Rusiya şirkəti Polşaya 1,5 milyard dollar təzminat ödəməyə razılaşdı

Rusiya şirkəti Polşaya 1,5 milyard dollar təzminat ödəməyə razılaşdı

Rusiyanın “Qazprom” şirkəti Polşanın PGNiG şirkətinə Stokholm Arbitraj Məhkəməsində uduzduğu 1,5 milyard dolları qaytarmağa razılaşıb.

BAXAR.AZ musavat.com-a istinadən xəbər verir ki, “İnterfaks”ın Polşa tərəfinin açıqlamasına istinadən yaydığı məlumata görə, PGNiG “Qazprom İxrac” ASC ilə 1996-cı ildə bağlanmış “Yamal-Avropa” kəməri üzrə qaz alqı-satqısına dair müqaviləyə əlavə imzalayıb.

Rusiya tərəfi qaza görə artıq ödənmiş 1,5 milyard dolları 2020-ci ilin 1 iyulunadək qaytarmağa razılaşıb. Eyni zamanda gələcəkdə qazın qiymətinə alıcının təklifi əsasında yenidən baxılması qərara alınıb.

Qeyd edək ki, 1996-cı ildə bağlanmış müqaviləyə əsasən, “Qazprom” PGNiG-ə ildə 10 milyard kubmetrə qədər qaz çatdırır.

İllik müqavilə minimumu 8,7 milyard kubmetrdir. Müqavilə 2022-ci ildə bitir. 2015-ci ildə Polşa müqavilənin ədalətsiz olduğunu əsas gətirməklə, qazın qiymətinə yenidən baxılması tələbi ilə Arbitraj Məhkəməsinə müraciət edib. Bu ilin martında məhkəmə Polşanın iddiasını təmin edərək Rusiya tərəfindən 2014-cü ildən bəri artıq ödənmiş 1,5 milyard dolların geri qaytarılması barədə qərar çıxarıb.

“Qazprom” məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini elan etsə də, sonunda qərarı icra etməyə razılaşıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Rusiya qazının qiymətinə görə məhkəmədə iddia qaldıraraq “Qazprom”dan 3 milyard dolları geri almağa müvəffəq olub.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR