Sağlam zəmində formalaşan siyasət və təzahürləri - MÜSAHİBƏ

Sağlam zəmində formalaşan siyasət və təzahürləri - MÜSAHİBƏ

Fərəc Quliyev: “Hər kəs yeni dönəmə cəmiyyətdə özünü yeniləməklə başlamalıdır”

Pandemiyanın dünyada doğurduğu yeni dönəm özünə uyğun olaraq yeni cəmiyyətin formalaşması prosesində yeni tələblər irəli sürməkdədir. Ölkənin mövcud ictimai-siyasi sferasında cəmiyyətin rolu birmənalı qarşılanmır və əsas müzakirə mövzusu olaraq qalır. Siyasi cəmiyyət bu yeni dönəmdə hansı addımları atacaq və yaxud hansı milli əsasların üzərində dayanılmalıdır?

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən istiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bir çox nüanslara diqqət çəkib.

- Fərəc bəy, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində görülən addımları necə qiymətləndirirsiniz?

- Morqentaunun bir təsnifatında deyilir ki, ölkənin coğrafi mövqeyi, yeraltı, yerüstü sərvətləri, industirial qaynaqları nə qədər güclü olursa olsun insan  amilindən düzgün istifadə olunmazsa milli gücün faydalılıq əmsalı arzuolunan səviyyədə təzahür edə bilməz. Ona görə də istənilən ölkədə, xüsusən Azərbaycan kimi ciddi problemlərlə, mürəkkəb geosiyasi  şərtlərlə qarşı-qarşıya olan ölkələrdə siyasi münasibətlərin sağlam zəmində qurulması şox vacibdir. Azərbaycan öz iradəsindən asılı olmayaraq müharibə vəziyyətindədir, üstəlik dünyanın qəlbi deyilən bölgədə yerləişdiyindən  böyük güclərin maraqlarının toqquşduğu  platsdarmdır. Dövlət maraqlarımızın qorunmasında təkcə iqtidarın deyil, müxalifətin də, bütün vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. Siyasi palitrada təbii fərqliliklər korporativ maraqlara yox, hamı üşün vazkeçilməz milli hədəflərə  çatmanın əsasını və mahiyyətini təşkil etməlidir..

Cəmiyyətdə birliyin təmin olunmasında əlbətdə ki, iqtidar daha çox imkanlara malikdir. İlk addımlar da iqtidar tərəfindən atıldı və son zamanlar ölkənin siyasi həyatında xeyli ilkə imza qoyuldu. Prezidentin Ədalət Vəliyevin rəhbərliyi ilə yeni bir şöbəni yaratması siyasi münasibətlərin sağlam zəmində formalaşması  siyasətinin təzahürüdür. Bu istiqamətdə həm yanaşma, həm də kadr seçimi çox uğurlu olub. Partiyalarla yeni ünsiyyət və dialoq, Parlamentdə müxalifət təmsilçilərinin rəhbərlkdə təmsilçiliyi də istəyin real addımlarla müşayət olunduğunu göstərir. Yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət də ondan asılı olan cavab addımlarını atmalıdır. Məncə ölkənin taleyinə məsuliyyətini anlayan siyasi güclər bu cür də davranacaq.

“Hesabatlılıq və şəffaflıq maksimum təmin olunmalıdır”

- Bu kadr islahatları Azərbaycana hansı faydanı verə bilər?

- Yuxarıda insan amilinə toxunduq. Qanunlar, sistem abstrakt nəsnə deyil. Bunlar insan fəaliyyəti ilə fərqli təqdimat oluna bilər. Baxın, Vergilər Nazirliyi ən bərbad nazirliklərdən biri idi. Prezidentin kadr dəyişikliyindən sonra eyni nazirlik Mikayıl Cabbarovun rəhbərliyində ən rəğbət olunan nazirliklərdən birinə çevrildı. Bunu Miqrasiya Xidməti, Diaspora Komitəsi, Qaçqınlarla bağlı Dövlət Komitəsi, Kənd Təssərrüfatı Nazirliyi və s üçün də demək mümkündür. Müxalifətdə olmaq yaxşılara da pis demək fəaliyyəti deyil. Gərək dürüst, bacarıqlı kadrlar təqdir oluna, yarıtmaz, korrupsionerlər göstərilə, cəza tələb oluna. Açığı, xüsusən son vaxtlar bəzi məmurların özbaşınaliğına son qoymaq ücün aparılan əməliyyatlar kadr siyasətinin davamlı olacağına  cəmiyyətdə inam və rəğbəti artırıb. MTX “qara maskalıları” xalqın sevimlilərinə çevrilib. Məlum səbəblərdən imici zədələnmiş Milli Təhlükəsizlik Xidmətinin də yeni rəhbərlik tərəfindən işinin ustalıqla qurulması bu qurumun cəmiyyətdə hörmətini bərpa edib. Bu son dərəcə çətin, həm də sevindirici haldır.

- Necə hüsab edirsiniz, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun olmaması üçün hansı addımlar atılmalıdır?

- İstənilən ölkədə korrupsiya və rüşvətxorluq halları olur. Əsas olan bu hallara qarşı mübarizə iradəsinin olmasıdır. Mən əlbətdə, yalnız cəza mexanizminin tətbiqini faydalı olduğunu ifadə etmirəm. Bu son “stop” addımıdır. Amma bu ölçü götürülənə qədər Prezident tərəfindən dəfələrlə məmurlara xəbərdarlıq olundu. Görünür bu istiqamətdə hələ xeyli işləmək lazım gələcək. Kadr seçimində yeni yanaşmalara ehtiyac var.

Məncə hansı siyasi düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, bacarıqlı, dürüst kadrlara üstünlük vermək lazımdır. Bu, müxtəlif siyasi qüvvələrə hüquq verməklə yanaşı, həm də məsuliyyət yükü deməkdir. Hesabatlılıq və şəffaflıq maksimum təmin olunmalıdır.

Maaşların həddi, rüşvətin səddi olmalıdır. Ona görə də parlament bir çox dövlət idarələrində çalışan məmurların əməkhaqqının artırılması mexanizmi haqda qanunlarda düzəlişlər edib, bu yanaşmanı inkişaf etdirməlidir. Mən parlament fəaliyyətimdə qaldırdığım bir məsələnin də aktuallığını saxladığını düşünürəm. Hesab edirəm ki, kadr təyinatı vaxtı təyin olunan mütləq əmlakı, maddi durum haqqında bəyannamə təqdim etməlidir. Əlbətdə cəzalar da çox sərt olmalıdır. Ən mühümü isə odur ki, cəmiyyətdə hər kəs yeni dönəmə özünü yeniləməklə başlamalıdır. Bu ən faydalı yoldur.

T.Qafarlı
Versus.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR