Elşad Musayev:

Elşad Musayev: "Bu "seçki"ləri görməzdən gəldilər"

Beynəlxalq təşkilatlar bu "seçki"ləri görməzdən gəldi.

BAXAR.AZ-a bu barədə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev açıqlama verib.

O, müxalifətin bir araya gələ bilməməsinin də səbəbini açıqlayıb: "Qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi saxta seçkilər və Şuşada inaqurasiya mərasiminin təşkil olması ilə bağlı mövqe bildirdiyim üçün təkrar buna qayıtmıram. Adətən, bu cür "seçki"lərdən sonra ölkələrin, beynəlxalq təşkilatların mövqeyini öyrənməyə çalışırıq, əksər hallarda da hamı nəticələri tanımadığını bildirir. Amma... Avropa Şurası, onun Parlament Assambleyası bu qondarma "seçki"lərlə bağlı heç bir mövqe bildirməyib. Görməzlikdən gəlib, məsələlərə ikili standartlardan yanaşdığını nümayiş etdirib.Maraqlı olan odur ki, bizim müxalifətin əksər, xüsusən də özünü Avropanın, qərbin uşağı kimi aparan hissəsi qətiyyən səsini çıxartmadı. Özgə vaxt az qala Avropa Şurası adından danışanlar, ərkəsöyün uşaqlar kimi şərt qoymağa çalışanlar ortaya mövqe qoya bilmədilər.

Digər hissə isə münasibətləri korlamamaq səbəbilə səsini çıxara bilmədi. Yeri gəlmişkən, həm bu, həm də ermənilər tərəfindən girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi istiqamətində Avropa Şurasına qarşı prezident İlham Əliyevin mövqeyi daha obyektiv və kəskin oldu. O, Tərtər rayonundakı çıxışında qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi "saxta" seçkilərin nəticələrinin əksər beynəlxalq təşkilatlar tərəfindən tanınmadığı halda Avropa Şurasının səssiz, mövqesiz qalmasını sərt surətdə tənqid etdi.

Nəzərə alaq ki, müxalifətdə olub tənqid etmək daha rahatdır və bizim özünü müxalifət adlandıran kəsimin hər hansı bir hissəsinin Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyən hansısa beynəlxalq təşkilata, dövlətə etiraz etməməsi təəssüf və ciddi suallar doğurur. Hətta, iqtidarın kəskin tənqidindən və bununla bağlı sualların ortaya çıxacağından sonra səssizlik hökm sürürsə artıq burada suala belə yer yoxdur. Hamı soruşur ki, müxalifət niyə bir araya gələ bilmir? Bax buna görə..."

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR