“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Ulu Öndər Heydər Əliyev
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyi tədbirində
çıxışından
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, zəngin mədəni irsini və dövlətçilik ənənələrini yaşadan ən müqəddəs mənəvi sərvətlərimizdən biridir. Minilliklər boyu formalaşan ana dilimiz xalqımızın düşüncə tərzini, milli-mənəvi dəyərlərini, ədəbiyyatını, incəsənətini və mədəniyyətini nəsildən-nəslə ötürərək bu günümüzə qədər yaşatmışdır. Məhz buna görə də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi müstəqil dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır.
XX əsrin ikinci yarısında, xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycan dilinin hüquqlarının müdafiəsi böyük siyasi iradə və cəsarət tələb edirdi. Həmin dövrdə ana dilinin dövlət dili kimi qorunması uğrunda qətiyyətli mövqe nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna xidmətlər göstərmişdir.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi zamanı Ümummilli Liderin prinsipial mövqeyi nəticəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının Konstitusiyada təsbit olunması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu tarixi qərar milli kimliyimizin, dilimizin və mənəvi dəyərlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi zəmin yaratdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin hüquqi statusu daha da möhkəmləndirildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bunun davamı olaraq 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin əsas hüquqi sənədlərindən birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət dilinin inkişafı sahəsində həyata keçirilən ardıcıl islahatlar Azərbaycan dilinin nüfuzunun daha da yüksəlməsinə xidmət etmişdir. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin tətbiqi sahəsində yeni mərhələnin başlanğıcı olmuş bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Elə həmin ilin 9 avqust tarixli Fərmanı ilə hər il 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmiş, ana dilimizin təbliği və qorunması istiqamətində dövlət siyasətinə yeni məzmun verilmişdir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı, onun elektron məkanda tətbiqinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, dilimizin saflığının qorunması və müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi istiqamətində mühüm dövlət proqramları, fərman və sərəncamlar qəbul edilmişdir.
2013-cü ildə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin müasir inkişaf strategiyasını müəyyənləşdirən mühüm sənədlərdən biridir. Bununla yanaşı, 2018-ci ildə imzalanmış fərmanlarla Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və elektron informasiya məkanında tətbiqinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 2025-ci ildə qəbul edilən yeni fərman isə dövlət dilinin normalarına əməl olunmasına nəzarət və Azərbaycan dilinin inkişafı sahəsində institusional mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Bu fikir hər bir vətəndaş üçün mühüm çağırış olmaqla yanaşı, ana dilimizin qorunmasının milli məsuliyyət məsələsi olduğunu bir daha nümayiş etdirir.
Ümummilli Lider Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” kəlamı isə Azərbaycan dilinin xalqımızın milli varlığında tutduğu müstəsna yeri ən dolğun şəkildə ifadə edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tariximizin, mədəniyyətimizin, milli yaddaşımızın və dövlətçilik ənənələrimizin daşıyıcısıdır.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq soydaşımızı birləşdirən Azərbaycan dili milli həmrəyliyimizin və mənəvi birliyimizin əsas sütunlarından biridir. Dilimizin zənginliyini qorumaq, onu düzgün işlətmək, saflığını gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir soydaşımızı ürəkdən təbrik edir, ana dilimizin əbədi yaşamasını, daha da zənginləşməsini və dünya miqyasında nüfuzunun artmasını arzulayırıq. Azərbaycan dili milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin ən mühüm rəmzlərindən biri olaraq daim yaşayacaq və inkişaf edəcəkdir.

