Lənbəran kəndində pambıqçı fermerlərlə görüş keçirilib-FOTOLAR

Lənbəran kəndində pambıqçı fermerlərlə görüş keçirilib-FOTOLAR

Bərdə Rayon İcra Hakimiyyətinin və “Prime Cotton” MMC-nin Bərdə filialının təşkilatçılığı ilə rayonun Lənbəran kəndində pambıqçı fermerlərlə maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”-ndan irəli gələn vəzifələrin, xüsusilə pambıqçılığın inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin rayon ərazisində icrasını müzakirə etmək olub.

Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, “Prime Cotton” MMC-nin rəhbər və məsul şəxsləri, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 7 saylı Qarabağ regional bölməsinin rəhbər və məsul şəxsləri, həmçinin pambıqçı fermerlər iştirak ediblər.

Görüşdə pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması, aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, suvarma suyundan səmərəli istifadə, müasir becərmə üsullarının tətbiqi və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Aidiyyəti qurumların nümayəndələri fermerlərə mövcud imkanlar və qarşıda duran vəzifələr barədə məlumat verib, onların suallarını cavablandırıblar. Fermerlərin təklif və problemləri dinlənilərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Dövlət Proqramında qarşıya qoyulan hədəflərin reallaşdırılması, dövlət qurumları, emal müəssisələri və fermerlər arasında əməkdaşlığın gücləndirilməsi və pambıqçılığın rayon iqtisadiyyatında rolunun daha da artırılmasının vacibliyi vurğulanıb.

 

Screenshot