Bərdədə şəhər sakinləri üçün konsert proqramı və kitab sərgisi təşkil olunub

Bərdədə şəhər sakinləri üçün konsert proqramı və kitab sərgisi təşkil olunub

Avqustun 8-də Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbi və Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə iştirakı ilə mədəni tədbir keçirilib.

Bərdənin qədim tarixini özündə yaşadan Bərdə Türbəsinin yerləşdiyi parkda şəhər sakinlərinin asudə vaxtının səmərəli və mədəni istirahətinin təşkili məqsədilə konsert proqramı təqdim olunub.

Tədbirin yüksək səviyyədə keçirilməsi Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədovanın təşkilatçılığı və təşəbbüsü ilə təmin olunub.

Konsert proqramında Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimləri tərəfindən təqdim olunan bir-birindən maraqlı musiqi nömrələri parkda istirahət edən şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Səsləndirilən musiqilər tamaşaçılara xoş və yaddaqalan anlar bəxş edib.

Tədbir çərçivəsində Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səriyyə Kərimovanın təşkilatçılığı ilə kitab sərgisi də nümayiş etdirilib. Müxtəlif mövzuları əhatə edən kitabların təqdim olunduğu sərgi, xüsusilə uşaqların böyük marağına səbəb olub. Balaca oxucular sərgidə nümayiş olunan nəşrlərlə tanış olub, onları maraqlandıran kitablar barədə məlumat əldə ediblər.

Belə tədbirlərin keçirilməsi şəhər sakinlərinin, xüsusilə uşaqların mədəni-estetik zövqünün formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mütaliəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir iştirakçıların xoş təəssüratları ilə başa çatıb.

Musa Muradlı-Baxar.az