"Polis maşınına sürüklənən kişidə qürur qalarmı?"

Yalnız arvad-uşağının, qonşularının deyil, bütün Azərbaycanın, hətta dünyanın gözü önündə yarı lüt-ətcəbala həbs olunaraq, döyülüb, sürüklənib polis maşınına tullanılan kişidə qürur qalarmı?

Bu barədə BAXAR.AZ-a paytaxtın Yasamal rayonunda baş verən son hadisələrlə bağlı açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib:

"Bir adamın karantin rejimini pozması, polisin onu saxlamaq istəyini görüncə qaçmağa cəhd etməsi ilə başlanan polis-vətəndaş qarşıdurması və baş verən hadisələr ölkədə vəziyyətin nə qədər həssas, gərgin olduğunu açıq göstərdi.

Heç bir don geyindirmədən hər şey öz adı ilə çağrılmalı və qanun çərçivəsində hər kəs etdiyinin bədəlini ödəməlidir. Hər hansı vətəndaş karantin rejimini pozursa, ilk növbədə xəbərdarlıq edilməli, izahat işi aparılmalı və evinə göndərilməlidir. Əgər, xəbərdarlığa əməl etmirsə, polisə müqavimət göstərirsə onda polis də təlimata uyğun müvafiq tədbir görməlidir.
Konkret baş verən və qarşıdurmaya səbəb olan halda vətəndaş qaçıb evinə getmək istəyirsə polislərin onu kollektiv şəkildə qatı cinayətkarı həbs edirmişcəsinə tutaraq maşına soxması nəyə lazım idi? (Karantin rejimini pozanın hərəkətləri də təqdir olunmamalıdır, əgər, çölə çıxıb qaçacaqdınsa, onda niyə çıxırdın?)

Bütün hallarda sakinlərin polisə zibil atılması qəbulolunmazdır və buna görə araşdırılma aparılmalı, qanunun tələb etdiyi qaydada  cəza verilməlidir. Vətəndaşın qanun pozuntusuna qarşı polis qanun pozuntusu, "samosud"la cavab verməsi qətiyyən yolverilməzdir, bu ciddi araşdırılmalı və qanuni tədbir görülməlidir.

Vətəndaşa dovşan deyərək aşağılayan və yarı lüt vəziyyətdə vətəndaşın həbs olunmasına göstəriş verən polislərin hərəkətlərini ciddi araşdırmaq lazımdır. Bu adamlar o qədər harınlayıblar ki, sadə insanlara dovşan, hüquqsuz əşya kimi baxırlar. Həm atası, həm də qayınatası icra hakimiyyəti başçısı olan polis kapitanının bu cür tavır sərgiləməsi görünür onların ailə ortamından, özlərini sadə insanlardan qat-qat yuxarıda görmələrindən irəli gəlir.Həmin polisin atası ən azı mənəvi məsuliyyət daşıyır oğlunun hərəkətlərinə görə. Məhz, o polisin atasının və qayınatasının rəhbərlik etdikləri icra hakimiyyətlərində yoxlamalar aparılsa onların əməlləri və həqiqi sifətləri dediklərimizi təsdiq edəcək.

Ölkəmizin ərazi bütövlüyü və digər problemlərinin həlli üçün əsas şərtlərdən biri qürurlu vətəndaşlara sahib olmağımızdır. Yalnız arvad-uşağının, qonşularının deyil, bütün Azərbaycanın, hətta dünyanın gözü önündə yarı lüt-ətcəbala həbs olunaraq, döyülüb, sürüklənib polis maşınına tullanılan kişidə qürur qalarmı?

İndi ermənilər kef eləyir. Sabah bu görüntüləri dünyanın gözünə soxacaqlar ki, baxın, Azərbaycanda insanlar necə rəzil, hüquqsuz vəziyyətdədir, biz belə dövlətdə birgə yaşamaq istəmirik .
Bir sözlə, polisin özünü cəza dəstəsi kimi aparması və vətəndaşları adam yerinə qoymaması qətiyyən yol verilməzdir. Bu gələcəkdə çox pis sonunculara səbəb ola bilər.

Biz xəbərdarlığımızı edirik..."


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR