Türk Birliyini bölən Erməni Virusu və mövcud durum- MÜSAHİBƏ

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum- MÜSAHİBƏ

 Rauf Məmmədov:Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

 

Koronovirus pandemiyası günün ən aktual mövzusu, əsas müzakirə mövzusu olaraq qalır. KoronoVirusun tüğyan etdiyi bir vaxtda regionun erməni virusu öz məkirindən geri qalmır, proseslərdən öz xeyrinə istifadə etməyə çalışır. Görünən odur ki, separatçı atəşkəsi pozmaqda davam edir.  

Regionun hazırki durumu hansı vəziyyətdədir  və proseslər hansı adekvat addımların atılmasını tələb edir.  Politoloq Rauf Məmmədov  Baxar.az-a müsahibəsində bu və ya digər məsələlərlə bağlı  bir çox nüanslara toxunub.

 

“Bu, Ermənistanın uzun müddət bizə qarşı apardığı informasiya müharibəsinin növbəti təxribatlarındandır”

 

-Rauf müəllim, koronovirus pandemiyasının tüğyan etdiyi bir dövdə beynəlxalq güclərin regionda apardığı siyasətin hansı səviyyədə olduğu  maraq doğurur. Eləcə də, Ermənistan virusun tüğyan etdiyi bir vaxtda Azərbaycanın bu prosesdən istifadə edərək müharibəyə başlamasından narahatdır. Belə bir şəraitdə ermənilərin belə iddialarla çıxış etməsi nəyə hesablanır?

 -    Düşünmürəm ki, Azərbaycanın bu durumda Ermənistana hücum planı olsun. Bütün dünya, hətta, Qərbin terror təşkilatı kimi səciyyələndirdiyi Taliban hərəkatı koronovirus pandemiyası ilə bağlı dünyaya öz həmrəyliyini bildirdi. Belə bir durumda Azərbaycanın Ermənistana hücum etməsi, onun beynəlxalq imicinə mənfi təsir göstərərdi. Deməli, Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır. Bu, Ermənistanın uzun müddət bizə qarşı apardığı informasiya müharibəsinin növbəti təxribatlarındandır.

 Onlar bununla yanaşı, son günlərdə Türkiyənin Qarabağ məsələsində hərbi-siyasi baxımdan Azərbaycanın yanında olması ilə bağlı təşvişlərini dünyaya bəyan edirdilər. Türkiyənin İdlibdə hərbi uğurları, onları narahat etməyə bilməzdi. Onlar, bununla, həm də xristian həmrəyliyinə sığınmağa və onlardan siyasi-iqtisadi dəstək almağa çalışırlar. Məhz, ermənilərin Ermənistanda və diaspora hərəkatında antitürkçülük ideologiyasından çıxış etməsi, onlara olan hərtərəfli dəstəyi təmin edir. Onlar bundan imtina etsələr, bu dəstəyi tamamilə itirər və təqibə məruz qalarlar. Çünki XX əsrin birinci rübündə yaradılan Türk Birliyini bölən Ermənistan dövləti səddir. O, yalnız sədd deyil, həm də virusdur. Azərbaycanın və Türkiyənin tarixi əraziləri hesabına genişlənmək və “Böyük Ermənistan” yaratmaq iddiası bunu təsdiq edir.

 

  -Azərbaycana, ümumilikdə regiona qarşı təhlükə mənbəyi olan “Erməni virusu”, heç də “koronovirusdan geri qalmır. Bu mənada separatçıların Qarabağda “Qondarma "seçki"lərin vaxtının martın 31-nə təyin etməsi də təsadüfi deyil. Məlumdur ki, ermənilər məhz 31 mart soyqırımı günü seçki şadyanalığı təşkil etmək və bizim kədərimizə bayram əhval-ruhiyyəsi ilə münasibət bildirmək istəyirlər. Bu nəyə hesablanır?

   -  Ermənistanın bu fəaliyyəti birmənalı şəkildə Azərbaycanı qıcıqlandırmağa yönəlibdir. Çünki bu seçkilərin heç bir beynəlxalq hüquqi statusu yoxdur. Əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, o seçkilərin təxribatdan başqa bir şey olmadığı ortaya çıxır. 

 

“Rusiya birmənalı şəkildə Dağlıq Qarabağ məsələsinin bizim xeyrimizə həll olunmasında maraqlı deyildir

- Ekspertlərin qənaətinə görə, rusiyalı politoloq Aleksandr Skakovun Tert.am sayıtna verdiyi açıqlamada  “Niyə Moskva həll edə bilməyəcəyi məsələyə görə etiraz etsin?" yaxud,  “Azərbaycan Qarabağı azad etmək istəsə, Moskva buna mane olmayacaq”  ifadələrini bir mesajdır.  Eyni zamanda “Azərbaycan Qarabağ ətrafında yaranmış status-kvodan əvvəl-axır bezəcək.  Moskva,  Azərbaycan ordusu Qarabağda irimiqyaslı əməliyyata başlasa, buna qarşı sanksiya tətbiq etməyəcək” kimi çıxışları birmənalı qarşılanmır. Nə baş verir və bu mesajlar nəyə hesablana bilər?

   - Rusiya birmənalı şəkildə Dağlıq Qarabağ məsələsinin bizim xeyrimizə həll olunmasında maraqlı deyildir. Çünki Ermənistanda onun ordusu, hərbi-bazaları var və onları bizə və Türkiyəyə qarşı istifadə edir. Rus ordusu və hərbi bazaları Azərbaycana yerləşsə belə, heç nə dəyişməyəcəkdir. İranın da bizə münasibətində dəyişiklik olmayacaqdır. Bunu birmənalı şəkildə qəbul etmək və müzakirə mövzusu etməmək lazımdır. Moskvadan ara-sıra gələn anti-erməni bəyanatları ikili xarakter daşıyır. Moskva bununla Azərbaycana demək istəyir ki, mən səni unutmuram. Digər tərəfdən, Azərbaycan adından Ermənistana psixoloji təzyiq göstərməyə çalışır. Çünki Ermənistanda Paşinyan hökuməti Moskvanın ürəyincə deyil. Moskva əsasən Qarabağ klanı ilə əməkdaşlıq edir və onları yenidən hakimiyyətə gətirmək istəyir.  Bu isə, mümkün deyildir. Çünki Yerevanlılar Qarabağ ermənilərinin hakimiyyətdə olmasını istəmirlər. Paşinyan qorxur ki, Qarabağ klanı Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə gələ bilər. Onun Qarabağa son həmrəylik səfərləri də bununla bağlı  idi. Paşinyan isə, regionda ikili oyun oynamağa çalışır. O, Rusiyanın hərbi dəstəyindən, ABŞ-ının isə maddi dəstəyindən paralel şəkildə yararlanamağa çalışır və əvəzində hər ikisinə antitürkçülük ideologiyası ilə xidmət etməyə hazır olduğunu bildirir.  

 

-Ekspertlər, hətta koronovirus başlayandan müharibələrin dayanmasına işarə edərək, dünya düzəninin yaxşıya doğru dəyişəcəyini də ehtimal edirlər. Buna fikriniz, nə dərəcədə dünya gücləri ağalıq iddiasından əl götürəcək və müharibələr səngiyəcək?

    -Dünyada müharibələrə son qoymaq mümkün deyildir. İnsan nəfsi olduqca, münaqişələr olacaqdır. Nəfs isə, bədən olduqca mövcuddur. Deməli, yer üzündə münaqişə insan nəsli yox olana qədər olacaqdır. Müharibələrin qismən dayanması üçün, bir-biri ilə mənafeləri çatışan qlobal güclərdən biri məğlub olmalı və digər güc dünya üzərində total hökmranlığını qurmalıdır. Lakin, dünyada bir-biri ilə uzlaşmayan dörd layihə mövcuddur: Uzaq Şərq layihəsi, üçüncü Roma layihəsi, Yəhudi layihəsi və İslam layihəsi. Bunlardan biri müzəffər olmayınca dünyada sülh olmayacaqdır. 

 

T.Qafarlı

 

 

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR