Məhkəmə FHN məmurunun qətlinin təhrikçisini təcrid etmədi - FOTO/VİDEO

Məhkəmə FHN məmurunun qətlinin təhrikçisini təcrid etmədi - FOTO/VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional şöbəsinin əməkdaşı, 35 yaşlı Emin Kərimovun qatili Şəmsəddin İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Emin Kərimov

Bu barədə öldürülən şəxsin atası Vəli Kərimov məlumat verib.

Sumqayıtın 10-cu mikrorayonunda yaşayan E.Kərimov 8 may 2019-cu il tarixində səhər saatlarında iş yerinin yaxınlığında - Fövqəladə Hallar Nazirliyinin binasının qarşısında öldürülüb. 1970-ci il təvəllüdlü Şəmsəddin İbrahimov və qardaşı, 1985-ci il təvəllüdlü Yaşar İbrahimov ona bıçaqla hücum ediblər. Alınan yaralardan E.Kərimov yerindəcə ölüb. Ona hücum edənlər tutulub. Onların hər ikisinin Sumqayıt şəhərinin Abadlıq İdarəsində işlədiyi məlum olub.

Bəhanə gətirməyə çalışan həmin şəxslər şərəf və ləyaqətlərini qorumaq üçün E.Kərimovu öldürdüklərini bildiriblər. Buna baxmayaraq, deyilən versiya təsdiqlənməyib. İstintaq E.Kərimovun böhtan və xuliqanlığın qurbanı olduğu qənaətinə gəlib.

Şəmsəddin İbrahimov

Məlum olub ki, Ş.İbrahimovu qətlə ruhi pozğunluqdan əziyyət çəkən kiçik qardaşı sövq edib.

Yaşar İbrahimov yalandan qardaşına E.Kərimovun onun həyat yoldaşını izlədiyini və Ş.İbrahimovun həyat yoldaşının şəkillərini sosial şəbəkədə paylaşdığını deyib. Eyni zamanda, Y. İbrahimovun heç bir dəlil-sübutu olmayıb, lakin Ş.İbrahimov qardaşının sözünə inananaraq cinayəti planlaşdırıb. O, Y.İbrahimova: “Gəl, Eminlə danışaq, başa düşməsə, onu bıçaqla vuracağam”, deyib.

İbrahimovlar Fövqəladə Hallar Nazirliyinin binasına gələrək E. Kərimovu “söhbətə” çağırıblar. Nazirliyin əməkdaşı onların yanına gəlib, lakin qardaşların əsassız iddialarına cavab verməyə macal tapmadan Şəmsəddin bıçaq çıxaraq onu vurmağa başlayıb.

Bundan sonra İbrahimovlar yola qaçaraq gizləniblər. Lakin öldürülən şəxsin iş yoldaşları cinayətkarları tutaraq polisə təhvil veriblər.

Ş.İbrahimov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Lakin kiçik qardaşı nəinki cinayət məsuliyyətindən, həm də psixiatrik klinikada məcburi müalicədən yayına bilib.

“Psixi pozğunluqdan əziyyət çəkən və qardaşının ağır cinayət törətməsinə səbəb olan cəmiyyət üçün təhlükəlidir. Lakin məhkəmə bu ciddi vəziyyətə heç bir əhəmiyyət verməyib və Y. İbrahimova qarşı xüsusi bir qərar qəbul etməyib”, - öldürülən şəxsin atası qeyd edir.

V.Kərimovun sözlərinə görə, məhkəmə 3 oktyabr 2019-cu ildə təsdiqlənmiş hərtərəfli stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizanın nəticələrini də gözardı edib.

Yaşar İbrahimov

Redaksiyanın ixtiyarına verilən ekspertizanın nəticəsinə görə, dindirilmə zamanı Y. İbrahimov son iki ildə onu izlədiklərini və kiminsə ədəbsiz sözlərdən istifadə edərək onunla danışdığını bildirib.

“Mən tez-tez qaranlıq bir otağa və ya vanna otağına keçib özümlə danışırdım, hansısa formada özümü sakitləşirirdim. Bəzən də ağlayırdım.

Son altı ay ərzində yaxınlıqda yaşayan Emin Kərimovla tez-tez rastlaşırdım. Mənə elə gəldi ki, o, məni və ailəmi təqib edir. Bir müddət sonra əvvəlcədən yaxşı münasibətdə olduğum insanlar məni görməzdən gəlməyə və salam verməməyə başladılar. Qohumlarım mənim dəli olduğumu düşünüb psixiatra müraciət etməyimi məsləhət gördülər.

Qardaşıma Eminlə bağlı narahatlığımı bildirdim və sonra bu hadisə baş verdi”, - deyə Y.İbrahimov ifadəsində bildirir.

Sonuncunun özünü ruhi xəstə hesab etməməsi maraq doğurur. O, bu davranışın əsəb pozğunluğuna görə olduğunu iddia edir. Eyni zamanda, ekspert komissiyası İ.İbrahimovun xroniki sayıqlamadan əziyyət çəkdiyi qənaətinə gəlib (F22).

Bundan əlavə, nəticədə İbrahimovun xəstəliyinin vaxtında lazımi müalicə almadığı üçün xroniki bir forma aldığı qeyd edilir.

Ekspert komissiyası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsini rəhbər tutaraq məhkəməyə istintaq altında olan şəxsə məcburi psixiatrik stasionar müalicə təyin etməsini tövsiyə edib.

“Ən dəhşətlisi odur ki, qohumları dəfələrlə Y.İbrahimovun davranışındakı dəyişikliklərə diqqət yetiriblər, lakin buna baxmayaraq, kömək üçün bir mütəxəssisə müraciət etməyiblər. Baş verən faciədən - günahsız bir adamın öldürülməsindən sonra İbrahimovlar təəssüfləndiklərini bildiriblər”, - ekspertizanın nəticəsində qeyd edilir.         

Sənəddə qeyd olunur ki, Y.İbrahimovun əqli pozğunluğu günahsız bir insanın həyatının vəhşicəsinə məhv edilməsinə səbəb olub və cəmiyyət üçün təhlükə yaradır.

Bəlkə də hüquq-mühafizə orqanları, xüsusən məhkəmə orqanları bu insanın təhlükəli olduğundan əmin olmaq üçün ikinci bir cinayətin baş verməsini gözləyirlər. Heç kim belə bir cinayətin onun tərəfindən təkrarlanmayacağına zəmanət verə bilməz.

Oxuculara İbrahimov qardaşlarının avtobusdan necə düşdüklərini, E.Kərimovu öldürmək üçün Fövqəladə Hallar Nazirliyinin binasına getdiyini və daha sonra cinayət baş verən yerdən qaçmağa çalışdıqlarını açıq şəkildə əks etdirən video çarxları təqdim edirik. 

oxu.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR