"İskəndər" raketini Şuşaya kim atıb: Ermənistan, yoxsa Rusiya? - AÇIQLAMA

Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib. Bu barədə açıqlama ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsilçisi çıxış edib. ANAMA rəsmisi bildirib ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər. Bəzi iddialara görə, “İskəndər M” Ermənistan silahlı qüvvələrinə verilib. Lakin “İskəndər E” isə Gümrüdəki hərbi bazada olub. Belə olan halda isə vacib sual ortaya çıxır. Bir halda ki, bu silah Ermənistanın hərbi arsenalında mövcud deyil və Rusiyanın Gümrüdəki bazasında yerləşib, o zaman “İskəndər E” raketini Şuşaya kim atıb: Ermənistan, yoxsa Rusiya?.

Hərbi ekspert Emin Həsənli müsahibəsində bildirib ki, bununla bağlı mütləq açıqlama olmalıdır: “Əgər ANAMA sözügedən silahların qalıqlarını Şuşada aşkar edibsə, demək ki, bu Vətən müharibəsi zamanı atılıb. Bu raketi isə ya Ermənistan, ya da Rusiya istifadə edib, başqa variant təbii ki, mümkün deyil. Ya Kreml ixrac üçün nəzərdə tutulmayan bu silahları Ermənistana verib, ya da məhz Rusiyanın hərbi bazasından atılıb. Ona görə də, bununla bağlı Ermənistan konkret açıqlama verməlidir”.

Emin Həsənlinin sözlərinə görə, böyük dağıntı törədən silahların istifadəsi, xüsusən də əhaliyə qarşı yönəlməsi yolverilməzdir: “Şuşaya da bu raketin atılmasında məqsəd əsgər və hərbçilərin kütləvi şəkildə qətl edilməsi, yaxud da tarixi abidələrin dağıdılması olub. Ermənistan iqtisadiyyatının bu qədər silahı almağa gücü çatmaz. Odur ki, bu silahlar Ermənistana Rusiya tərəfindən hədiyyə edilib. Əgər sübut olunsa ki, “İskəndər E” tipli raketi Şuşaya məhz Rusiya atıb, o zaman Kreml bununla bağlı mütləq açıqlama verməlidir. Amma hesab etmirəm ki, Rusiya bu məsələni boynuna alacaq. Ən yaxşı halda Ermənistan bu silahları Rusiyadan alaraq öz arsenalına daxil etdiyini deyəcək. Hər bir halda Ermənistan rəsmiləri də etiraf edirlər ki, müharibənin gedişində “İskəndər” silahından istifadə olunub, ancaq raket açılmayıb”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR