ABŞ-dakı “190 manat” avqusta qədər ödənəcək

ABŞ-dakı “190 manat” avqusta qədər ödənəcək

Prezident Donald Trampın ətrafı koronavirus pandemiyasının təsirinə məruz qalmış işsizlərə ödənişləri avqust ayından dayandırmağa hazırlaşır.

BAXAR.AZ xəbər verir ki, “Financial Times”ın yazdığına görə, bu barədə prezidentin iqtisadi məsləhətçisi Larri Kadlou məlumat verib. Onun sözlərinə görə, iqtisadiyyat bərpa olunduğuna və avqusta qədər yetərincə iş yeri yaranacağına görə administrasiyada ödənişlərin həmin vaxtdan dayandırılması qərarına gəliblər.

Kadlou işə qayıdanlara müəyyən müavinətin ödənməsini istisna etməyib. Lakin bu müavinət həftədə 600 dollar təşkil edən işsizlik ödənişindən xeyli aşağı məbləğdə olacaq.

Xatırladaq ki, ABŞ hökumətin martda qəbul etdiyi dəstək paketində həftədə bir dəfə pandemiyaya görə gəlirindən məhrum olan vətəndaşlara 600 dollar müavinətin ödənməsi nəzərdə tutulurdu. Demokratların çoxluqda olduğu Konqres ödənişin 2020-ci ilin sonunadək davam etdirilməsinə nail olmağa çalışsa da, respublikaçıların nəzarətində olan Senat bu barədə qanun layihəsinə baxmaqdan imtina etdi.

Hazırda Əmək Nazirliyinin məlumatına əsasən ABŞ-da işsizlərin sayı 21 milyon nəfər təşkil edir. May ayında 2,5 milyon iş yeri bərpa olunub, ümumi işsizlik isə 13,3 faizə düşüb. Lakin Federal Ehtiyat Bankının rəhbəri Robert Keplanın dediyinə görə, qaradərili əhali arasında işsizlik mayda 16,8 faizə düşüb.
(musavat.com)


OXŞAR XƏBƏRLƏR