“Nicat müəllim — qəlblərdə qalan iz

“Nicat müəllim — qəlblərdə qalan iz

Nicat müəllimə son söz
Bəzən həyatımızda elə insanlar olur ki, onlarla tanışlığımız adi bir təsadüf kimi başlayır, amma illər keçdikcə həmin təsadüf ömrümüzün ən dəyərli xatirələrindən birinə çevrilir.
Nicat müəllimlə tanışlığımız da belə olmuşdu.
2006, ya da 2007-ci il idi. Gəncədən gəlirdim. Yol yoldaşım cavan bir oğlan idi. Yol boyu o qədər də söhbət etmədik. Hətta adını belə soruşmadım. Kim bilərdi ki, bu səssiz yol yoldaşlığı illər sonra qohumluğa, dostluğa, doğmalığa çevriləcək?
Sonralar Bərdə Rayon Təhsil Şöbəsinin dəhlizində yenidən qarşılaşdıq. Mən həmin il tarix müəllimliyinə başlayırdım. O cavan oğlan da Gəncə Dövlət Universitetini bitirmiş, tarix müəllimi kimi fəaliyyətə başlamağa gəlmişdi. Adı Nicat idi — Nicat İsmayılov.
Mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişdim, ikinci təhsilimi isə yenidən hazırlanma yolu ilə tarix müəllimliyi üzrə almışdım. Beləcə, müəllimlik yolumuz Bərdədə kəsişdi.
İllər keçdi. Sonra Nicat müəllim mənim üçün sadəcə bir həmkar olmadı. Tale bizi qohum da etdi. Təzə qohumlarımdan olan qaynatamın qardaşı, İnqilab həkimin qaynı oğlu — Əli dayının oğlu Nicat müəllim.
Nicat müəllim uğurları ilə seçilən, nümunəvi müəllim kimi tanınan bir təhsil işçisi idi. Peşəsinə ürəklə bağlı idi. Onun müəllimlik fəaliyyətində qazandığı uğurlar, insanlarla səmimi münasibəti, mehribanlığı və alicənablığı ona böyük hörmət qazandırmışdı.
Həyat isə onu bir dəfə ağır sınağa çəkdi. İnfarkt keçirdi, ölümlə üz-üzə qaldı. Onu sevən əzizləri, doğmaları böyük qorxu yaşadı. Amma Tanrı ona qıymadı. Əli dayıya oğlunu yenidən bağışladı.
Nicat müəllim bu sınaqdan sonra həyatın qədrini daha dərindən bilərək ailə həyatı qurdu. Xoşbəxtlik onun nəsibi oldu. Gözəl ailəsi, övladları, sevdikləri vardı. O, həm yaxşı müəllim, həm uğurlu təhsil işçisi, həm də gözəl ailə başçısı idi.
Karyerasında da uğurları davam etdi. Şirvanlı məktəbinə direktor təyin olundu. Az sonra Bərdənin ən reytinqli təhsil ocaqlarından biri olan Heydər Əliyev adına 8 saylı şəhər tam orta məktəbinə direktor təyin edildi.
2025-ci ilin oktyabrında isə Nicat İsmayılov Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Sektor müdiri vəzifəsinə təyin olundu. Bu, onun illərlə çəkdiyi zəhmətin, peşəkarlığının və təhsil sahəsində qazandığı nüfuzun daha bir göstəricisi idi.
Nicat müəllim vəzifəsi böyüdükcə dəyişən insanlardan deyildi. Yenə əvvəlki kimi səmimi, mehriban, sadə və insanlara yaxın idi. Onu tanıyanlar yaxşı bilirdi ki, Nicat müəllimin ən böyük üstünlüklərindən biri də məhz insanlığında idi.
Amma həyatın yazılmamış bir hökmü var: bəzən insan sabaha böyük planlarla gedir, tale isə onun yolunu qəfil yarıda kəsir…
16 avqust 2026-cı il.
Nicat müəllimin həyatının son günü…
Yaxın qohumunun toy məclisinə gəlmişdi. İnsanlar sevinc içində idi. Toy vardı, gülüş vardı, xoş arzular vardı. Heç kimin ağlına gəlməzdi ki, həmin məclisdən bir insanın cansız bədəni çıxacaq və bir neçə saat sonra toyun sevincini bölüşənlər ağır bir dərdi bölüşəcəklər.
Nicat müəllimin yenidən ürəyi tutdu. Məclis evindən çölə çıxaraq təcili yardım çağırdı. Amma bu dəfə ömür vəfa etmədi…
Toy məclisinə gələn ən yaxın qohumlar belə bu acı xəbəri bilmədilər. Məclis başa çatdı. Bir sevinc ətrafında bir araya gələn insanlar sonradan eyni yerdə bir kədəri, bir itkini bölüşdülər.
Həyat necə qəribədir…
İnsan bəzən ölümün yanında olduğunu bilmədən son dəfə gülümsəyir, son dəfə salamlaşır, son dəfə sevdiklərinin arasında olur.
Nicat müəllim də həyata beləcə əlvida dedi. Ardında gözəl bir ailə, övladlar, qohumlar, dostlar, həmkarlar, şagirdlər və onu sevən çoxlu insan qoydu.
Mən isə illər əvvəl Gəncədən Bərdəyə gələn yolda təsadüfən yanımda oturan o cavan oğlanı xatırlayıram. O vaxt adını belə soruşmamışdım. Kim bilərdi ki, illər sonra həmin yol yoldaşı mənə qohum olacaq, dost olacaq, qardaş qədər doğma olacaq və bir gün onun haqqında belə ağır sözlər yazmalı olacağam…
Allah sənə rəhmət eləsin, Nicat müəllim.
Sən bu dünyadan bir vəzifə sahibi kimi yox, gözəl insan kimi köçdün. Qəlblərdə alicənablığın, səmimiyyətin, mehribanlığın və insanlığınla qaldın.
Məkanın cənnət olsun, qardaş.
Əli dayı, Əvəz qardaş, Nicat müəllimin ailəsinə, övladlarına və bütün doğmalarına Uca Allahdan səbr diləyirəm.
Allah rəhmət eləsin.
Unudulmayacaqsan, Nicat müəllim.

Musa Muradlı-Baxar.az