Azərbaycan ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olub. Bu tarixi qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region ölkələri ilə münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı etimadı nümayiş etdirir. Bu qərarın irəli sürülməsində Türkmənistanın və şəxsən Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü xüsusi qeyd olunur.
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən etibarən ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə olan qarşılıqlı iradəni göstərir. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşa edilməsi xalqlarımız arasında dostluğun, qardaşlığın və mənəvi yaxınlığın daha bir mühüm təzahürüdür.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari və investisiya sahələrində də sürətlə genişlənir. Qarşılıqlı yüksək səviyyəli səfərlər müntəzəm xarakter alıb, iqtisadi-ticari əməkdaşlıq güclənib, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.
Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Kapitalı yüz milyonlarla dollar təşkil edən bu fondlar yeni birgə layihələrin həyata keçirilməsi, istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün böyük imkanlar yaradır. Mövcud potensialdan daha fəal istifadə etməklə yalnız qarşılıqlı ticarəti artırmaq deyil, eyni zamanda birgə investisiya qoymaq, istehsal yaratmaq və xarici bazarlara birgə çıxmaq əsas məqsədlərdən olmalıdır
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Qardaş ölkələrin Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Bu layihələr həm azad edilmiş ərazilərin bərpasına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafında getdikcə daha mühüm rol oynayır. Azərbaycanın dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayələr yatırması Mərkəzi Asiyanı Azərbaycan üzərindən beynəlxalq bazarlarla birləşdirən nəqliyyat imkanlarını genişləndirir. Xəzər dənizi vasitəsilə yükdaşımaların həcminin artması bu marşrutların strateji əhəmiyyətini daha da artırır.
Orta Dəhlizin inkişafı bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Məqsəd marşrutların səmərəliliyini və rəqabətqabiliyyətliliyini daha da artırmaqdır. Ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində işlər görülür. Bu layihələr nəqliyyatla yanaşı, regionun rəqəmsal bağlantısının gücləndirilməsinə də xidmət edir.
Energetika sahəsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın digər mühüm istiqamətidir. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin həcmi artır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq genişlənir. Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində fəaliyyət göstərir.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyəti nəqliyyat və energetika layihələri ilə məhdudlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan bütün nailiyyətlərin əsasını təşkil edir. Bu amillər Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin gələcək inkişafı, qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi və regional əməkdaşlığın davamlı xarakter alması üçün mühüm təminatdır.
Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüş çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və regional əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

