Razi Nurullayev: “İndi daha çox qazanmaq zamanı yox, yardım etmək, paylaşmaq zamanıdır” - MÜSAHİBƏ

Razi Nurullayev: “İndi daha çox qazanmaq zamanı yox, yardım etmək, paylaşmaq zamanıdır” - MÜSAHİBƏ

Koronovirus pandemiyası dünyanın düzənini dəyişir. Dünya ictimaiyyəti bu prosesdən az zərərlə çıxmaq uğrunda mübarizə aparır. Koronovirusun yaratdığı mövcud durumda əhalinin maddi-mənəvi tələbinin ödənilməsi üçün atılacaq addımlarla bağlı hökumətə verilən təkliflər, görülən işlər isə birmənalı qarşılanmır və ölkənin bütün həyatı “necə etməli ki, bu pandemiyadan az zərərlə çıxa bilək”- mövzusuna köklənib.

Baxar az. bu və ya digər məsələlərlə bağlı Milli Məclisin deputatı Razi Nurullayevin fikirlərini öyrənib və hökumətin, eləcə də əhalinin bu işdə ata biləcəyi addımlara diqqət çəkib.

"İşəgötürənlər icarə haqlarının dondurulmasını müzakirə etməlidirlər”

-Razi bəy, məlumdur ki, bu gün dünya KoronoVirus pandemiyası ilə mübarizə aparır. Koronovirus qlobal inkişafın əsasını təşkil edən inteqrasiya prosesində sosial-iqtisadi, mədəni resursslarının öz sərhədlərini, qapılarını bağlayaraq ünsiyyətdən, dialoq mühitindən təcrid olma zərurətini yaradır. Bu resursslarn məhv edilməməsi üçün Azərbaycan hökuməti hansı addımları atır və daha çox nələrə ehtiyac var?

-Bu gün koronavirusla bağlı ölkədə yaranmış ağır vəziyyəti ölkə Prezidentinin və hökumətin çiyninə yıxmaq və ancaq tələb etmək doğru deyil. Bu pandemiya dünyanın əksər ölkələrini çətin vəziyyətə salıb. Onun üçün də hər bir ölkə vətəndaşı vəziyyətdən ən az itki ilə çıxmaq üçün əlindən nə gəlirsə onu etməlidir. Birinin pulu varsa, yaradılan Fonda pul köçürərərsə, töhvə vermiş olar, kimisə evdə oturmaqla ciddi yardım etmiş olar.

Məsələn, bu günlər İqtisadiyyat naziri Mikayıl Cabbarovun iki yanaşması diqqətimi çəkdi və cənab naziri dəstəkləyir və bu məsələlərdə israrlı olmağın vacib olduğunu vurğulayıram. Nazir işə götürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə səsləyib və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

Həqiqətən, bu çox ciddi məsələdir və insanların çörəyi, qazancı ilə oynamaq olmaz. İndi daha çox qazanmaq zamanı yox, yardım etmək, paylaşmaq zamanıdır. Əgər ölkə Prezidenti və Birinci vitse-prezident bir illik əmək haqlarını Fonda köçürdülərsə, bu hər kəs bir-birinə yardım etsin, paylaşsın deməkdir.

İkinci məsələ isə işəgötürənlərin icarə haqlarını dondurması məsələsidir. Cənab nazir də bununla bağlı vurğulayıb ki, "işəgötürənlər icarə haqlarının dondurulmasını müzakirə etməlidirlər ”.

Bu məsələdə də çox əhəmiyyət kəsb edir. İnsanlar icarə haqqını ödəmək üçün işə çıxır və virusun yayılma riskini artırırlar. Dediyim kimi, bu gün qazanc yox, paylaşmaq, yardımlaşmaq zamanıdır.

Virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir”

- Bir qədər öncə koronovirusdan qorunmaq məqsədi ilə insanların marketlərə, apteklərə, banklara üz tutaraq tədarük görməsi müşahidə olundu. Ekspertlər bu psixoloji panik davranışın artmasında bəzi iqtisadi, siyasi maraqların olduğunu istisna etmir. Necə hesab edirsiniz, bu fakt koronovirus təhlükəsini nə dərəcədə azalda biləcək və yaxud, Milli Məclis, eləcə də hökumət nəyi tövsiyə edir?

-Koronavirusla bağlı panika yaratmaq, vəziyyəti gərginləşdirmək, əmin-amanlığı pozmaq, əhalinin narahatlığını artırmaq, vəziyyət daha da pisləşəcək mesajları vermək doğru deyil. Virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir və birinci növbədə bunun ziyanını Azərbaycan vətəndaşları çəkəcək.

Süni şəkildə panika artıqca, insanlar banklara qaçır və əllərindəki manatı dollara dəyişmək üçün növbə tuturlar. Biz özümüz manatı dəyərsizləşdirməyək, süni bahalıq yaratmayaq, şaiyələr yaymayaq. Virus panikasını iqtidarı zəiflətmək üçün istifadə yolverilməzdir, unun ziyanını vətəndaşlar çəkəcək, islahatlar dalğasını isə dayandıracaq.

