Şəkidə kənd məktəblərindən biri bağlanacaq?

Şəkidə kənd məktəblərindən biri bağlanacaq?

Şəkinin Daşbulaq kənd orta məktəbinin bağlanacağı ilə bağlı iddialar kənd sakinlərinin narazılığına səbəb olub.

Bu barədə sosial şəbəkədə şikayət paylaşılıb.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyi şagird sayının az olmasını əsas gətirərək məktəbi bağlamağı və təhsili distant formaya keçirməyi planlaşdırır.

Vurğulanıb ki, Daşbulaq kəndində uzun illərdir işsizlik və içməli su problemi olmasına baxmayaraq, sakinlər kənddə yaşamağa davam edirlər.

“Məktəbin bağlanması kəndin tamamilə boşalmasına səbəb ola bilər. Kəndə gedən yolun vəziyyəti qənaətbəxş deyil. Bu səbəbdən şagirdlərin digər kəndlərdə yerləşən məktəblərə gedərək təhsil alması da çətin görünür. Çünki, onları o kəndə bağlayan mənəvi dəyərlər var. Əgər məktəbi də bağlasalar, kənd tamamilə boşalacaq. Kəndin yolu da normal deyil ki, şagirdlər digər kəndlərə gedib təhsil alsınlar. 90-cı illərin sonlarına kimi bu məktəbdə 100-dən çox şagird təhsil alıb. İndi bu say 29 nəfərə düşüb. Büdcədən 400 min manata yaxın pul xərcləyib kənddə 80 yerlik modul məktəb inşa edilib. Bunlar da bir yana, bu məktəbdən neçə insan evinə çörək aparır. Tutaq ki, müəllimlərə başqa kəndlərin məktəblərində dərs verildi. Bəs bu məktəbin xadiməsi, gözətçisi, minimum əməkhaqqı ilə dolanan işçilərinin taleyi necə olacaq?” – deyə şikayətdə bildirilib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“2026-2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur.

Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur”. Oxu.az