Bərdədə suvarma infrastrukturunun inkişafı üçün mühüm layihə həyata keçirilir-FOTO

Bərdədə suvarma infrastrukturunun inkişafı üçün mühüm layihə həyata keçirilir-FOTO

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov, Prime Cotton MMC-nin Baş İcraçı direktoru Tural Əlizadə və şirkətin rəhbər heyəti Lənbəran İFT-yə səfər ediblər.
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”-ndan irəli gələn vəzifələrin icrası çərçivəsində görülən işlərlə bağlı İFT ərazisində qurulmuş infrastrukturla tanış olunub. Görüşdə həmçinin Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 7 saylı Qarabağ regional bölməsinin rəhbər və məsul şəxsləri də iştirak etmişdir. Prime Cotton İFT MMC-nin Layihələr və İnzibati işlər üzrə meneceri Oqtay Gülmalıyev tərəfindən Lənbəran kəndində həyata keçirilən işlər və planlaşdırılan suvarma infrastrukturu ilə bağlı ətraflı məlumat təqdim edilib.
Təqdimatda 560 hektar əkin sahəsinin kənd təsərrüfatı istifadəsinə qaytarılması, ərazidə torpaqların hamarlanması, giriş yolları və drenaj sisteminin qurulması, eləcə də suvarma infrastrukturunun inkişafı barədə məlumat verilib.
Azərbaycanda ilk dəfə olaraq Prime Cotton MMC tərəfindən Lənbəran İFT-də qapalı HDPE boru xətti və “Lay-Flat” boru sistemini birləşdirən suvarma həlli tətbiq olunur. Sistem suvarma prosesində su itkilərinin azaldılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə baxımından mühüm üstünlüklər yaradır.
Bununla yanaşı, “land leveling” – torpaqların hamarlanması texnologiyasının tətbiqi ilə suyun əkin sahəsində daha bərabər paylanması və suvarmanın effektivliyinin artırılması nəzərdə tutulur.
Səfər çərçivəsində həmçinin Lənbəran İFT ərazisində yaradılması nəzərdə tutulan balanslaşdırıcı su anbarı ilə bağlı müzakirələr aparılıb.
Təqdimatın sonunda layihə ilə bağlı suallar cavablandırılıb, su ehtiyatlarından daha səmərəli istifadə, müasir suvarma həllərinin tətbiqi və görüləcək növbəti işlər ətrafında fikir mübadiləsi aparılıb.