Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, qurultay nümayəndələri üçün də yaddaqalan anlarla zəngin olub. Qurultayda iştirak edənlər arasında Bərdə rayonunu təmsil edən nümayəndələrdən biri də Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova olub.
Gülbəs Məmmədova qurultayla bağlı təəssüratlarını bölüşərkən bu mötəbər tədbirdə iştirakını ömrünün ən gözəl və qürurverici anlarından biri kimi dəyərləndirib. Onun sözlərinə görə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultaydakı çıxışını dinləmək və onunla eyni məkanda olmaq böyük qürur hissi yaşadıb.
Mədəniyyət işçisi bildirir ki, qurultayın yaratdığı təəssüratlar onun yaddaşında uzun illər, hətta ömrünün sonunadək yaşayacaq:
“Yeni Azərbaycan Partiyasının VIII Qurultayında nümayəndə kimi iştirak etmək, qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin çıxışını dinləmək mənim üçün qürurverici hadisədir. Düşünürəm ki, bu qurultayın təəssüratları uzun illər, bəlkə də ömrümün sonunadək mənimlə yaşayacaq. Bu, həyatımın ən gözəl və yaddaqalan anlarından biridir”.
Gülbəs Məmmədovanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı əhatəliliyi və bütün əsas istiqamətlərə toxunması ilə diqqət çəkib. Ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın müdafiəsi və təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət ayrılması qurultay iştirakçılarında böyük maraq doğurub.
O, dövlət başçısının ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı qətiyyətli mövqeyini xüsusilə yaddaqalan məqam kimi qeyd edib.
“Cənab Prezidentin çıxışı çox maraqlı və məzmunlu idi. Xüsusilə Azərbaycanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı qətiyyətli çıxışı yaddaşımda xüsusi iz buraxdı. Bu çıxış bir daha dövlətimizin gücünü, xalqımızın gələcəyə inamını və ölkəmizin milli maraqlarının qətiyyətlə qorunduğunu göstərdi”, – deyə Gülbəs Məmmədova bildirib.
Bərdə rayonunu qurultayda təmsil etməkdən qürur duyduğunu vurğulayan mədəniyyət işçisi ona göstərilən etimadı yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib:
“Bu mötəbər məclisdə iştirakım üçün mənə göstərilən etimada görə YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskayaya dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Bu etimadı böyük məsuliyyət kimi qəbul edirəm. Qurultayda iştirak etmək mənim üçün həm böyük şərəf, həm də unudulmaz həyat təcrübəsidir”.
Gülbəs Məmmədova hesab edir ki, VIII Qurultayda səslənən fikirlər və qəbul edilən qərarlar Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunun və qarşıdakı hədəflərinin aydın göstəricisidir. Onun üçün isə bu qurultay həm siyasi baxımdan mühüm hadisə, həm də ömrünün ən gözəl xatirələrindən biri kimi yadda qalacaq.
Musa Muradlı-Baxar.az



