişlənəcəyini və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olacağını vurğulayıb.
