“III ixtisas qrupunda rəqabət daha gərgin olacaq” – Ramin Nurəliyev

“III ixtisas qrupunda rəqabət daha gərgin olacaq” – Ramin Nurəliyev

“İxtisas seçimi başa çatıb və nəticələrin açıqlanması gözlənilir. Bildiyiniz kimi, bu il ali təhsil müəssisələrində təxminən 61 min plan yeri var. Buna qarşılıq, 87 minə yaxın abituriyent ixtisas seçimi edib. Beləliklə, təxminən 25 min abituriyentin plan yerlərindən kənarda qalacağı və ali təhsil müəssisələrinə qəbul ola bilməyəcəyi gözlənilir. Onların böyük qismini isə III ixtisas qrupunun abituriyentləri təşkil edir. Ümumilikdə ixtisas qrupları üzrə fikrimi bildirsəm, I ixtisas qrupunda yüksək ballarda ciddi problem olmayacaq və balların müəyyən qədər aşağı düşməsi müşahidə olunacaq. Orta ballarda isə vəziyyət stabil görünür və ötən illə müqayisədə ciddi fərq olmayacaq. Sadəcə, I qrupun həm riyaziyyat-informatika, həm də riyaziyyat-kimya istiqamətlərində ixtisasdan asılı olaraq balların təxminən 5-25 bal arasında aşağı düşməsi ehtimal olunur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi artıq başa çatıb. Hazırda abituriyentləri maraqlandıran əsas məsələ seçdikləri ixtisaslar üzrə qəbul şansları və bu il hansı istiqamətlərdə keçid ballarının daha yüksək olacağıdır. Xüsusilə plan yerlərinin sayı, ixtisaslara olan maraq və abituriyentlərin seçimləri rəqabətin səviyyəsinə birbaşa təsir edən əsas amillər sırasında yer alır. Nəticələrin açıqlanmasına sayılı günlər qaldığı bir vaxtda builki qəbul prosesində hansı ixtisaslar üzrə daha yüksək rəqabətin formalaşdığı da diqqət çəkir.

Ekspert qeyd edib ki, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində plan yerlərinin azalması bəzi ixtisaslar üzrə keçid ballarının daha çox dəyişməsinə səbəb ola bilər.

“Burada təxminən 15 bala qədər enmə ehtimalı var. Orta ballarda isə ciddi azalma gözlənilmir, dəyişiklik təxminən 5 bal civarında ola bilər. Xüsusilə 350 baldan aşağı nəticələrdə isə balların tədricən artmağa başlayacağı ehtimal edilir. Ən aşağı ballarda bu artım 5-10 bala qədər çata bilər. I ixtisas qrupunda daha bir mühüm məqam dövlət sifarişli yerlərin artırılmasıdır. Xüsusilə riyaziyyat-informatika istiqamətində dövlət sifarişli yerlərin sayının artırılması regionlarda 250-300 bal aralığında olan abituriyentlər üçün ödənişsiz təhsil imkanlarını genişləndirəcək. İnformasiya texnologiyaları və kompüter yönümlü ixtisaslarda da bu imkanların artacağı gözlənilir. II ixtisas qrupunda yüksək ballarda, xüsusilə 450 baldan yuxarı nəticələrdə ixtisasdan asılı olaraq balların təxminən 5-10 bal aşağı düşməsi ehtimal olunur. Orta ballarda vəziyyət stabil qalacaq. Aşağı ballarda isə müəyyən qədər artım müşahidə oluna bilər. Xüsusilə Rus bölməsində bu artım daha ciddi özünü göstərəcək. II qrupun aşağı ballarında böyük dəyişiklik gözlənilmir. Bəzi ixtisaslarda, xüsusilə Bakı şəhərində plan yerlərinin azalması səbəbindən təxminən 5 bal civarında artım və ya azalma ola bilər. Plan yerlərinin azalması rəqabətin artmasına və nəticə etibarilə keçid ballarının yüksəlməsinə səbəb olur. III ixtisas qrupunda isə vəziyyət daha gərgindir. Burada bəzi ixtisaslarda balların təxminən 10 bala qədər aşağı düşməsi ehtimal olunur. Lakin Bakı şəhərində plan yerlərinin, xüsusilə pedaqoji ixtisaslar üzrə yerlərin azalması bu enişi məhdudlaşdıra bilər. Buna görə də orta ballarda ya sabitlik, ya da cüzi artım müşahidə oluna bilər. III qrupun aşağı ballarında isə vəziyyət kifayət qədər gərgindir. Xüsusilə 350 baldan aşağı nəticələrdə balların yüksəlməsi gözlənilir. Bu artım Rus bölməsində daha qabarıq olacaq. Bu il Rus bölməsində yüksək nəticə göstərən abituriyentlərin sayının çox olması rəqabəti artıracaq. Bununla yanaşı, Rus bölməsi üzrə ixtisasların sayının azalması və abituriyentlərin Azərbaycan və Rus bölmələri üzrə birgə ixtisaslara yönəlməsi də Rus bölməsində qəbul imkanlarını məhdudlaşdırır. Nəticədə xüsusilə aşağı ballarda keçid ballarının yüksəlməsi qaçılmaz görünür. Rus bölməsində ixtisasdan asılı olaraq 5-30 bal arasında artım ehtimalı var. Yüksək ballarda isə ciddi dəyişiklik gözlənilmir, bəzi ixtisaslarda cüzi azalma mümkündür. III qrupun TC altqrupunda isə vəziyyət daha gərgindir. Burada 30-70 bal arasında artım müşahidə olunması ehtimal edilir. Bu artım həm aşağı, həm də yüksək ballarda özünü göstərə bilər. Məsələn, beynəlxalq münasibətlər ixtisasında keçid balının təxminən 50 bal artması real görünür. Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetindəki regionşünaslıq ixtisaslarında da 30-50 bal civarında artım ehtimalı var. IV ixtisas qrupunda, xüsusilə tibb ixtisaslarında balların təxminən 15-20 bal artması gözlənilir. Orta ballarda isə artım daha az olacaq və təxminən 10 bal civarında dəyişə bilər. Bunun əsas səbəblərindən biri biotexnologiya ixtisasının həm Bakı Mühəndislik Universitetində, həm də Neft və Sənaye Universitetində açılmasıdır. Bu, təxminən 550 bal ətrafında nəticə göstərən abituriyentlər üçün əlavə qəbul imkanları yaradacaq və ümumi bal artımını müəyyən qədər məhdudlaşdıracaq. Çünki yeni ixtisasların açılması əlavə olaraq təxminən 100 abituriyentin qəbul imkanının yaranması deməkdir. IV qrupun aşağı ballarında isə ötən illə müqayisədə vəziyyətin təxminən eyni səviyyədə qalacağını proqnozlaşdırıram. V ixtisas qrupunda isə dizayn və incəsənət ixtisaslarında balların aşağı düşməsi ehtimal olunur. Bu ixtisaslarda nəticələr əsasən buraxılış imtahanının göstəricilərinə əsasən qiymətləndirildiyi üçün və builki imtahanın çətinliyini nəzərə alsaq, balların təxminən 10-15 bal aşağı düşəcəyi ehtimalını irəli sürmək olar. Ümumilikdə, Rus bölməsində vəziyyət daha gərgin olacaq. Xüsusilə II və III ixtisas qruplarında ciddi artım gözlənilir. Digər tərəfdən, I, II və III qrupların Azərbaycan bölməsində yüksək ballarda müəyyən qədər azalma ehtimal olunur. Bu, təbii ki, ixtisasdan asılı olaraq dəyişəcək. Aşağı ballarda isə daha ciddi rəqabət formalaşacaq. Əsas məqamlardan biri Dövlət İmtahan Mərkəzinin 150 ballıq ixtisasların sayını I və II ixtisas qruplarında artırmasıdır. Hesab edirəm ki, bu qərar əvvəlki illərdə boş qalan plan yerlərinin sayını minimuma endirəcək. Məsələn, ötən il qəbul imtahanından sonra təxminən 4 minə yaxın plan yerinin boş qaldığını gördük. Həmin yerlərə isə müsabiqə şərtlərini ödəməyən abituriyentlərin müraciət etməsi mümkün deyildi. Bu il I və II ixtisas qruplarında 150 ballıq ixtisasların sayının artırılması həmin yerlərin də dolmasına imkan yaradacaq. Nəticədə əvvəlki illərdə boş qalan plan yerlərinin sayının bu il yarıdan da aşağı düşəcəyi gözlənilir. Yəni 61 min plan yerinin təxminən 58-59 mininin dolması ehtimal olunur, hətta bu göstərici daha yüksək də ola bilər. Artıq həmin ixtisasların boş qalması ehtimalı demək olar ki, minimuma enib. Bunu əvvəlki qəbul prosesində də müşahidə etdik. Hətta perspektivi aşağı hesab olunan meşəçilik, şərabçılıq və balıqçılıq kimi ixtisasların belə 150 ballıq müsabiqəyə daxil edildikdən sonra dolduğunun şahidi olduq. Bu il həmin ixtisasların da 150 ballıq kateqoriyaya daxil edilməsi onların tam dolmasına və əvvəlki illərdə boş qalan plan yerlərinin minimuma enməsinə səbəb olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az