Bərdədə Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə “Dünya mədəniyyətinin şah əsəri” adlı ədəbi-bədii gecə keçirilib.
Azərbaycan xalqının zəngin mənəvi irsinin, milli musiqi mədəniyyətinin ən qiymətli incilərindən biri olan muğam əsrlərdir ki, xalqımızın duyğularını, düşüncələrini, sevincini və kədərini özündə yaşadır. Bu qədim sənət nümunəsinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Bərdədə 26 avqust — Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə “Dünya mədəniyyətinin şah əsəri” adlı ədəbi-bədii gecə təşkil olunub.
Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzi və Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Mədəniyyət Mərkəzinin əməkdaşı Samirə Xəlilovanın aparıcılığı ilə baş tutub.

Tədbirin açılışında Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova çıxış edərək Azərbaycan muğamının xalqımızın milli-mədəni həyatındakı əvəzsiz rolundan danışıb. Bildirib ki, muğam Azərbaycan xalqının əsrlər boyu formalaşan musiqi düşüncəsinin, zəngin mənəvi dünyasının və milli yaddaşının ifadəsidir.

Qeyd olunub ki, 2003-cü ildə UNESCO Azərbaycan muğamını “Bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edib. Bununla da Azərbaycan muğamı beynəlxalq səviyyədə dünya mədəni irsinin nadir incilərindən biri kimi öz layiqli qiymətini alıb.
Azərbaycan muğamının müasir inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi rolu vurğulanıb. Fondun muğam sənətinin qorunması, təbliği və dünyada tanıdılması istiqamətində reallaşdırdığı çoxsaylı layihələr bu qədim sənətin beynəlxalq aləmdə daha geniş tanınmasına mühüm imkanlar yaradıb.
Çıxış zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə muğam sənətinin inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərin də əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra tədbir bədii hissə ilə davam edib.

Muğamın kövrək və sehrli sədaları gecənin ab-havasına xüsusi ovqat bəxş edib. Fəxri mədəniyyət işçisi Reyhan Rəcəbova, müğənnilər Ərəstun Əliyev və Yasin Əkbərov ifa etdikləri muğamlarla tamaşaçılara sənətin özünəməxsus ruhunu yaşadıblar.

Ətayə Musayeva, Müşfiqə Məmmədova və Yaqut Tağıyeva isə Azərbaycan klassiklərinin şeir və qəzəllərini yüksək qiraət ustalığı ilə səsləndiriblər. Şeirin sözlə yaratdığı poetik ovqat muğamın ecazkar melodiyaları ilə birləşərək gecəyə xüsusi bədii ahəng qatıb.

Musiqi ilə poeziyanın vəhdəti tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Gecə boyu səslənən muğamlar və klassik poeziya nümunələri milli sənətimizin zənginliyini bir daha nümayiş etdirib.

“Dünya mədəniyyətinin şah əsəri” adlı ədəbi-bədii gecə bir həqiqəti bir daha xatırladıb: muğam sadəcə musiqi deyil. O, Azərbaycan xalqının tarixi yaddaşı, mənəvi dünyası və milli kimliyinin ayrılmaz parçasıdır.
Bu böyük sənət xəzinəsini qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Çünki muğamın səsində xalqımızın keçmişi, bu günü və gələcəyə olan inamı yaşayır.
Musa Muradlı-Baxar.az
