Həlak olan jurnalistlərlə bağlı BƏYANAT

Həlak olan jurnalistlərlə bağlı BƏYANAT

Müdafiə Xətti hüquq müdafiə təşkilatı   peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlər-Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Ağentliyinin (AZƏRTAC) müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimovun, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin işğaldan azad olunmuş Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması, bundan əlavə dörd nəfər vətəndaşın yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alması ilə bağlı dərin narahatlığını bildirir. 

Susuzluq kəndi Ermənistanla sərhəddən, müxtəlif dövrlərdə fəal hərbi əməliyyatlar aparılan ərazidən 10-12  kilometr aralıda yerləşir, odur ki, bu ərazidə mina basdırılması heç bir halda hərbi əməliyyatlarla əlaqələndirilə bilməz. İlk dəfə deyildir ki, mülki insanlar sərhəddən və ayrı-ayrı zamanlarda aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaq, istisnasız olaraq dinc əhalinin təsərrüfat fəaliyyəti ilə məşğul olduğu ərazilərdə minaya düşərək həlak olurlar, ağır xəsarətlər alırlar. Ermənistan tərəfinə dəfələrlə olunmuş müraciətlərə məhəl qoyulmayaraq minalanmış ərazilərin xəritəsinin verilməməsi, özünü münaqişənin dinc yolla həll olunmasında səlahiyyətli sayan ölkələrin və beynəlxalq qurumların xəritələrin verilməməsinə anlaşılmaz laqeydliyi təəccüb doğurur. Hərbi əməliyyatlar bitdikdən və əksər ərazilərin minalardan təmizləndiyi elan olunandan sonra yenidən Azərbaycan vətəndaşlarının mina partlayışından zərər çəkməsi minaların qeyri-hərb şəraitində basdırıldığı, bunun isə açıq terror hərəkəti olduğu haqda şübhələrə yol açır, insanlığa qarşı cinayətin araşdırılması zərurətini yaradır. 

Müdafiə Xətti hüquq müdafiə təşkilatı Ermənistan Respublikası rəhbərliyindən, sülhməramlı fəaliyyətini üzərinə götürmüş Rusiya Federasiyasından, münaqişənin həlli ilə məşğul olmalı olan təşkilatlardan minalanmış ərazilərin xəritələrinin dərhal Azərbaycan tərəfinə verilməsini, Ermənistan rəhbərliyindən işğaldan azad olunmuş ərazilərdə dinc əhaliyə qarşı terrora son qoyulmasını tələb edir.
Müdafiə Xətti - Defense Line


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR