29 oktyabr 2020-ci il
Vətən müharibəsinin ən ağır və taleyüklü günləri idi. Azərbaycan xalqı bütün diqqətini cəbhədən gələn xəbərlərə yönəltmiş, hər birimiz ordumuzun qələbəsinə böyük inamla yaşayırdıq. Həmin günlərdə mən də öz hisslərimi, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan inamımı Prezidentə ünvanladığım müraciətdə ifadə etmişdim.
Həmin müraciətdə yazırdım:
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Biz, Sizin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kursunun layiqli davamçısı kimi apardığınız bütün siyasəti dəstəkləyir və Sizinlə birlikdə olduğumuzu bildiririk.
Qüdrətli Azərbaycan ordusu Sizin komandanlığınızla 30 ildir erməni əsarətində olan tarixi Azərbaycan torpaqlarını – Qarabağı və onun ətrafında olan rayonları azad edir. Cəngavər əsgər və zabitlərimizin hərbi üstünlüyü ilə gedən qızğın döyüşlər Azərbaycan ordusunun torpağa, doğma yurda sonsuz məhəbbətinin nəticəsidir. Əsgərlərimizin azad olunmuş ərazilərdə Azərbaycan bayrağını fəxrlə dalğalandırması ürəyimizi riqqətə gətirir.
Sizin motivasiyalı çıxışlarınız, müraciətləriniz, xarici televiziya kanallarına verdiyiniz müsahibələr xalqda böyük ruh yüksəkliyi yaradır, sabaha inamı artırır. Heç bir terror Azərbaycan xalqını qorxuda bilməz. Biz analar şəhidlərimizi, ordumuzu, əsgərlərimizi xeyir-dualarla yola salır, gecəmizi həmin dualarla bitiririk.
Biz inanırıq ki, apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan ordusu qələbə qazanacaq, tarixi torpaqlarımız özümüzə qayıdacaq.
Möhtərəm cənab Prezident!
Biz Allahdan arzu edirik ki, Azərbaycan bayrağı tezliklə Şuşada və Xankəndində dalğalansın və Sizin rəhbərliyinizlə azad olunmuş torpaqlarımız gülüstana çevrilsin. Həmin ərazilərdən mərmi səsləri yox, sevincli çal-çağır səsləri ucalsın. Azərbaycan əsgərlərinə toy çadırları qurulsun və qədim el havasında deyildiyi kimi:
“Axşamüstü qoy uzaqdan,
Havalansın Xanımın səsi,
Qarabağın şikəstəsi”.
Biz bu günlərin uzaqda olmadığına inanırıq. Elə bu inam hissi ilə var səsimizlə deyirik:
Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Yaşasın qüdrətli, cəngavər Azərbaycan ordusu!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!
Bu gün Zəfər tariximizə nəzər salarkən illər əvvəl Prezidentə ünvanladığım müraciəti xatırlayıram. Həmin müraciətdə xalqımızın keçirdiyi hissləri, Azərbaycan Ordusuna olan inamı və Qarabağın azad olunacağına dair böyük ümidi ifadə etmişdim. Həmin günlərdə Azərbaycan xalqının qəlbində böyük bir inam var idi. Ordumuzun gücünə, əsgər və zabitlərimizin qəhrəmanlığına inanırdıq. Müraciətdə bu hissləri belə ifadə etmişdim:
“Cəngavər əsgər və zabitlərimizin hərbi üstünlüyü ilə gedən qızğın döyüşlər Azərbaycan ordusunun torpağa, doğma yurda sonsuz məhəbbətinin nəticəsidir.”
Müraciətimin ən böyük arzularından biri isə bu idi:
“Biz Allahdan arzu edirik ki, Azərbaycan bayrağı tezliklə Şuşada və Xankəndində dalğalansın…”
Bu gün həmin cümləni xatırlamaq insanda tamam başqa duyğular yaradır. Çünki bir vaxtlar ürəkdən arzuladığımız Azərbaycan bayrağının Şuşada dalğalanması artıq şanlı tariximizin reallığıdır.
O müraciətdə Qarabağın gələcəyi ilə bağlı daha bir arzumuzu belə ifadə etmişdim:
“Həmin ərazilərdən mərmi səsləri yox, sevincli çal-çağır səsləri ucalsın.”
Bu gün Qarabağda həyat yenidən canlanır. Şəhərlərimiz və kəndlərimiz bərpa olunur, doğma yurdlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdırlar. Bir zamanlar yalnız arzu kimi səsləndirdiyimiz fikirlər bu gün Zəfərdən sonrakı Azərbaycanın reallığına çevrilir.
Bu gün həmin sözlərə Zəfərin ucalığından baxırıq. Bir zamanlar məktubda arzu etdiyimiz Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır. Bir zamanlar xəyal etdiyimiz Qarabağda həyat yenidən qayıdır. Bu, xalqımızın Zəfər tarixidir!
Bu Zəfərin başlanğıcında inam vardı, yolunda fədakarlıq vardı, zirvəsində isə şəhidlərimizin müqəddəs qanı.
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Onların müqəddəs xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Şəhidlərimizi ehtiramla anır, əziz xatirələri qarşısında baş əyirik.
Arifət Yediyar qızı Əhmədova
Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru
