Bərdədə toy mərasimlərində süfrələrin həddindən artıq çeşidlə doldurulması və bunun böyük israfa səbəb olması son zamanlar diqqət çəkən məsələlərdəndir.
Toy süfrələrində soyuq qəlyanaltı kimi üç cür kolbasa, üç cür salat, soyutma toyuq, qril ,blinçik, müxtəlif pendirlər,bal -yağ, iki cür ikra, göyərti, xiyar-pomidor, zeytun və bir neçə növ şoraba təqdim olunur.
Bunun ardınca meyvə, çərəz və dondurma da süfrəyə gətirilir.
İsti yeməklərin çeşidi isə daha da çox olur. Şalanpur, balıq, tikə, lülə, bastırma, toyuq, bildirçin, ciyər ,kartof külləmə və aş – bütün bunların eyni süfrədə təqdim edilməsi nə dərəcədə zəruridir?
Bunlarla yanaşı, müxtəlif qazlı içkilər, şirələr, kompotlar, iki növ çörək və lavaş da süfrələrdə yer alır.
Məsələnin digər tərəfi isə musiqi xərcləridir. Bəzi toy sahibləri bahalı müğənnilərə və musiqiçilərə böyük məbləğlər ödəyirlər. Tanınmış ifaçıların iki saatlıq çıxışına görə qiymətlərin 5 min manatdan başladığı da bildirilir.
Bütün bunlar toy hazırlıqlarının ailələr üçün ciddi maliyyə yükünə çevrilməsinə səbəb olur. Toydan əvvəl oğlan evi qızıl və geyim alır, qız evi isə cehiz hazırlayır. Beləliklə, ailələr həm toy xərcləri, həm də toyöncəsi digər məsrəflərlə üz-üzə qalırlar.
Əslində toy insanların sevincini bölüşdüyü, ailələrin bir araya gəldiyi mərasim olmalıdır. Bu qədər çeşidin hazırlanması isə çox vaxt süfrədə qalan və sonradan istifadə olunmayan ərzaqların israfına gətirib çıxarır.
İsrafçılıq isə həm maddi baxımdan ailələrə yükdür, həm də mənəvi cəhətdən düşündürücüdür. Axı toyda əsas məqsəd süfrəni mümkün qədər çox yeməklə doldurmaq deyil, xoş gün keçirmək və yaxınlarla sevinci bölüşməkdir.
Bəlkə də artıq toylarımızda “kim daha çox yemək qoydu?” yarışından uzaqlaşıb, daha sadə və israfın minimum olduğu mərasimlərə üstünlük verməyin vaxtıdır.
