Gültəkin Hacıbəyli məhkəməyə veriləcək? - ƏTRAFLI

Gültəkin Hacıbəyli məhkəməyə veriləcək? - ƏTRAFLI

Son günlər Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin öz feysbuk səhifəsində Müsavat Partiyası barədə yazdığı statusu cəmiyyətdə birmənalı şəkildə qəbul edilməyib. 

BAXAR.AZ xəbər verir ki, Müsavat Partiyasının sədri Arif Hacılı Gültəkin Hacıbəyli elə öz feysbuk profilində cavab yazıb:

"Gültəkin Hacıbəyli başqalarının ona ünvanladığı əsaslı, əsassız ittihamlara cavab vermək, bundan əvvəl ünvanımıza dediyi böhtanlara görə bizdən üzr istəmək əvəzinə Müsavatı yenidən hədəf seçib. Haqqımızda təhqiramiz ifadələr işlədib. Yeni böhtanlar atıb. 

Dırnaq arasında "xalq yolunda cəfa çəkib" mühacir statusu alan müsavatçılar", yenə dırnaq arasında "qəhrəmanlar" yazan adam bilirmi ki, yalnız 2003-cü ilin oktyabrında, yalnız Bakıda 1100 müsavatçı həbs olunmuş, döyülmüş, işkəncəyə məruz qalmışdı? 

Bilirmi ki, Müsavat Partiyası, müsavatçılar, indi  Yeni Yasamalda olan zorakılıqların 100 qatı ilə üzləşmişdi? 

Bilirmi ki, özüm, qardaşlarım da daxil olmaqla 34 qohumum, dostum həbs olunmuşdu? 

Ölkə üzrə 2000-dək həbs olunan var idi ki, onların mütləq əksəriyyəti bu gün onun tənə ilə dırnaq arasında "qəhrəmanlar" adlandırdığı müsavatçılar idi.

Bu o zaman idi ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin, Əli Həsənovun, Siyavuş Novruzovun qarşısındakı çıxışlarında  "İlhamsevərlər"ə müraciət edirdi. 

Bu o zaman  idi ki, Gültəkin Hacıbəyli Səməd Seyidovla, birlikdə Avropa Şurasında öz saxta mandatı ilə Azərbaycanı təmsil edib ölkədə siyasi məhbus olmadığını iddia edirdi. Əslində isə həmin dövrdə Azərbaycanda hər vaxt olduğundan daha çox siyasi məhbus var idi. 

Yalnız Bayıl türməsinin həyat üçün təhlükəli olan ölüm korpusunda mən də daxil olmaqla 50-dək siyasi məhbus saxlanırdı. 

Müsavatdan arayış alanlar Avropada sığınacaq almayıb. Bu yalandır. Müsavat Partiyası uzun illər ərzində partiya üzvlərinə bu sayda arayış verib. Bu arayışlar əsasən xaricə səfərə gedən, viza üçün səfirliklərə müraciət  edən şəxslərə, məhkəmə işləri ilə əlaqədar tələblərə, Avropa ölkələrindən vəkillərin sorğularına cavab olaraq verilib. 
Bu arayışların məsələn, 5-i mənə, 6-sı Tofiq Yaqubluya verilib. 15-i bu gün də burada mübarizəsini davam etdirən, heç vaxt Azərbaycandan  getməyi planlaşdırmayan  müavinlərimə verilib. 
Bu rəqəmi də mətbuata biz açıqlamışıq. 
Başqa heç bir partiya, heç bir təşkilat belə dəftərxana məlumatlarını açıqlamır. Hətta əmin deyiləm ki, kimlərsə dəftərxana işinə Müsavatda olduğu qədər əhəmiyyət verir. 

Bu məlumatların müavinlərimdən gizli saxlanması barədə demoqoqiya da əsassızdır. Heç olmasa Müsavat başqanlığına namizədlərin canlı debatının bu gün də youtubeda olan videoyazısına baxın. 

Müsavata qarşı atılan bu böhtanlarla bağlı mətbuat konfransı keçirib həqiqətləri açıqlamışıq. Kimdə belə məlumat varsa Baş Prokurorluğun İstintaq İdarəsində AXCP və Müsavat haqqında bu mövzuda açılmış cinayət işi ilə bağlı istintaq qrupuna müraciət olunmasını tələb etmişik. 
Gültəkin Hacıbəyli Müsavat Partiyasını ağır cinayətdə ittiham edib. Ağır cinayəti bilib gizlətmək ciddi cinayət sayılır. 

Tələb edirəm. Onda olan məlumatları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsinə təqdim etsin. Əks təqdirdə bizim onu böhtana görə məhkəməyə verməyimiz vacib olacaq.

Xanım Müsavatda keçirilən demokratik seçkilərə də laf atır. 

Biz AXC-ni quranda bu təşkilatda bütün seçkilər gizli səsvermə yolu ilə keçirilirdi. 
AXC-də dayaq dəstəsi sədri seçkilərindən tutmuş Ali Məclisin sədri vəzifələrinədək gizli səsvermə yolu ilə seçilmişəm. 32 il əvvəl 100 minlərlə üzvü olan təşkilat gizli səsvermə keçirirdi, 21-ci əsrdə bu mümkün deyil? 

Hətta bundan sonra gizli seçki keçirmək, 10 ildən sonra sədrin dəyişməsi təkliflərini səsə qoymaqdan imtina edən bir təşkilatın fanatı olduğunu iddia edən şəxsin, özəklərdə də gizli seçki keçirən, başqan və rayon sədrləri seçkilərinə iki müddət məhdudiyyəti qoyan, açıq seçki kampaniyası, debatlar təşkil edən, seçkiləri jurnslistlərin, kameraların qarşısında canlı yayımla keçirən başqa bir təşkilatı demokratik olmamaqda ittiham etməsi riyakarlıq deyilmi? 

Başqalarından tələb etdiyini özün həyata keçirmək üçün güclü təşkilat və güclü siyasi iradə lazımdır. 

Təəssüf ki, Azərbaycanda belə təşkilat və belə siyasi iradəyə malik olan yalnız bir partiya var. 

Biz böyük Rəsulzadə dövründə mövcud olmuş və bizə əmanət edilmiş Müsavat ənənələrini nəinki qoruduq, hətta xüsusi proqram qurultayımızda dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirdik. 

Hətta sizin böhtanlarınıza cavab verməzdən  əvvəl o dövrün gültəkinlərinə Rəsulzadənin verdiyi cavabları da oxuyuram. 

...Gültəkin Hacıbəyli iddia edirdi ki, guya Müsavat başqanının müavini ola bilərmiş, imtina edib. Ola bilər ki, İsa bəy xanımın  bundan sonrakı siyasi karyerası barədə məlumatlanmaq məqsədi ilə onunla buna bənzər söhbətlər edib. Amma, əminliklə deyirəm ki, bu mümkün deyildi. 

Müsavat partiya üzvlərinin qəfildən məsələn, təşkilatın üzvü olmaya-olmaya Razi Nurullayevin sədr müavini təyin olunduğu barədə məlumatı mətbuatdan oxuyacaq təşkilat deyil. 

Gültəkin Hacıbəyli hər hansı vəzifəyə təyin olunmazdan əvvəl kollegial qurumda partiyaya qəbul olunmalı idi. Onun isə belə şansı yox idi. Heç vaxt olmayıb. 

Tofiq Yaqublunun Məclis üzvü seçilməməsi mənfi haldır. Onun seçilməsini istəməyimə baxmayaraq bu olmadı. Demokratik seçkilərdə belə şeylər olur. 

Müsavatda həmişə demokratik seçkilər keçirilib. Gülağa Aslanlının, Mustafa Hacıbəylinin Məclis üzvü seçilmədiyi vaxtlar olub. Elə bu qurultayda partiyanın bir çox önəmli isimləri hətta qurultay nümayəndəsi seçilməmişdilər. Əgər siz də nə vaxtsa demokratik seçkidə iştirak etsəydiniz yəqin ki, belə seçkilərin bəzən bu cür nəticələrinin də olduğunu bilərdiniz. 

Nigar Yaqublu Məclis üzvü seçilib, Tofiq Yaqublu yox. Dərindən düşünsəniz buna görə məndən daha çox sizin sorumlu olduğunuzu anlayarsız. 

Tofiq Yaqublunu niyə Milli Şura sədri seçmirsiniz, Cəmil Həsənli bu barədə təklf etmişdi, necə oldu? 

Təmsil olunduğunuz təşkilatın sədr seçkisindən 7 il keçib. 

Sədr kimi nə bir toplantısı var, nə bir hesabatı, nə də seçkisi. Bizdən dəftərxana məlumatlarımızın bundan daha şəffaf olmasını tələb edən kəs bu barədə nə düşünür? 

Yoxsa Tofiq Yaqublu adı sizə yalnız Müsavata hücum etmək üçün istinad nöqtəsi kimi lazımdır? 

Bir- iki nəfərin himayəsi ilə AXCP üzərində direktorlar şurasının üzvü olmağınıza çox güvənməyin. Əgər AXCP-də azad, gizli seçki keçirilsə şəxsən siz orada heç vaxt Məclis üzvü seçilə bilməzsiniz, əmin olun. 

Ölkənin bütün passionar təbəqəsini, müsavatçılardan tutmuş, PEAL-çılara, inanclı kəsimin nümayəndələrindən tutmuş, cümhuriyyətçılərə qədər hamını Milli Şura ilə düşmən etdiniz. Milli Şuranı bitirmisiniz. İndi də Müsavatla AXCP arasında onsuz da gərgin olan  münasibətləri tam korlamaq, qırmızı xəttləri götürmək, körpüləri yandırmaqla məşğulsunuz. 

İndi Əliyev rejiminə "İlhamsevərlər" mitinlqlərində çıxış etdiyiniz, Avropa Şurasında bizi cinayətkar, terrorist kimi qələmə verdiyiniz dövrdə olduğundan daha çox xidmət edirsiniz. 

Bunun üçün sizə istinad nöqtəsi verənlər bu barədə düşünsün."


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR