Onkoloji xəstəlikdən ölən şəxsə COVID-19 diaqnozu qoymaq istəyiblər? - AÇIQLAMA

Onkoloji xəstəlikdən ölən şəxsə COVID-19 diaqnozu qoymaq istəyiblər? - AÇIQLAMA

Bakıda ölən şəxsin yaxınları həkimlərin ona COVID-19 diaqnozu qoymasına etiraz edib.

BAXAR.AZ xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Görüntülərdə ölən şəxsin yaxınları onun koronavirusdan yox, uzun illər əziyyət çəkdiyi onkoloji xəstəlikdən öldüyünü deyir.

Təcili Tibbi Yardımın həkimi ilə söhbət edən şəxslər iddia edir ki, həkim ölən xəstəyə heç bir səbəb olmadan COVID-19 diaqnozu qoymaq istəyir.

Təcili tibbi yardım həkimi isə vətəndaşa məsələ ilə bağlı xəstəxana ilə məsləhətləşməli olduğunu deyir. Həkim xəstə yaxınları ilə söhbətində ölən şəxsin onkoloji xəstə olduğu halda, təcili yardımı hərarət simptomları ilə çağırmalarını irad tutub.

Belə olan halda iki məqam qaranlıq qalır. Əgər vətəndaş təcili tibbi yardıma qızdırma ilə çağırış veribsə, tibb işçiləri nə üçün xüsusi geyimdə gəlməyiblər? Əgər qızdırma ilə çağırış olmayıbsa, xəstəyə nə üçün koronavirus diaqnozu qoymaq istəyiblər?

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, məsələ aidiyyəti üzrə araşdırılıb və vətəndaşın iddiaları əsassızdır:

“Görüntülər Bakıda çəkilib. Vətəndaş tərəfindən Təcili Tibbi Yardımın 103 “Çağrı Mərkəzi”nə müraciət daxil olan zaman qızdırma ilə bağlı simptom deyilməyib. Yəni COVID-19 çağırışı olmayıb. Bu səbəbdən də normal çağırışlara xüsusi geyimdə gedilmir. Hazırda isə pandemiya dövrü ilə əlaqədar istənilən səbəbdən ölən şəxsdən COVID-19 testi götürülür.

Həkimlər təlimat üzrə ölən şəxsdən COVID-19 testi götürülməsinin lazım olduğunu ailə yaxınlarına izah etməyə çalışırlar. Sadəcə olaraq, ölən şəxsin ailə yaxınları yanlış başa düşüb.

Heç kim ölən şəxsin onkoloji xəstə olduğunu inkar etmir. Amma COVID-19 analizi götürməlidir, çünki paralel xəstəliklərlə müşahidə olunduğuna dair hallarla rastlaşmışıq.

Ölən şəxslərdən COVID-19-a qarşı test götürülməsi məcburidir. Nəticələr də artıq çıxıb. Şəxsin analiz nəticələri mənfi (neqativ) olub. Vətəndaşlardan bu kimi hallarda anlayışlı olmaları xahiş olunur”.

oxu.az


OXŞAR XƏBƏRLƏR