23 saat 43 dəqiqə: Bərdədə Zəfər gününün unudulmayan xatirələri

23 saat 43 dəqiqə: Bərdədə Zəfər gününün unudulmayan xatirələri


19 sentyabr 2023-cü ildə başlayan antiterror tədbirləri 23 saat 43 dəqiqə sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Həmin tarixi günlərdə ön cəbhədə olduğu kimi, arxa cəbhədə də böyük fədakarlıq nümayiş etdirildi. Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi həmin günlərin ən mühüm ünvanlarından biri oldu. Xəstəxananın direktoru Vüsal Məmmədov üç il əvvəl yaşananları xatırlayarkən həmkarlarının gecə-gündüz demədən göstərdiyi xidmətdən, yaralıların müalicəsindən və Zəfər xəbərinin yaratdığı duyğulardan danışır.
23 saat 43 dəqiqə…
Bəzən tarixi bir hadisəni yadda saxlamaq üçün illər, bəzən isə cəmi bir neçə rəqəm kifayət edir.
Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən 19–20 sentyabr 2023-cü il hadisələri də yaddaşlarda 23 saat 43 dəqiqə ilə həkk olundu.
Həmin müddətdə ön cəbhədə Azərbaycan Ordusunun hərbçiləri qarşıya qoyulan vəzifələri yerinə yetirirdisə, arxa cəbhədə həkimlər, tibb işçiləri və digər xidmət sahələrinin əməkdaşları öz missiyalarını böyük məsuliyyətlə davam etdirirdilər.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında da gərgin iş rejimi hökm sürürdü.
“Onlar hər biri bir qəhrəmandı…”
Xəstəxananın direktoru Vüsal Məmmədov həmin günləri xatırlayarkən kollektivin fəaliyyətini xüsusi qeyd edir.
Onun sözlərinə görə, müxtəlif ixtisaslardan olan həkimlər qısa müddətdə səfərbər olunaraq xəstəxanaya gəlir, yaralıların qəbuluna və müalicəsinə cəlb olunurdular. Həkimlər gecə-gündüz demədən, yorulmadan fəaliyyət göstərirdilər.
Məmmədov həmin günlərdə çəkilən bəzi fotoları paylaşa bilmədiyini bildirərək həmkarlarını belə xatırlayır:


“Qısa vaxtda bütün ixtisaslardan səfərbər olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına gələn və yorulmadan, gecə yatmadan öndə verilən mücadiləyə paralel arxa cəbhədə fəaliyyət göstərən həkim ordusu… Onlar hər biri bir qəhrəmandı.”
Xəstəxanada işin düzgün təşkili üçün tibb əməkdaşları qruplara bölünür, bütün proses koordinasiyalı şəkildə həyata keçirilirdi. Hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirirdi.
Vüsal Məmmədov bunu “qruplara bölünərək koordinasiyalı, operativ, bütöv bir bədən kimi fəaliyyət” kimi xarakterizə edir.
Qələbə xəbəri və ilk kollektiv süfrə
23 saat 43 dəqiqəlik əməliyyatın başa çatması ilə Azərbaycan xalqı Zəfər xəbərini aldı.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi üçün də bu xəbər uzun və gərgin saatlardan sonra böyük sevinc demək idi. Lakin işlərin çoxluğu səbəbindən həkimlərin bir araya gəlməsi, birlikdə ilk axşam yeməyinə oturması belə gecikmişdi.
Vüsal Məmmədov həmin anı xüsusi hisslərlə xatırlayır:
“İki günün sonunda qələbə sevinci ilə, lakin işlərin çoxluğundan gecikmiş ilk kollektiv axşam yeməyi. Hər şey fərqli idi, hər şey bambaşqaydı. O hisslər yaşanır, anladılmaz tipdən.”
Bu, sadəcə bir kollektiv yeməyi deyildi. Arxada gərgin saatlar, qarşıda isə böyük Zəfərin yaratdığı sevinc vardı.
“Biz qayıtdıq!”
Antiterror tədbirlərinin nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu.
Vüsal Məmmədov həmin günlərdə gördüklərini Azərbaycan xalqının birlik və fədakarlığının nümunəsi kimi qiymətləndirir. Onun xatirələrində hərbçilərlə yanaşı, yaralıların həyatını xilas etmək üçün gecə-gündüz çalışan həkimlərin də xüsusi yeri var.
“Ümummilli Liderin dedikləri bir-bir gerçək oldu: biz qayıtdıq!” – deyə o, qeyd edir.
Üç il sonra – Kəlbəcərdə
Tarixin ən maraqlı tərəflərindən biri isə üç il sonra yaşanan mənzərədir.
Antiterror tədbirlərinin ildönümündən əvvəl Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi Kəlbəcərdə sakinlərin tibbi müayinəsində iştirak edib.
Üç il əvvəl yaralıların müalicəsi üçün səfərbər olan həkimlər bu dəfə azad edilmiş Kəlbəcərdə yerli sakinlərə tibbi xidmət göstərirdilər.
Kəlbəcərdə məktəbə gedən uşaqların görüntüsü isə bu dəyişimin ən canlı nümunələrindən biridir.
Bir vaxtlar həsrətlə gözlənilən qayıdış bu gün həyatın müxtəlif sahələrində özünü göstərir: insanlar doğma torpaqlarına qayıdır, uşaqlar məktəbə gedir, həkimlər sakinlərin sağlamlığının keşiyində dayanırlar.
Bir tarixin iki günü
19–20 sentyabr 2023-cü il Azərbaycan tarixində 23 saat 43 dəqiqəlik bir zaman kəsiyi kimi yadda qaldı. Lakin həmin saatların arxasında illərlə davam edən həsrət, mübarizə və gözlənti dayanırdı.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi üçün isə bu tarix həm də öz peşə borcunu ən çətin şəraitdə yerinə yetirdiyi günlər kimi yadda qalıb.


Ön cəbhədə döyüşən Azərbaycan əsgəri, arxa cəbhədə yaralıların həyatını xilas edən həkim və tibb işçisi – hər biri həmin tarixin özünəməxsus qəhrəmanlıq salnaməsinin bir parçasıdır.
Üç il sonra Kəlbəcərdə məktəbə gedən uşaqların, doğma yurdlarında yaşayan sakinlərin və onlara tibbi xidmət göstərən Bərdə həkimlərinin görüntüsü isə 23 saat 43 dəqiqənin nəticəsini göstərən canlı tarixdir.
Bu tarix şəhidlərin xatirəsi, qazilərin şücaəti və Zəfərin yaşanmasında əməyi olan hər kəsin fədakarlığı ilə yazılıb.

Musa Muradlı-Baxar.az