Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin yol infrastrukturunun yaxşılaşdırılması və şəhərdə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti üzrə etdiyi müraciət əsasında Bərdə şəhərində avtomobil yollarında yol xətlərinin və piyada keçidlərinin yenilənməsi işlərinə başlanılıb.
Aparılan işlər çərçivəsində şəhərin əsas küçə və prospektlərində yol nişanlanma xətləri yenilənir, piyada keçidləri yenidən rənglənərək daha aydın və nəzərəçarpan vəziyyətə gətirilir. Bu işlərin həyata keçirilməsi xüsusilə piyadaların, o cümlədən məktəblilərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Yol xətlərinin yenilənməsi şəhər ərazisində nəqliyyat vasitələrinin hərəkətinin daha nizamlı təşkilinə, sürücülərin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsinə, həmçinin yol-nəqliyyat təhlükəsizliyinin artırılmasına mühüm töhfə verəcək.
Bərdə şəhərində yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
