- Bazar günü söhbətləri
Su kimi olmaq: Yumşaqlıq həqiqətən zəiflikdirmi?
“Dünyada sudan daha yumşaq və zəif görünən heç nə yoxdur. Amma sərt və möhkəm olanı məhz su aşındırır.”
Lao Tszi – “Dao De DzinBu cümləni ilk dəfə oxuyanda kitabı bağladım.
Səbəbi sadə idi.
İnanmadım.
Çünki həyat mənə tamam başqa şey öyrətmişdi.
Uşaqlıqdan bizə “daş kimi möhkəm ol” deyiblər. “Heç kimə boyun əymə”, “Sərt olmasan, səni əzərlər”, “Güzəşt etmə”…
Heç kim “su kimi ol” deməyib.
Ona görə də Lao Tszinin bu fikrini uzun müddət gözəl səslənən, amma həyata o qədər də uyğun gəlməyən bir müdriklik hesab etmişdim.
Aradan illər keçdi.Məni dəyişən kitab olmadı.Həyat oldu.
Məhkəmə zalları, çətin danışıqlar, idarəetmədə rastlaşdığım insanlar, bəzən isə adi gündəlik söhbətlər.
Orada qəribə bir qanunauyğunluq gördüm.
Ən sərt görünən adam həmişə ən güclü olmurdu.
Bəzən onun sərtliyi daxilində gizlətdiyi narahatlığın maskası idi.
Əvəzində elə insanlar vardı ki, səsini qaldırmırdı, özünü sübut etməyə çalışmırdı. Amma qərar veriləndə çox vaxt hamı dönüb onların fikrini soruşurdu.
Onda düşündüm ki, bəlkə Lao Tszi sudan danışmır.İnsandan danışır.Uşaqlıqdan bir alqışı da tez-tez eşitmişəm:
“Su qədər ömrün olsun.”Bu sözün üzərində uzun illər düşünməmişdim.
Sonra öz-özümə sual verdim:
Niyə məhz su?
Niyə “daş qədər ömrün olsun” demirlər?
Yəqin ki, səbəbi suyun təkcə yaşatmaması deyil.
Su axır.Yolunu tapır.
Dayansa bulanır, axanda durulur.
Həm həyat verir, həm də qarşısına çıxan maneələrlə savaşmadan onları zamanın içində dəyişdirir.
Mənə elə gəlir ki, xalq hikmətimiz də suya buna görə xeyir-dua kimi baxıb.
Lao Tszi bunu fəlsəfə dili ilə deyirdi.Bizim xalq isə bir cümlə ilə:
“Su qədər ömrün olsun.”Bir dəfə dağ çayının kənarında xeyli dayanmışdım.
Su iri qayaya dəyirdi.Onu nə itələyirdi.Nə də sındırmağa çalışırdı.Sadəcə axırdı.
Onda düşündüm ki, bəlkə güc həmişə qalib gəlməkdə deyil.Bəlkə güc öz yolunu tapa bilməkdədir.
Biz çox vaxt maneəni hökmən dağıtmaq istəyirik.
Su isə başqa cür davranır.Maneəni inkar etmir.Onun ətrafından keçir.Bəzən altından.Bəzən yanından.
Amma dayanıb qalmır.Lao Tszi, məncə, məhz bunu demək istəyirdi.
Prinsipini qoru, amma yolunu şəraitə uyğun seç.Uzun illər hüquq sahəsində çalışarkən bunun çox nümunəsini görmüşəm.
Məhkəmə zalında səsini ən çox qaldıran tərəf heç də həmişə haqlı olmurdu.
Qərarı emosiyalar yox, sübutlar müəyyən edirdi.Amma həyat mənə bunu yalnız məhkəmədə öyrətmədi.Bir ailə münaqişəsi yadımdadır.Hər iki tərəf danışırdı.Heç kim dinləmirdi.Mübahisə böyüdükcə həqiqət kiçilirdi.Sonra yaşlı bir qadın sakitcə dedi:
“İndi bir-birinizi yox, özünüzü eşidirsiniz.”Otaqda sükut yarandı.Həmin sükut bəlkə də uzun mübahisədən daha təsirli idi.İdarəetmədə də buna bənzər vəziyyətlərlə rastlaşmışam.
Əmr vermək asandır.İnsanları inandırmaq daha çətindir.Birincisi vəzifədən gəlir.İkincisi etibardan.
Su mənə elə gəlir ki, etibara bənzəyir.O, özünü qəbul etdirmir.Amma onsuz həyat mümkün deyil.
Son illər başqa bir şeyi də daha aydın hiss edirəm.
Biz gücü çox vaxt yanlış yerdə axtarırıq.Sərt danışanı qətiyyətli hesab edirik.
Dinləməyi bacaranı tərəddüdlü.Susanı zəif.Halbuki dinləmək də iradə tələb edir.
Susmaq da bəzən danışmaq qədər cəsarət istəyir.Güzəşt etmək isə həmişə prinsipindən imtina etmək demək deyil.
Su qabın formasını qəbul edir.Amma mahiyyətini dəyişmir.Bəlkə insan da belə olmalıdır.
Şəraitə uyğunlaşmalıdır.Amma dəyərlərini itirməməlidir.
Lao Tszi ilə bu gün də bütün fikirlərdə razı deyiləm.
Yəqin ki, o da bunu istəməzdi.Yaxşı kitab insanı öz tərəfinə çəkmir.Onu düşünməyə məcbur edir.
İndi hər dəfə axan suya baxanda öz-özümə eyni sualı verirəm:Görəsən, həqiqi güc qayanın sərtliyindədir, yoxsa suyun səbrində?
Bu sualın qəti cavabını hələ də tapa bilməmişəm.Bəlkə də bəzi sualların dəyəri onların cavabında deyil.İnsanı ömür boyu düşündürə bilməsindədir.

Posted inCəmiyyət
