Şəhid Allahverənov Məhəmməd Zöhrab oğlunun doğum günü ilə əlaqədar anım tədbiri

Şəhid Allahverənov Məhəmməd Zöhrab oğlunun doğum günü ilə əlaqədar anım tədbiri

Şəhid Allahverənov Məhəmməd Zöhrab oğlunun doğum günü ilə əlaqədar anım tədbir

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Allahverənov Məhəmməd Zöhrab oğlunun doğum günüdür.

Məhəmmədin doğum günü münasibətilə onun əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilib. Tədbirdə Zümürxan kənd Mədəniyyət Evinin əməkdaşları, həkim məntəqəsinin müdiri Şəhla xanım, şəhid ailələri, qazilər, müharibə veteranları, Bərdə rayon Şəhid Ailələri, Qazilər və Müharibə Veteranları İctimai Birliyinin Bərdə şöbəsinin sədri, Bərdənin axundu Hacı Ramazan, şəhid anası Arzu xanım, həmçinin şəhid Elməddin Hüseynzadə adına “GENERAL PERSPECTIVE ACADEMY” MMC-nin rəhbərliyi iştirak edib.

Anım tədbiri çərçivəsində şəhid Məhəmməd Allahverənovun məzarı ziyarət olunub. Molla Cahangir və Bərdənin axundu Hacı Ramazan tərəfindən şəhidin ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Tədbirdə Bərdə rayon polis əməkdaşları hərbi farağat vəziyyətində dayanaraq şəhidin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra şəhidin məzarı önünə gül dəstələri qoyulub.

Anım mərasimində çıxış edən Namik müəllim Məhəmmədin uşaqlıq illərindən, məktəb həyatından və onun haqqında xatirələrindən söz açıb. Bildirib ki, Məhəmməd onun direktoru olduğu məktəbin məzunu olub. O, Məhəmmədin mehriban, tərbiyəli, vətənpərvər və nümunəvi bir şagird olduğunu qeyd edərək, onun həyat yolunun və qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu vurğulayıb.

Tədbir iştirakçıları şəhidin anası Səadət xanıma, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onlara səbir və dözüm arzulayıblar. Bildirilib ki, Məhəmmədin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və əziz xatirəsi daim yaşayacaq.

Şəhid anası Səadət xanım üçün övladının doğum günü həm sonsuz kədərin, həm də böyük qürurun yaşandığı gündür. Çünki Məhəmməd öz canını Vətənə fəda etməklə adını Azərbaycanın şanlı tarixində əbədiləşdirib.

Şəhidlərimizin xatirəsi daim uca tutulacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!