İrəvanın ermənilərə verilməsindən 102 il ötdü - tarixi ərazimiz güzəşt edilməyə bilərdimi?

İrəvanın ermənilərə verilməsindən 102 il ötdü - tarixi ərazimiz güzəşt edilməyə bilərdimi?

Azərbaycanın tarixi ərazilərində Ermənistan adlı qondarma dövlətin qurulması ilə bağlı vaxtaşırı polemikalar aparılır. Heç şübhəsiz ki, “yoxdan bir dövlət” yaradan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının tarixi xidmətlərindən bəhs olunarkən “axı, onlar niyə İrəvanın  ermənilərə paytaxt kimi verilməsinə razı oldular” sualı da səslənir. 

Doğrudur, bu sual ətrafında zaman-zaman müzakirələr aparılıb, müxtəlif baxış bucaqlarından yanaşmalar ifadə olunub, amma yenə də bütün bunlar “niyə axı” sualının cavabı olmayıb. Heç şübhəsiz ki, tarixi ərazilərimizin böyük bir parçasının ermənilərə verilməsi gələcək faciələrimizin təməl daşı olub. Əgər ermənilər İrəvanın zəbtini rəsmiləşdirməsəydilər, sonradan Tərtərin qonşuluğunadək böyük bir Azərbaycan coğrafiyasını qəsb edə bilməyəcəkdilər. Lakin havadarlarının dəstəyi ilə ərazilərimizi işğal edən mənfur düşmən getdikcə daha da azğınlaşdı və indi Naxçıvana belə ağzı sulana-sulana boylanır. 

Qeyd edək ki, 1918-ci il mayın 29-da Azərbaycanın tarixi ərazisi olan İrəvan şəhəri ermənilərə güzəşt edilib. Yəni Mirmehdi xanın, Hüseynəli xanın, Hüseynqulu xanın yurdu olan İrəvanın siyasi mərkəz kimi Ermənistana verilməsinin bu gün 102-ci ildönümüdur. İrəvan o zaman konkret şərtlər əsasında ermənilərə güzəşt edilib. Yəni ermənilər birdəfəlik Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəkləri barədə öhdəlik götürüblər. 

Beləliklə, bu güzəştlə bağlı müqavilənin müddəti 99 ildən sonra öz hüquqi qüvvəsini də itirib. Hətta ermənilər özləri də etiraf edirlər ki, İrəvan heç zaman onların olmayıb, orada ermənilər yaşamayıb. Bununla bağlı Musavat.com video-açıqlamalar da yayıb. 

Tarixi sənədlərə görə, Milli Şuranın İrəvan müzakirələri zamanı M.Ə.Rəsulzadə və M.H.Hacınski Tiflisdə olmayıblar. Onlar Batumda Türkiyə ilə bir sıra məsələlər, həmçinin ermənilərin Azərbaycan ərazilərinə iddiası ilə bağlı danışıqlar aparırdılar. Üstəlik, həmin dövrdə Bakı bolşevik Rusiyasının əlində idi. Ermənilərin və bolşeviklərin törətdiyi 31 mart qırğınından qısa müddət keçmişdi, Qarabağ, Zəngəzur, Qarabağ, elə İrəvan mahalında da türk-müsəlmanlara qarşı qətliamlar davam edirdi. 

Azərbaycan prezidenti İlham Əliyev mayın 28-də növbəti dəfə tarixi torpaqlarımızın İrəvanın itirilməsindən bəhs edib. “Qobu Park-3” yaşayış kompleksinin açılışında dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bundan düzgün nəticə çıxarmaq üçün tarixi bilməlidir. “Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın” - prezident əlavə edib. 

Dəfələrlə mötəbər tribunalardan İrəvan, Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu bəyan edən, bunu hətta işğalçı ölkənin rəhbərliyinin üzünə deyən Azərbaycan rəhbəri bununla cəmiyyətə həm də tariximizi unutmamağı, üstəlik, ali hədəflər uğrunda daim çalışmağı tövsiyə etmiş olur. Ermənilər onlara məxsus olmayan ərazilər uğrunda mübarizə aparırsa, biz niyə tarixi ərazilərimizə iddia etməyək? 

İrəvanın bizdən qoparılmasının 102-ci ildönümündə mövzuya bir daha qayıtdıq. İrəvan hansı tarixi şəraitdə itirildi, Xanın yurdu ermənilərə verilməyə bilərdimi? 

Əslən Qərbi Azərbaycandan olan millət vəkili, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Musavat.com-a bildirdi ki, İrəvanın ermənilərə verilməsi bir tarixi həqiqətdir, ona görə də, əlbəttə, bu məsələdən vaxtaşırı danışılacaq: “Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixində çox böyük, şərəfli bir səhifədir, lakin bu, o demək deyil ki, o vaxt bu hökumətin buraxdığı səhvləri bu gün dilə gətirmək olmaz. Əgər biz səhvlərimizi görməyəcəyiksə, onda səhvlərimizdən necə nəticə çıxaracağıq? Əgər nəticə çıxarmayacağıqsa, demək, həmin səhvlərin təkrar olunmaq ehtimalı qalır. Möhtərəm prezidentimiz də bunu deyir. Bəli, İrəvanın ermənilərə siyasi mərkəz kimi güzəştə gedilməsi çox böyük tarixi səhv idi. Bu məsələ ilə bağlı bütün tarixi sənədlər, protokollar, yazışmalar ortadadır, Azərbaycan və Türkiyə alimləri bunu kifayət qədər araşdırıblar. Lakin təəssüf ki, bu gün bizdə bəziləri Milli Şuranın 1918-ci ildə atdığı bu səhv addıma müxtəlif bəhanələrlə az qalırlar bəraət versinlər. Bəzilər deyir, o vaxt beynəlxalq güclər bizə təzyiq göstərirdi və biz məcbur idik. Belələrinin cavabı aydındır, bu gün də Azərbaycana Qarabağla bağlı kifayət qədər təzyiqlər var, həm də o vaxtkından daha güclü təzyiqlər var, indi neynəməliyik, bu təzyiqləri bəhanə edib Qarabağı güzəştə getməliyik, sonra da bu təzyiqə görə özümüzə haqq qazandırmalıyıq? Bəziləri deyir, o vaxt İrəvan Cümhuriyyətin tərkibinə daxil deyildi. Bu, daha pis, sənin nə ixtiyarın var sənin tərkibinə daxil olmayan bir ərazini kiməsə güzəştə gedirsən? Bəziləri deyir, İrəvanı onsuz da ermənilər işğal etmişdilər. Bu da haqq vermir, işğal başqa məsələdir, könüllü imtina - başqa. 1918-ci ildə Cənubi Qafqazda tarixdə ilk erməni dövlətinin yaradılmasına razılıq və imkan verilməsi, şərait yaradılması, bu dövlətin rəsmi olaraq tanınması tarixi məsuliyyəti Azərbaycan Cümhuriyyətinin və Osmanlı dövlətinin üzərində qalır və qalacaq”. 

Ə.Ələkbərli qeyd etdi ki, son 100 ildə Cənubi Qafqazdakı faciələrimizdən, deportasiya və soyqırımlarımızdan, Qarabağ, Xocalı faciəsindən bəhs edirik: “Amma etiraf etməyə cəsarətimiz çatmır ki, bunların hamısının bünövrəsi 1918-ci ildə Cənubi Qafqazda erməni-daşnak Ararat Respublikasının yaradılması ilə qoyulub. Bu, tarixdə ilk erməni dövləti idi və bunu min illər boyu erməni yarada bilmədi, amma biz yaratdıq, hələ bir ona qədim şəhərimiz İrəvanı paytaxt da verdik, yüz minlərlə soydaşımızın taleyini palaz kimi erməninin ayağı altına sərdik. Bu məsələləri indi çox müzakirə edirlər, amma mən 1996-cı ildə özümün həmin dövr hadisələrindən bəhs edən “Abbasqulu bəy Şadlinski” (Bakı, 1996, “Sabah” nəşriyyatı”, 320 səh.) kitabımın 72-74-cü səhifələrində “Tarixi səhv - İrəvan şəhəri erməni hökumətinin siyasi mərkəzinə çevrilir” başlığı altında məsələ ilə bağlı mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Halbuki o vaxt bu məsələ hələ tarixşünaslığımızın diqqətini cəlb etməmişdi. Həmin hissəni nöqtəsinə-vergülünə toxunmadan oxuculara təqdim edirəm: “Tarixi səhv - İrəvan şəhəri erməni hökumətinin siyasi mərkəzinə çevrilir. Millidərə hadisələrindən sonra Vedibasarda birlik və mütəşəkkillik güclənsə də, burada hadisələrin gedişi bütövlükdə Cənubi Qafqazda cərəyan edən siyasi proseslərdən birbaşa asılı idi. Belə bir vaxtda, Zaqafqaziya Seyminin dağılmasının sonucu olaraq 1918-ci il mayın 28-də müstəqil Azərbaycan dövləti ilə yanaşı, müstəqil “Ermənistan” dövlətinin də yaradılması vəziyyəti bir qədər də pisləşdirir. Qafqaz tarixində ilk dəfə olaraq rəsmi erməni dövlətinin yaradılması, həm də Azərbaycanın tarixi torpaqlarında yaradılması bütün Azərbaycan xalqına, ilk öncə İrəvan quberniyası ərazisində min illər boyu yaşayan Azərbaycan türklərinə qarşı tarixi cinayət aktı idi. Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtkı rəpbərlərinin bu faktı təbii qəbul etməsi, üstəlik AXC-nin yaradılmasının səhərisi günü -1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının iclasında İrəvan şəhərinin və İrəvan qəzasının ermənilərə güzəştə gedilməsi məsələsinin müzakirə olunub səs çoxluğu ilə Azərbaycan tərəfin buna razılıq verməsi və İrəvan şəhərini “Ermənistan (Ararat) Respublikası”nın mərkəzi kimi tanıması xüsusilə düşünülməmiş addım, tarixi səhv idi”. 

Deputat qeyd etdi ki, əslində bu məsələ Azərbaycan Milli Şurasının içlasına çıxarılmamışdan öncə “Ermənistan” Milli Şurası ilə sövdələşdirilmiş, razılaşdırılmışdı: ““Ermənistan” tərəfi özlərinin həmin addımını o vaxta qədərki paytaxtları olan Gümrü (Aleksandropol) şəhərini Türkiyə qoşunlarının tutması ilə əsaslandırsalar da, mahiyyətcə, ermənilərin bu arzusuna xeyir-dua verməklə gənc Azərbaycan dövləti erməni daşnak dövlətinin İrəvan vilayətinin içərilərinə doğru irəliləməsinə rəsmi viza vermiş oldu. Təsadüfi deyil ki, həmin yığıncaqda Milli Şuranın bəzi üzvləri Azərbaycanın bu addımını çox təhlükəli və İrəvan vilayəti müsəlman əhalisinin gələcək taleyini zərbə altında qoyan bir addım hesab etmişdilər. Milli Şuranın həmin iclasında İrəvan müsəlmanlarını təmsil edən B.Rzayevin: “Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik, bizi – erməni respublikası ərazisində qalanları da unutmayasınız”, – deməsi də bir tərəfdən İrəvana sahib olan erməni millətçilərinin gələcəkdə daha dəhşətli faciələr törədə biləcəklərindən doğan narahatçılığın ifadəsi idisə, digər tərəfdən gənc Azərbaycan siyasətçilərinə atdıqları addımın tarixi məsuliyyətini dərk etmək üçün xəbərdarlıq idi. Lakin Azərbaycan dövlətinin ovaxtkı rəhbərlərinin məsələyə öz baxışları vardı və AXC hökumətinin ilk baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmmədhəsən Haçınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri həll etdik. Onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaraçaqlar. Biz İrəvanı onlara güzəştə getdik”. Hadisələrin sonrakı gedişi isə sübut etdi ki, bu “güzəşt” nəinki “bütün mübahisələri” həll etmədi, əksinə, ermənilərin əl-qolunu daha da açaraq Azərbaycanı yeni-yeni faciələrə sürüklədi.” “İrəvan verilməyə bilərdimi?” sualınıza cavabım budur: İrəvan verilməməli idi! Torpağı işğal edərlər, tarixdə belə faktlar çoxdur, amma torpağı bağışlamaq tarixdə çox az müşahidə olunan məsələdir və həmişə də millətin tarixində qara ləkə kimi qalır. İrəvana iddia qaldırmağa gələndə isə, əlbəttə qaldıra bilərik, amma məncə, bu gün millətin bütün potensialını işğal altında olan torpaqlarımızı azad edə bilmək, sonra da bütün tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq üçün maksimum dərəcədə güclənməyə səfərbər etmək lazımdır. Bütün başqa məsələlər bir kənara atılmalıdır”.

Beləliklə, 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar verdi. Milli Şuranın iclasına Həsənbəy Ağayev sədrlik edirdi. İclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər. Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür. Daha sonra X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir. 

Daha sonra səsvermə keçirilib. Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb. Hətta ermənilərlə konfederasiya yaradılması məsələsi müzakirə olunub. Qısa fikir mübadiləsindən sonra məsələ səsverməyə qoyulub. Səsvermədə iştirak edən hər kəs Azərbaycan və Ermənistan konfederasiyasının yaradılmasının lehinə səs verib. Fətəli Xan Xoyski Teymur bəy Makinskinin müştərək yolla Şuraya qoşulmasını səsverməyə qoyub və bu təklif yekdilliklə qəbul olunub. 

Lakin Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılıb, bu qərara protest elan edilib. Etirazı Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara alıb. İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törətdi. İrəvan azərbaycanlıları həm daşnak (1918-20), həm də Sovet (1920-91) hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qaldı, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdıldı, onların erməniləşdirilməsi tədbirləri həyata keçirildi. 1980-cı illərin sonlarından başlayaraq azərbaycanlılar bütün Qərbi Azərbaycan ərazilərindən, həmçinin İrəvan şəhərindən tamamilə çıxarıldı.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR