"Mənə qarşı olan hücumları təşkil olunmuş sayıram" - Aslan İsmayılov

Tanınmış hüquqşünas Aslan İsmayılov gündəmlə bağlı müsahibə verib.

BAXAR.AZ pravda.az-a verilən müsahibəni təqdim edir:

– Aslan müəllim, bu həftəsonu da karantin rejimi sərtləşdirildi, insanlar yenə iki gün evdən çıxa bilməyəcəklər. Sərtləşdirmə tədbirləri vəziyyətdən çıxış yoludurmu?

– Hər hansı bir məsələyə münasibət bildirəndə heç vaxt “kütlə buna necə baxacaq?” sualını qarşımda qoymamışam, düz hesab etdiyim fikri səsləndimişəm. Hesab edirəm ki, koronavirus pandemiyası ümumi bəladır. “Kütlə buna necə baxacaq?” sualını bu gün qarşılarına qoyanlar və buna hesablanmış fikir söyləyənlər isə fürsətcillərdir. Hamı kimi mən də bilirəm ki, Səhiyyə Nazirliyi “yox” səviyyəsindədir. Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) faydalı işlər görürlər. Onların çıxışlarını, təkliflərini dinləyirəm, hamısı ağılabatan, əsaslandırılmışdır. Bu sahədə onlara etibar edirəm. Çünki çıxışlarından görürəm ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu sahənin peşəkarıdır. Gördüyüm odur ki, qərarları təkbaşına qəbul etmirlər. Qərarlar dünyanın aparıcı mütəxəssisləri, təşkilatları ilə məsləhətləşdikdən sonra qəbul edilir. Hakimiyyətin nöqsanı nədədir? Birincisi, təbliğat-təşviqat, maarifləndirmə işini qura bilməyiblər, bu iş sıfır vəziyyətindədir. Təsəvvür edin, bu təbliğatı əhalinin haqlı olaraq etibar etmədiyi adamlar aparırlar. Məsələn, Mirşahin Ağayev… Xalqın ona münasibəti bəllidir. Faydalı fikirləri tanınmayan hansısa savadlı gənc səsləndirərsə, daha effektiv olar. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da təbliğat aparır. O İbrahim Məmmədov ki “Almaniya dağılır” ifadəsi ilə məşhurdur. Xalq bilir ki, bu şəxslərin aldığı nəfəs də yalandır. Ona görə də xalq onların doğru dediyini də qəbul etmir. İkincisi, bilirsiniz ki, karantin tədbirləri sərtləşdirildikdən sonra müsbət nəticə verdi, yoluxanların sayında artım müşahidə olunmadı. Hökumət müsbət nəticəni görən kimi gələcəyi fikirləşmədən yumşalma tədbirlərinə başladı. Gürcüstanda necə oldu? İlk gündən qəti qərarlar qəbul edildi və kütlənin etirazına baxmayaraq dərhal icra edildi. Çin kimi ölkəyə baxın, sərt tədbirlər həyata keçirdilər, ordunu hərəkətə gətirdilər, dedilər, kim küçəyə çıxacaqsa, güllələnəcək. İtaliyalılar isə azərbaycanlılar kimi, deyib-gülən, yeyib-içəndirlər, gördünüz nəticəsi necə oldu? Almaniyada situasiya başqa idi. Onlar xalq olaraq qayda-qanuna riayət edəndirlər, lazım deyil ki, polis küçə-küçə düşsün, vətəndaşları evdən çıxmamağa çağırsın. Azərbaycanda sərt tədbirləri ilk gündən görmədilər. Bunun da səbəbi kütlə, radikal müxalifətin tələbi ilə ayaqlaşmaq istəyi idi. Bu, düzgün yanaşma deyildi. Bir neçə gün öncə, İsmayıllı rayonunun Quşencə kəndində bir ananın koronavirusdan 3 gün ərzində  ölən iki oğlunu dəfn etdilər. O kənd dərhal nəzarətə götürülməli, giriş-çıxış qadağan olunmalı idi, ancaq olmadı. Bu gün həmin ailədən ana, ata və bacının vəziyyəti ağırdır, nəvələr də bu xəstəliyə tutulublar.Təsəvvür edin, bu müddət əzində başsağlığı vermək üçün xeyli insan da gedib. İndi vəziyyəti təsəvvür edin. Bu, ciddi nöqsandır. İndi hakimiyyət sərtləşdirməyə doğru gedir və bu çox düzgün qərardır. Ancaq bu addımı təbliğ edən, əhali tərəfindən qəbul olunmayan  Mirşahin Ağayev və İbrahim Məmmədovdur. Onlar bir mənalı əvəzlənməlidirlər. Əhalinin etibar etdiyi, yaxud da heç tanımadığı şəxslər çağırış etməlidirlər, o zaman bu, ciddi nəticə verər. Özümü misal çəkim, Mirşahin Ağayev və ya İbrahim Məmmədov çıxış edəndə, televizoru söndürürəm. Amma Ramin Bayramlının çıxışını harada eşitsəm, mütləq dinləyirəm. O, yeni fiqurdur. Ramin Bayramlının əvəzinə Oqtay Şirəliyev çıxış etsə idi, insanlar yenə, o cümlədən mən qəbul etməyəcəkdik. Ölkədə yüzlərlə savadlı, peşəkar jurnalistlər var, qısır deyilik ki… Bu gün koronavirusla məlumatı əhaliyə çatdırmaq vəzifəsinə belə jurnalistlərdən biri təyin edilməlidir.

– Necə düşünürsünüz, bəlkə elə inam olmadığına görə Oqtay Şirəliyev üzə çıxmır, Ramin Bayramlını önə çıxarıblar…

– Buna əminəm. Oqtay Şirəliyev çoxdan istefaya getməli idi. Səhiyyə sistemini bu günə salanların başında Oqtay Şirəliyev durur. Hakimiyyətin bəzi addımlarını başa düşürəm. Azərbaycanda “ASAN xidmət” fəaliyyət göstərir, bununla yanaşı köhnədənqalma, eyni fəaliyyəti həyata keçirən “ZAQS”, notariat kontorları ayrıca fəaliyyət göstərirlər. Bu qədər gecikdirmək olmaz, hakimiyyət qətiyyətli addım atmalı, bunlar dərhal ləğv edilməli, “ASAN xidmət”ə verilməlidir. Paralel strukturlar nəyə lazımdır ki… Tədricən etməyə çalışırlar, ancaq gecikirlər, bunları tezləşdirmək lazımdır. TƏBİB də tam formalaşdıqdan, struktur qurulan kimi Səhiyyə Nazirliyini təcili ləğv etmək lazımdır. Onda Oqtay Şirəliyev nazir qalmaqda davam etməklə hakimiyyətə qınaq  olmayacaq.

– Struktur və kadr islahatları niyə ləng gedir? Dirəniş göstərilir ona görə?

– Əlbəttə, dirəniş göstərilir. “Dirəniş göstərilir” deyəndə, o demək deyil ki, konkret adamlar əlində silahla durub, müqavimət göstərirlər. Köhnə komanda 30 ildir, kök atıb. Bunları bir günün içində kənara atıb, başqaları ilə əvəzləmək ölkəni xaosa sürükləyər. Bəlamız ondadır ki, siyasilər, sosioloqlar və digər tanınmış şəxslər xarici mətbuatı, oradakı təhlilləri az oxuyurlar. “Ərəb baharı”nı Qərb dövlətləri düşünmüşdülər və həyata keçirdilər. Əmin idilər ki, tez bir zamanda dəyişiklik olacaq. Amma nə alındı? Xaos yaratdılar, xalqları fəlakətə sürüklədilər. Qərb mütəxəssislərinin ən bariz nümayəndələrindən olan Frensis Fukuyamanın təhlili var, qeyd edir ki, bəzi ölkələrdə, yəni Azərbaycan kimi ölkələrdə birdən-birə demokratik sistemə keçmək mümkünsüzdür, bu, xaosa aparar, proses mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycanda hakimiyyət bunu edir. Nöqsan odur ki, elə bil, gizli edir. Xalq avam, savadsız deyil, izah etmək lazımdır ki, “Biz bu addımı buna görə atırıq”. Biri var bunu Aslan İsmayılov deyir, biri də var, ölkənin rəhbər vəzifəli şəxsləri… Mən 1990-cı illərdə gələndə gördüm ki, Azərbaycan qədər mürəkkəb ikinci ölkə yoxdur. Ona görə burada qohumbazlıq, tayfabazlıq, yerlibazlıq o qədər güclüdür ki… Azərbaycanda bir “JEK” müdirini işdən çıxaranda, az qala ölkənin yarısı silkələnir. “Qoçaqlar” demirlər ki, hamını tutub basmaq lazımdır içəri, gənc kadrlar gətirilməlidir? Bu, mümkünsüzdür! Belə bir addım atılsa, həbs etməyə çatdırmayacaqlar, hakimiyyət devriləcək.

– Siz ölkədə islahatların tərəfdarı olduğunuzu bəyan etmisiniz. Bəzi məqamlarda mövqeyinizə görə təndiq edilirsiniz…

– Bəli. Mən tənqidi həmişə xoş qarşılamışam. İstənilən şəxs tənqidə açıq olmalıdır. Bu, bizim özümüzə faydalıdır. Bəzi hallarda tənqidləri oxuyuram, fikirlərimdə korreksiyalar edirəm. Təhqir isə qəbuledilməzdir. Mənə qarşı olan hücumları təşkil olunmuş sayıram. Bir qrup ki müxalifəti özəlləşdirib, onlar uzun illərdir – Milli Şuranın videokonfrasından da bəlli oldu – yeniliyə qarşı mübarizə aparıblar. Baxın, Qubad İbadoğlunun təmsil olunduğu “BİZ” platforması yaradılmamış hücuma keçdilər. Deyirlər ki, təşkilat yalnız bir dənə olmalıdır. Mənim də fərqli fikirdə olmağımı qəbul etmirlər. Niyə 4 ildir, dirəniş göstərirəm? Təhqir edirlər, nalayiq ifadələr işlədirlər… Bunlar məndən də savadlı, vətənpərvər insanları diksindirib, qorxudub, ictimai həyatdan uzaqlaşdırıblar. Bu, indi deyil ki… 1989-cu ildə Azərbaycan Xalq Hərəkatını yaradan nə Əbülfəz Elçibəy, nə də onun komandası olub. Bu hərəkatı yaradan Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Tofiq Bağırov, Məmməd Xələfov, Aydın Məmmədov, Dilarə Əliyeva, Yusif Səmədoğlu və digər ziyalılar olublar. Amma sonradan KQB agentlərini oraya daxil etdi və ziyalıları didərgin saldılar. Baxın, xalq hərəkatında 1988-ci ildə kimlər olub, 1990-cı illərdə kimlər təmsil olunub. İndi bu gün də həmin yolu tutublar… Çılğın vaxtlarım olub, Bəxtiyar Vahabzadəni, İsmayıl Şıxlını da tənqid etmişəm, hörmətsizlik etməmişəm, üstüörtülü irad bildirmişəm ki, meydanı uşaq-muşağa vermisiniz. Onlar mənə söyləyiblər necə təhqir olunduqlarını. İndi mən də günahımı etiraf edib ona görə geri çəkilmək istəmirəm. Həmin ziyalılar mənə deyirdilər ki, Aslan, müəyyən yaşa çatdıqda, tanınanda gör üzərinə necə gələcəklər. Tam səmimi deyirəm, xüsusilə də son 1 ildə “Facebook” sosial şəbəkəsindəki səhifəmi bağlamaq istəmişəm. Kimlərsə təhqiri özünə reklam saya bilər, adı hallanır. Mən isə təhqirə görə gecəni yatmıram. Belə şeylərə öyrəşməmişəm. Niyə təhqir edilməliyəm, marağım yox, şəxsi biznesim yox, normal həyatımı yaşaya bilərəm. Mən və mənim kimilərimn tarixi missiyası var. Vaxt gələcək, biz olmayanda, insanlar dəyər verəcəklər.

– O zaman Siz 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərin dedikləri ilə razısınız?

– Mən bunu Sülhəddin Əkbər deyənə qədər dəfələrlə vurğulamışam. Sülhəddin Əkbər nə deyib ki? Ortalığı aydınlaşdırmaq istəyirdi, daha da qarışdırdı. Dürüst adamdırsa, adbaad desin! Bizdə hamı şəxsi marağı üçün nəisə sensasiya yaratmaq istəyir. Sülhəddin Əkbərin şəxsi marağı yoxdursa – 27 il gözlədi daha bəsdir – adları açıqlasın. SSRİ dağılanda, ziyalılar bilirdilər ki, Mixail Qarbaçov və onun ətrafı Kommunist Partiyasını nüfuzdan salmaq üçün ona alternativ olaraq bütün respublikalarda xalq cəbhələri yaratdılar. Bu, bütün respublikalarda oldu. KQB-nin icazəsi olmadan bunu etmək mümkün deyildi axı… O başqa məsələ ki, bu gün AXC qurucularının, təşkilatçılarının hamısını o sıraya aid etmək olmaz. DTK bu hərəkatı istədiyi istiqamətə yönləndirdi. Sumqayıt hadisələrini də DTK törətdi, bu işdə məhkəmədə prokuror olmuşam, 30 ildir, bu barədə danışıram, yenə əhali anlamayıb. SSRİ DTK-sının “barmağı” bu gün də qalır. Dəfələrlə demişəm ki, SSRİ DTK-sı məhv olmayıb, sadəcə, həmin əməkdaşlar, funksiyalar Rusiya DTK-sına transfer olunub.

– Uzun illərdir, proseslərin içindəsiniz, bir çox hadisələri yaxından izləmisiniz. Şübhələndiyiniz şəxslər olubmu?

– Dəfələrlə demişəm, adları da çəkmişəm. 1993-ci ildə Milli Məclisdə Rəhim Qazıyevlə bağlı çıxış etmişəm. Ondan sonra dəfələrlə Surət Hüseynovla bağlı çıxışlarım olub. Etibar Məmmədovla bağlı fikirlərimi açıqlamışam. Damğa vurmuram… Siyahını görmüş olsam, deyərdim, bu şəxslər dəqiq DTK-nın və ya Baş Kəşfiyyat İdarəsinin agentidirlər, ya yox… Bu şəxslərin addımları, həmin strukturların “əlinə oynayan” hərəkətlər olub, bunu bu gün də deyirəm.

– Siz müsahibələrinizin birində Milli Şuranın fəaliyyətini Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqələndirmişdiniz. Bu mövqeyə görə tənqid edildiniz, hətta iddia olundu ki, Aslan İsmayılov hakimiyyətdə yeni komandaya yaxındır…

– Heç vaxt deməmişəm ki, Milli Şuradakılar Ramiz Mehdiyevin adamlarıdırlar. Amma fikrimi yanlış təqdim edib, məni təhqir etdirirlər. Demişəm ki, bu gün Milli Şuranın etdiklərini eyni Ramiz Mehdiyev həyata keçirirdi. Hansı maraqdan bunu edirlər, bilmirəm. Görünən odur ki, maraqlar üst-üstə düşür. Hamı bilir ki, İlqar Məmmədovun arxasında ABŞ, Avropa dayanır. Necə olur ki, hakimiyyət İlqar Məmmədovu həbs edir, amma Əli Kərimlini tuta bilmir? Çünki Əli Kərimli onlara sərf edirdi. Əli Kərimli və bəziləri yeni ortaya çıxan siyasi, ictimai təşkilatları dərhal məhv etməyə çalışırlar. Eyni şeyi də Ramiz Mehdiyev həyata keçirirdi. Bu funksiyaları yerinə yetirənləri Ramiz Mehdiyev niyə məhv etsin ki? Mən bu baxımdan demişəm. Mənim Azərbaycana gəldiyim gündən indiyədək fəaliyyətimi izləsəniz, hər şey aydın olar… Ölkəyə yeni gələndə “cəbhəçi”, onlar hakimiyyətə gələndə “Heydərçi”, Heydər Əliyev hakimiyyətə gələndə “Rəsulçu”, sonra “İlyasçı” damğası vurdular. Açıq deyirəm, özümə o qədər dəyər verən şəxsəm ki, kiminsə adamı olmağımı özümə sığışdırmaram. Belə seçim etmək fikrim olsaydı, Heydər Əliyevin adamı olardım. Azərbaycanda son 30 ildə Heydər Əliyev kimi şəxsiyyət olubmu? Eləsinin yanında olardım, deyərdim, məndən güclüdür. Ondan başqa hadisələri məndən güclü bilən, dəyərləndirən ikincisini tanımıram ki, gedim yanında dayanım. Kiminsə adamı olduğumu deyən gerizəkalılar fəaliyyətimi izləsinlər. Səhiyyə naziri Oqtay Şirəliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı ən çox yazan kimdir? Mən yazıram. Bu şəxslərdə hakimiyyətdə həmin adamların ən yaxın qohumlarıdırlar. Bu şəxsləri 1 il deyil, 10 ildir, tənqid edirəm. Həmişə müraciət edirəm ki, məni tanımaq istəyənlər “Facebook”dakı səhifəmdə fəaliyyətimə nəzər yetirsinlər, çıxışlarımı izləsinlər… “Youtube”da yüzlərlə çıxışım var…İzləsinlər, görsünlər ki, kimin tərəfindəyəm. Mən 2013-ci ildə mitinqdə Milli Şuranı dəstəkləyən adam olmuşam. Düşünmüşəm, bəlkə bu dəfə normal yola gedərlər. Ziyalılar Forumunda da təmsil olunurdum, amma tərk etdim. Ən aktiv üzvlərindən idim, görəndə ki, forumu siyasətə qoşdular, dedim, belə etməyin. Azərbaycanda bir güc mərkəzi olmalıdır ki, nə hakimiyyətə, nə də müxalifətə tabe olsun. Yəni həm hakimiyyəti, həm də müxalifəti tənqid edə bilsin. Həmişə bu yolda olmuşam. Hakimiyyətdəkilər deyir, Aslan İsmayılov müxalifətin, müxalifət də deyir, hakimiyyətin adamıdır… Bunlar özləri həmişə kiminsə adamı olublar deyə başqalarına damğa vururlar.

– Qəzaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı məsələ müzakirə olunanda, bildirdiniz ki, Sizə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov zəng edib. Bu, az-az hallarda baş verən hadisələrdəndir. Bəlkə bu məsələ sizin yaxınlığınızla bağlı ehtimalları yüksəldib?

– Oqtay Gülalıyev məsələsi gündəmdə olanda mənə zəng edildi, dərhal da açıqladım. Mən DTX-da da, Prokurorluqda da, Prezident Administrasiyasında da görüşdə olmuşam və dövlətə təsir edəcək məsələləri açıqlamışam, bu gün də həmin addımları atmağa hazıram. Başqaları kimi gizlin iş görməmişəm, bir əlim bu cibdə, o biri əlim başqa cibdə olmayıb…Nəyisə dövlət üçün vacib biləndə, DTX-ya da müraciət etmişəm, getmişəm, fikrimi bildirmişəm. Bu gün də həmin mövqeyimdə qalıram. Özümə güvənirəm, kiminsə məni haradasa görməsi, şəxsi maraq güdməmişəmsə, nüfuzuma təsir edə bilməz. Ölkə rəhbərliyi kimin kim olduğunu, kimdən pul aldığını bilir. Bunu iddia edənlər hər hansı məlumat bilirlərsə, açıqlamasalar, ən şərəfsiz adamlardırlar. Özünə güvəni olmayan adam belə bir fikri səsləndirə bilərmi? Hamı özü-özünü yaxşı tanıyır, nə qələt elədiyini bilir… Hər hansı gizli bir addımım olsaydı, hakimiyyət sakit durardımı?

– Ötən həftə sərtləşdirilmiş karantin rejimində baş verənlərə münasibətiniz necədir? Bilirsiniz ki, polisin mənzilə o cür daxil olması ciddi şəkildə müzakirə edilir…

– Fürsətcillikdir və ziyanlıdır. Doğma əmimoğlum Milli Qəhrəmandır. Bunu heç vaxt şişirtməmişəm. Onun kimi yüzlərlə polis döyüşüb, şücaət göstərib. İndi də şərəflə vəzifəsini yerinə yetirən polis əməkdaşları tanıyıram. Hamını qaralamaq olmaz. Biz eyni şeyi həkimlərlə də bağlı etdik. İndi koronavirus pandemiyası ilə mübarizədə ön cəbhədə olan həkimlərdir. Həkimlərin işinə kölgə salanların hansısa biri o vəziyyətdə çalışmaz. Edərlərsə, buyursunlar. Radikalların arasında xeyli sayda həkim var, getsinlər maska taxsınlar, gün ərzində 15 saat koronavirusla mübarizə aparsınlar…

– Bu məsələdə hansısa qüvvənin olduğu iddia edilir…

– Yüz faiz belədir…Azərbaycandakı situasiyanın mürəkkəbliyini əsaslandıran bir neçə cəhət var. Birincisi, Azərbaycan kimi ölkədə yüksək səviyyədə kadr dəyişikliyi çox riskli və təhlükəlidir. Azərbaycanda 5 icra başçısı, iki nazir müavini həbs olunub. Yəqin ki, nazirlərin də həbsi gözlənilir. Növbədə olanlar var. Bu insanlar sakit durmayacaqlar. Ölkədə qudurmuş oliqarx məmurlar var, bilirlər ki, növbə onlara da çatacaq, ona görə də prosesin qarşısını almaq istəyirlər. İstənilən dağıdıcı, xaosa aparacaq hərəkətə dəstək verə bilərlər ki, salamat qalsınlar. İkincisi, bizdə “müxalifət” anlayışı nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək deməkdir. Dövlətçilik, ərazi bütövlüyü onları heç vaxt maraqlandırmayıb. Biz ona görə də torpaqları itirə-itirə gəlmişik… Qonşu dövlətlər – həm Rusiya, həm də İran ölkə daxilində narazılıq yüksək həddə çatanda həmişə xaricdə düşmən axtarırlar. Xatırlayırsınızsa, Belarusiyanın prezidenti Aleksandır Lukaşenka bu yaxınlarda dedi ki, Rusiya müstəqilliyimizi təhdid edir, müstəllik şübhə altındadır. Gürcüstanla sərhəddə təxribat hazırlandı, məlumat da verildi, nədənsə kimsə diqqət yetirmədi. Gürcüstan Rusiyanın təsir dairəsindədir. İran hansı oyunları çıxarır, demək istəmirəm, bu barədə kifayət qədər məlumatlar var. Digər tərəfdən Ermənistan Azərbaycanda Dağlıq Qarabağ məsələsinin gündəmə gələcəyini gördüyünə görə onlar da hadisələri bizə doğru yönləndirirlər. Cəbhə gərginlik, Azərbaycan xalqını qıcıqlandıran addımlar atmaq buna hesablanıb. Ən əsası, əminəm ki, hakimiyyət Qarabağın azad olunması məsələsini unutmayıb, ciddi iş gedir, proseslərdən istifadə edib torpaqları azad etmək istəyirlər.

– Bir məsələyə də münasibətinizi bilmək istərdim. Ölkədə sərt karantin rejimi tətbiq edilsə də, müavinətlərin verilməsi dayandırıldı. Bununla bağlı kifayət qədər narazılıq var. Siz nə təklif edirsiniz?

– Karantin rejiminin sərtləşdirilməsinin tərəfdarıyam. Amma bu tədbirlər “Hamını evə bağladıq, iaşə obyektlərinin fəaliyyətini dayandırdıq, məsələ bitdi” prinsipi ilə aparılmamalıdır. Hakimiyyət bilməlidir ki, bu gün həqiqətən bir tikə çörəyə ehtiyacı olan yüz minlərlə insan var. Ona görə də insanların tələbatları ödənməlidir. Düşünürəm, 190 manat ödəmə verilməli, kirayədə qalanların aylıq ödənişi dondurulmalı və ya hökumət özü qarşılamalıdır. Xüsusilə, azyaşlı uşaqları olan ailələrə diqqət yetirilməlidir. Bir müddət əvvəl, bu kampaniyaya iş adamları qoşulmuşdular, ehtiyacı olanlara yardım edirdilər. Bu davam etməlidir. Karantin rejiminə olan aqressiya sosial ehtiyacla bağlıdır. Vətəndaş bilir ki, karantin sərtləşdiriləndə, işə çıxmayacaq, ac qalacaq. Təsəvvür edin, ata evə gəlir, uşaq deyir, yemək istəyirəm… O ata artıq karantinə məhəl qoyan deyil. Hakimiyyət insanların bu durumunu anlamalı, təcili tədbirlər görməlidir.


OXŞAR XƏBƏRLƏR