Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər 

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər 

Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni və mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçısının mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirdi. Səfər zamanı əldə olunan razılaşmalar siyasi dialoqdan iqtisadi əməkdaşlığa, investisiya layihələrindən humanitar əlaqələrə qədər geniş sahələri əhatə edərək gələcək tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.

Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, müttəfiqlik münasibətləri təkcə siyasi iradənin ifadəsi deyil, eyni zamanda böyük məsuliyyət deməkdir və Azərbaycan bu məsuliyyəti tam şəkildə bölüşməyə hazırdır.

Bu yanaşma iki ölkənin gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini, təhlükəsizlik məsələlərində əməkdaşlığını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsini və regional sabitliyin möhkəmləndirilməsinə yönəlmiş birgə fəaliyyətini daha da gücləndirəcək. Dövlət başçısı vurğuladı ki, səfər zamanı imzalanan geniş sənədlər paketi münasibətlərin müxtəlif istiqamətlər üzrə sistemli inkişafına xidmət edəcək və əldə olunan bütün razılaşmaların uğurla həyata keçiriləcəyinə əminlik ifadə olundu.

Səfərin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artırılması barədə qəbul edilən qərar oldu. Fondun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Bu qərar Qırğızıstanda birgə investisiya layihələrinin həyata keçirilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iki ölkənin iqtisadi potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar açır. Prezident İlham Əliyev bildirdi ki, Fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir və gələcəkdə onun maliyyə imkanlarının daha da artırılması istisna edilmir.

Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş beşulduzlu “Baku Resort & SPA” mehmanxanasının açılışı da iqtisadi əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirildi. “Bakı” adını daşıyan bu layihə təkcə turizm sektoruna töhfə vermir, həm də Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qarşılıqlı etimadın rəmzinə çevrilir.

Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin tikintisi və istifadəyə verilməsi qardaş ölkənin Qarabağın dirçəldilməsinə verdiyi dəstəyin parlaq nümunəsidir.

Bu layihə yalnız təhsil infrastrukturu deyil, eyni zamanda Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun, ortaq tarixə və mədəni dəyərlərə bağlılığın simvolu kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Qırğız xalqının Qarabağın yenidən qurulmasına verdiyi töhfəyə görə minnətdarlığını bir daha ifadə etdi.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Qırğızıstanı yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən humanitar layihələr bu münasibətləri daha da möhkəmləndirib.

Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının yaradılması, hər iki ölkədə keçirilən Mədəniyyət Günləri xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev qeyd etdi ki, bu cür təşəbbüslər ortaq köklərə malik xalqların yaxınlaşmasına, mədəni dialoqun genişlənməsinə və gələcək nəsillərin dostluq ruhunda yetişməsinə mühüm töhfə verir.

Səfər zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının daha da genişlənməsi oldu. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarına Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Bu qərar Azərbaycanın türk dünyası ilə inteqrasiyasının, regional əməkdaşlığın və siyasi dialoqun inkişafına verilən önəmin göstəricisi olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiyada artan nüfuzunu da təsdiqləyir.

Dövlət səfəri çərçivəsində Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsinin daha bir göstəricisi olaraq qarşılıqlı ali dövlət mükafatları təqdim edildi.

Prezident İlham Əliyev Qırğız Respublikasının ən yüksək dövlət mükafatı olan I dərəcəli “Manas” ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olundu.

Bu qarşılıqlı mükafatlandırma iki ölkə arasında formalaşmış etibarlı tərəfdaşlığın, dostluğun və strateji əməkdaşlığın yüksək qiymətləndirilməsinin ifadəsi kimi böyük siyasi və mənəvi əhəmiyyət daşıyır.

Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafına yönəlmiş Çolpon-Ata Bəyannaməsinin qəbul olunmasıdır. Bu sənəd qarşılıqlı fəaliyyətin genişləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm yol xəritəsi hesab olunur.

Bəyannamə Azərbaycanın Mərkəzi Asiya regionu ilə münasibətlərinin daha sistemli və institusional əsasda inkişaf etdirilməsinə yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, geniş sənədlər paketinin imzalanması, investisiya əməkdaşlığının genişləndirilməsi, Qarabağın bərpasına göstərilən dəstək, humanitar layihələrin həyata keçirilməsi və Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmləndirilməsi bu səfərin əsas nəticələri kimi tarixə düşdü.

Bütün bunlar onu göstərir ki, ortaq tarixə, dilə, mədəniyyətə və qardaşlıq dəyərlərinə söykənən Azərbaycan-Qırğızıstan münasibətləri bundan sonra da qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edərək həm iki ölkənin milli maraqlarına, həm də türk dünyasında birliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.