Şəhid Məhəmməd Allahverənovun xatirəsi ehtiramla yad edilib.
Oktyabrın 19-da Ağdam rayon 143 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Çəmənli kənd şəhidi Məhəmməd Allahverənovun şəhadətə ucalmasının ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimində çıxış edən məktəbin direktoru Namik İbrahimov şəhid Məhəmməd Allahverənovun həyat və döyüş yolu haqqında danışıb. O bildirib ki, Məhəmməd Allahverənov Ağdam rayon 143 saylı tam orta məktəbdə təhsil alıb və həmin məktəbin məzunu olub. Direktor şəhid haqqında yüksək fikirlər səsləndirərək onun Vətən uğrunda göstərdiyi fədakarlığın gənc nəsil üçün örnək olduğunu vurğulayıb.
Tədbir zamanı məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, Vətənə məhəbbət, qəhrəmanlıq və şəhidlərin əziz xatirəsinə ehtiram hisslərini ifadə ediblər.
Qeyd olunub ki, şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Şəhid Məhəmməd Allahverənovun əziz xatirəsi daim qəlblərdə yaşayacaq, onun Vətən uğrunda göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaqdır.
Şəhidlər ölməz, Vətən bölünməz!
Musa Muradlı-Baxar.az


