"Hər yerdə polisə münasibət fərqlidir" - Elşad Hacıyev

 

Elşad Hacıyev: “Polis haqqında səsləndirilən mənfi fikirlərin 90 faizi qərəzli münasibətlərlə bağlıdır”

 

“Sosial şəbəkələrdə bir vətəndaş polisin ünvanına yerli-yersiz fikirlər səsləndirirdi. Bu məsələ bizə maraqlı gəldi və araşdırdıq. Məlum oldu ki, həmin şəxsin ailəsində 8 nəfər həbs olunub. Təbii ki, bu adam polis haqqında müsbət rəy yazmayacaq”.

Bu sözləri “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu gün vətəndaş-polis münasibətlərini qiymətləndirmək mürəkkəb prosesdir:

“Siz polislə bağlı küçədə sorğu keçirsəniz, ərazidən asılı olaraq nəticələr fərqli olacaq. Elə ərazilər olacaq ki, orada polisin xidməti müsbət, elə ərazilər olur ki, mənfi qarşılanır. Eyni təşkilat altında cəmləşən polisin fəaliyyətinin qiymətləndirilməsi kontingentlə bağlıdır. Tək Azərbaycanda deyil, bütün dünyada da polisə qarşı münasibət birmənalı deyil. İnsana görə dəyişir”.

E.Hacıyev onu da qeyd edir ki, sosial şəbəkədə polisin ünvanına mənfi fikirlər səsləndirən şəxslərin əksəriyyətini araşdırdığımızda qarşımıza maraqlı faktlar çıxır:

“Sosial şəbəkədə polis haqqında mənfi fikirlər yazan şəxslərdən birini araşdırdıq və ailəsində 8 nəfərin həbs olunduğunu öyrəndik. Avtomobili olmayan şəxs yol hərəkəti təhlükəsizliyi ilə bağlı polisin fəaliyyətini tənqid edir. Doğurdanmı polisə münasibətdə vəziyyəti anlamaq üçün eyni ampuladan baxılmalıdır? Təbii ki, yox. Ayrı-ayrı insanların polis haqqında səsləndirdiyi mənfi fikirlər 90 faiz onların öz qərəzli münasibətləri ilə bağlı olur. Odur ki, bütün bunlara baxmayaraq, polis-vətəndaş münasibətləri hər zaman stabil olub. Bunu biz Vətən müharibəsi zamanı da gördük. Bizim xalq bir olmağı bacarır”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR