Yeni fəaliyyətə başlayan Baxar.az xəbər portalının baş redaktoru Musa Muradlı portalın fəaliyyəti, əsas hədəfləri və gələcək planları ilə bağlı açıqlama verib.
Baş redaktor bildirib ki, Baxar.az ölkədə və dünyada baş verən mühüm hadisələri, aktual xəbərləri, ictimai-siyasi prosesləri, sosial məsələləri və cəmiyyəti maraqlandıran mövzuları oxuculara çatdırmağı qarşıya məqsəd qoyub.
Onun sözlərinə görə, portalın fəaliyyətində operativlik, obyektivlik, dəqiqlik və jurnalistikanın peşə prinsiplərinə sadiqlik əsas prioritetlər olacaq.
Musa Muradlı qeyd edib ki, Baxar.az yalnız xəbər paylaşımı ilə kifayətlənməyəcək, eyni zamanda analitik yazılar, araşdırmalar, müsahibələr, foto və video reportajlar vasitəsilə də ictimaiyyətin informasiya ehtiyacını qarşılamağa çalışacaq.
Baş redaktor vurğulayıb ki, vətəndaşları narahat edən məsələlərin işıqlandırılması, ictimai maraq doğuran problemlərin gündəmə gətirilməsi və aidiyyəti qurumların diqqətinə çatdırılması portalın əsas fəaliyyət istiqamətlərindən biri olacaq.
Baxar.az qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, etibarlı informasiya mənbəyinə çevrilmək və oxucuların etimadını qazanmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

