Xankəndidə ilk dərs, ilk həyəcan, böyük sevinc – ƏKİZ QARDAŞLARIN HEKAYƏSİ

Xankəndidə ilk dərs, ilk həyəcan, böyük sevinc – ƏKİZ QARDAŞLARIN HEKAYƏSİ

Səhər saatlarıdır. Xankəndi şəhərində yeni tədris ilinin ilk gününün həyəcanı yaşanır. Məktəblərin qarşısında valideynlər, müəllimlər və şagirdlər bir araya gəlib. Kimi ilk dəfə məktəbli formasında sinif otağına qədəm qoyur, kimi isə artıq tanış olduğu məktəb həyətinə yeni dərs ilinin sevinci ilə daxil olur.

Bu gün Xankəndidə məktəb həyatı ilə tanış olanlar arasında Xankəndi şəhərindən olan əkiz qardaşlar- Cavidan və Rauf Şamxal oğlu Adıgözəlovlar da var.

Onlar Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin birinci sinfində ilk dərslərinə başlayıblar. Əkiz qardaşların simasında həm ilk məktəb gününün həyəcanını, həm də doğma şəhərdə təhsil almağın sevincini görmək mümkündür.

Cavidan və Rauf məktəbin həyətində digər birincilərlə birlikdə sıraya düzülürlər. Bir neçə dəqiqə sonra onlar üçün yeni həyat mərhələsi başlayır – ilk dəfə məktəbli kimi sinif otağına daxil olurlar.

Bu gün onların ailəsi üçün də xüsusi əhəmiyyət daşıyır. Adıgözəlovlar ailəsi uzun illər məcburi köçkün həyatı yaşayıb, Bərdə rayonunda məskunlaşıb. İki il əvvəl isə ailə doğma Xankəndiyə qayıdıb.

Cavidan və Raufun məktəbə ilk addımı ailənin doğma yurda qayıdış hekayəsinin davamıdır. Onların iki bacısı artıq iki ildir Xankəndidə təhsil alır. Bu gündən etibarən isə ailənin əkiz oğulları da doğma şəhərlərində məktəb həyatına başlayıblar.

Jurnalist Şamxal Adıgözəlov deyir ki, övladlarının Xankəndidə təhsil alması ailəsi üçün sözlə ifadə olunmayacaq qədər böyük sevincdir.

“İki il əvvəl ailəlikcə Xankəndiyə köçdük. İki qızım artıq iki ildir burada təhsil alır. Bu gün isə oğullarım Cavidan və Rauf birinci sinfə qədəm qoyurlar. Övladlarımın doğma Xankəndidə, ata-baba torpağında təhsil alması bizim üçün böyük xoşbəxtlik və qürurdur”, deyə Şamxal Adıgözəlov bildirib.

Əkiz qardaşların məktəb həyatı ilə bağlı arzuları da var. Onlar ilk dərs gününün həyəcanını yaşamaqla yanaşı, yeni dostlar qazanmaq və yaxşı oxumaq istəyirlər.

Cavidan və Raufun məktəbə qədəm qoyması onlar üçün yalnız yeni dərs ilinin başlanğıcı deyil. Bu, illər sonra doğma Xankəndidə qurulan yeni həyatın, ailənin şəhərə qayıdışının və gələcəyin burada formalaşmasının kiçik, lakin mənalı nümunəsidir.

Bu gün Xankəndidə məktəb zəngi bir daha çalınır. Sinif otaqlarında uşaqların səsi eşidilir. Onların arasında Cavidan və Raufun da səsi var.

Bir vaxtlar ailələri ilə birlikdə doğma şəhərindən ayrı düşən bu uşaqlar indi ilk dəfə Xankəndidə məktəbli olurlar.

Cavidan və Rauf üçün məktəb yolunun ilk günü belə başlayır- doğma şəhərlərində, öz məktəblərində və yeni ümidlərlə…