Deputat Azərbaycan ictimaiyyətinə səsləndi - Müsahibə

Deputat Azərbaycan ictimaiyyətinə səsləndi - Müsahibə

Asim Mollazadə: “Biz bütün dünyaya çatdırmalıyıq ki, bolşeviklər və erməni cinayətkarları tarixən Azərbaycanda etnik təmizləmə, genosid siyasəti aparıblar”

Martın 31-də erməni faşistlərinin Azərbaycanda törətdiyi soyqırım günü idi. Elə həmin tarixdə erməni separatçıları işğal etdikləri torpaqlarımızda “seçki bayramını” elədi. İşğalçı, Azərbaycan torpaqlarında soyqırımlar törədən terrorçu hərbi birləşmələrinin torpaqlarınmızda beynəlxalq hüquqa məhəl qoymayaraq etdiyi özbaşınalıq və bununla yanaşı demokratiyadan danışan beynəlxalq güclərin buna səssiz qalması absurd görünür. Nə baş verir, dünya ictimaiyyəti niyə ədalətin bərqərar olunmasına bu cür laqeyd yanaşırlar?

Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadənin Baxar.az-a verdiyi müsahibəsində bu və ya digər məqamlara aydınlıq gətirilib.

-Asim müəllim, bu günlərdə Azərbaycan xalqı növbəti acı tarixini – 31 mart Azərbaycanlıların Soyqırım Günü-nü andı. Bu tarixə baxanda nələri müşahidə etmək olar, üzləşdiyimiz bu bəlaların kökündə nə dayanır. İstərdim bu barədə fikirlərinizi bildirəsiniz?

-Azərbaycan xalqına qarşı törədilən bu soyqırım hadisəsi bolşevik və erməni millətçilərinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Bolşevik partiyasının Azərbaycandakı nümayəndəsi, Leninin təmsilçisi Stepan Şaumyanın rəhbərliyi ilə azərbaycanlıların etnik təmizləmə siyasətinin həyata keçirib, bölgəni öz nəzarətləri altına keçirmək istəyirdilər. Biz bütün dünyaya çatdırmalıyıq ki, bolşeviklər və erməni cinayətkarları tarixən Azərbaycanda etnik təmizləmə, genosid siyasəti aparıblar. Ermənilərin mənfur siyasəti bu gün də davam edir. 1 milyona yaxın azərbaycanlı etnik təmizləmə siyasətinin qurbanı olub. Hazırda Ermənistanın yerləşdiyi Azərbaycanın qədim torpaqlarında bir nəfər də olsa azərbaycanlı yaşamır, deportasiya ediliblər. Azərbaycanın qədim mədəni mərkəzi Qarabağ işğal altındadır. Qarabağın ətrafındakı bölgələrdə aparılan etnik təmizləmələrin nəticəsində orada bir nəfər də azərbaycanlı yaşamır.

- Tarixi faktlar Azərbaycana qarşı cinayət və soyqırımları sübut olaraq ortaya qoyur. Nəhayət, bu məsələ ilə bağlı Beynəlxalq Məhkəmələrə müraciət etməyin vaxtı deyilmi?

-Bunun vaxtı çoxdan çatıb. Bu istiqamətdə çox işlər görülməlidir. Bizə qarşı çox ciddi, güclü düşmən dayanıb. Onlar Azərbaycanla müharibəni tək səngərlərdə aparmırlar. Bütün dünyada Azərbaycana qarşı müharibə gedir. Ona görə də bizim dövlətimiz daha güclü olmalıdır. Azərbaycanın iqtisadi imkanları daha geniş olmalıdır ki, bu müharibədə qalib gələk. Azərbaycana qarşı erməni cinayətləri təkrar olunur. Müharibə bitməyib, müharibə daha ağır mərhələyə gəlib çatıb. Ona görə də biz hamımız səfərbər olmalı, vahid bir qüvvə kimi Azərbaycan dövlətini qorumalıyıq. Biz çalışmalıyıq ki, erməni cinayətlərini bütün beynəlxalq təşkilatlara çatdıraq. Çalışmalıyıq ki, beynəlxalq təşkilatlar məhz bu tarixi görsünlər. Biz hər zaman tələb eləməliyik ki, Qarabağda hərbi cinayətləri törətmiş, Xocalı soyqırımını həyata keçirmiş cinayətkarlar beynəlxalq tribunalın qarşısında ədalət məhkəməsinə çəkilsinlər. Biz çox iş görməliyik, çünki ermənilər dünyada kifayət qədər maliyyə və siyasi imkanlara malikdirlər. Və onlar hər bir üsuldan istifadə edərək, Azərbaycana qarşı informasiya müharibəsini aparırlar. Bu günlər Azərbaycanın vitse-prezidenti Mehriban xanım xalqa müraciət elədi. Biz bu müraciəti dünyaya yaymalıyıq. Azərbaycan dövlətinin mövqeyini dünyaya çatdırmaq üçün çox işlər görməliyik. Bu, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin müdafiəsi deməkdir.

-Erməni separatçıları 31 martda işğal etdikləri Qarabağda “parlament, prezident seçkisi” keçirdilər. Buna parlamentin, ümumilikdə Azərbaycanın münasibəti nə olmalıdır?

-Azərbaycan dövlətinin birmənalı mövqeyi var: bu, işğalçının oyunlarıdır. Təbii olaraq dünyada heç kəs bu seçkiləri tanımayacaq. Düşünürəm ki, Azərbaycanla yanaşı, ərazilərini itirmiş digər ölkələrin də bu məsələ ilə bağlı mövqeyi mühümdür. Hüququn aliliyi uğrunda mübarizə aparmaq lazımdır. Çünki bizim mövqeyimiz haqlıdır və beynəlxalq hüquq normalarına əsaslanır. Bu normaları pozanlar dünyaya bəlli olmalıdır.

Azərbaycan bununla yanaşı Parlament Diplomatiyasını gücləndirməlidir”

-Beynəlxalq təşkilatlar bizim məsələyə laqeyd yanaşırsa nə etməliyik?

-Dünyada mübarizə gedir. Çox təəssüf ki, dünyada hüququn aliliyi deyil, gücün aliliyi ilə rastlaşırıq. Haqq -ədalət uğrunda mübarizə kəskin davam edir. Bütün beynəlxalq təşkilatlarını rəhbərliyində erməni lobbiləri təmsil olunur. Onlar bir sıra istiqamətlərdə Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğuldurlar. Azərbaycan xalqının, dövlətinin imicinə xələl gətirmək istəyirlər. Ona görə də mən xalqımızı bu mübarizədə milli birliyə çağırıram. Azərbaycanlılar birləşməlidirlər. Bu oyunlara son qoymaq üçün biz dövlətimizi möhkəmləndirərək, Azərbaycanın haqqları uğrunda müharibəyə hazır olmalıyıq.

-Asim müəllim, bəs niyə bu lobbiliçilik fəaliyətini qura bilmirik?

-Mən onu xatırlatmaq istərdim ki, ermənilər bu prosesi 100 ildən artıqdır ki, aparır və kifayət qədər güclü təşkilatlanıblar. Azərbaycan gənc dövlətdir və biz bu istiqamətlərdə mübarizəyə indi başlamışıq. Son illər müəyyən addımlar atılıb. Lakin bu mübarizədə ermənilərə qalib gəlmək üçün müəyyən yol keçməliyik. Daha çox iş görülməlidir. Azərbaycanlıların bir xüsusiyyəti var ki, hamı vətəndə yaşamağa üstünlük verir. Bizim ermənilər kimi ölkələrə səpələnmiş cəmiyyətimiz yoxdur. Ermənilərin bir çoxu dünyada çox ciddi mövqelərdə çalışırlar. Azərbaycan bununla yanaşı Parlament Diplomatiyasını gücləndirməlidir. Beynəlxalq təşkilatlarda öz işini gücləndirməlidir. Bizim müharibəmiz ancaq səngırdə getmir. Bizim meharibəmiz bütöv dünyada gedir və bunu gözümüzün qarşısına alaraq Azərbaycan dövləti güclənməlidir.

T.Qafarlı


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR