Elektrik enerjisinin istehlakına tətbiq olunan pilləli tariflər aztəminatlı ailələrin büdcəsinə ciddi yük yaradır.
Vətəndaş Vüsal Bayramovun təqdim etdiyi “Azərişıq” ASC-nin bildiriş-qəbzinə əsasən, bir ay ərzində 539 kVt/saat elektrik enerjisi istehlak olunub. Nəticədə ödənilməli məbləğ 63 manat 15 qəpik təşkil edib.
Qəbzdə elektrik enerjisinə üç pilləli tarif tətbiq olunduğu görünür:
İlk 200 kVt/saat üçün 8,4 qəpik;
Növbəti 100 kVt/saat üçün 10 qəpik;
300 kVt/saatdan artıq hissə üçün isə 15 qəpik.
Vüsal Bayramov bildirir ki, onun aylıq pensiyası cəmi 180 manatdır. Ailədə isə 5 nəfər yaşayır, onlardan 2-si məktəblidir.
“İşığı hələ evdə qorxa-qorxa işlədirik ki, çox yazmasın. 180 manat pensiya alıram. Bunun 63 manatını işığa ödəyirəm. Qalan pula qazı, suyu ödəyim, sonra nə yeyim? Ailədə 5 nəfərik, uşaqların ikisi məktəblidir. Məktəb xərci var, ərzaq almaq lazımdır. Bu pulla necə dolanaq?” – deyə Vüsal Bayramov narazılığını bildirib.
180 manat pensiyadan 63 manat 15 qəpik elektrik ödənişi çıxıldıqda ailənin əlində cəmi 116 manat 85 qəpik qalır.
Bir tərəfdən işıq, qaz və su xərcləri, digər tərəfdən ərzaq və məktəb xərcləri… Vətəndaşın sualı isə sadədir: 180 manatla bütün bunlara necə çatmaq olar?