Apteklərdə bəzən spirtlər çatışmır. Çünki, bir evdə 5 ailə üzvü varsa, hamısı ayrı-ayrılqıda apteklərə üz tutur və hər gün spirt, maska alırlar. Elə ev var ki, bəlkə də yüz maskası, 200-300 spirt flakonu var. İnternetdə axtarış etdim və gördüm ki, demək olar ki, ən inkişaf etmiş ölkələrdə belə maska və spirt çatışmazlığı var. Heç bir ölkənin bir neçə illik ehtiyatı yoxdur. Belə vəziyyəti heç kim hesablamamışdı, amma şükürlər olsun ki, hər şey nəzarət altındadır və ölkəmizin vəziyyəti başqa ölkələrə nisbətən çox yaxşıdır.

Belə bir şəraitdə hökumətin addımını da qiymətləndirmək lazımdır. Vəziyyət ciddi nəzarət altındadır. Hökumət vacib olan addımları atıb və atmaqdadır. Sevinməliyik ki, bu qədər ciddi addımlar atıldı və ölkə rəhbərliyinin qətiyyətli iradəsi ortaya qoyulub. Hər gün parlament binasında oluram, müxtəlif adamlarla görüşürəm və görürəm ki, çox ciddi addımlar atılır və hökumətin elə strukturları var ki, 24 saat işləyirlər. Onlar ciddi risk altında vəzifə borclarını yerinə yetirirlər və onlara çox sağ ol deməliyik!

Zamanında görülən tədbirlər xəstəliyin qarşısının alınmasında ciddi rol oynadı”

Koronovirus pandemiyası dünyanı narahat etdir. Buna baxmayaraq virusla bağlı yaranan ajiotaj, narahatlıq daha azdır və şükürlər olsun ki, xəstəliyə yoluxmuş insanların da sayı çox azdır. Biz digər ölkələrlə müqayisələr aparsaq, həmin ölkələrdə daha böyük ajotajın və daha çox tibbi ləvazimatların, ərzaqın çatışmazlığını görərik. Şükürlər olsun ki, Azərbaycanda belə bir ciddi çatışmazlıq yoxdur. Və görülən tədbirlər nəticəsində bir çox məsələlərin qarşısı alınıb. Maqazinlər işləyir, supermarketlərdə demək olar ki, hər şey var. Və bu cəhətdən Azərbaycanın bəxti gətirib. Çünki zamanında görülən tədbirlər xəstəliyin qarşısının alınmasında ciddi rol oynadı. Bu gün əgər Dünya Səhiyyə Təşkilatının səhifəsinə baxsaq Çində 81 min nəfərin yoluxduğunu görərik. Amerikada 15 min, Fransada 15 minə yaxın insanın, Almaniyada 18 minə yaxın, İranda isə 20 minə yaxın insanın yoluxduğunu görərik. Amma Azərbaycanda bunun sayı azdır və mən deməliyəm ki, Azərbaycan insanlarının da kifayət qədər səbr, dözüm göstərməsi, əhəmiyyətli rol oynayır. Hərçənd, bir çox insanlar, qorxudan, yaxud başqa məqsədlərdənmi, sosial şəbəkələrdə və digər resursslarda ajiotaj yaratmağa meyilləndi və təbii ki, ajiotajın yaradılması, insanların panikaya salınması Azərbaycanı insanlarının, xeyrinə deyil. Onun üçün də mən vətəndaşlarımızı daha səbrli, adaha dözümlü olmağa, əllərində olan resurssları paylaşmağa dəvət edirəm. Paylaşmaq gözəl hissdir, paylaşmaq gözəl bir ənənədir. Ona görə də əlimizdə olanları digər dostlarımızla, qonşularımızla, tanışlarımızla paylaşaq.

Sadəcə olaraq, insanlarımız, panikaya, şaiyəyə, əsasız statuslara, mıqalələrə, çıxışlara yol verməsin. Tutaq ki, neftin ucuzlaşmasına sevinməsin! Çünki neft ucuzlaşdıqca, əhalinin sosial rifahı üçün həyata keçirilən layihələr də dondurulur. Uşaq pulu məsələsi gündəmdə idi, onu ən çox mən qaldırırdım, daha bunu edə bilmirəm. Ölkənin kasıblaşmasına sevinməyin! Həmrəylik, inteqrasiya zamanıdır!

-Razi bəy, ümumiyyətlə, belə bir şəraitdə siyasi təşkilatlar, iqtidar-müxalifət partiyalarından hansı addımların atılması tələb olunur?

-Azərbaycanda artıq Prezident tərəfindən iqtisadiyyatın saxlanılması, gələn təhlükələrin qarşısının alınması üçün, sahibkarlıq subyektlərinin müdafiəsi üçün bir milyarda yaxın vəsait ayrılıb, koronovirusala bağlı prezident tərəfindən fond yaradılıb və ora 20 milyon manat pul köçürülüb. Artıq digər biznes subyektləri, idarələr, təşkilatlar, fiziki şəxslər tərəfindən də ora pullar köçürülüb. Bu da onu deməyə əsas verir ki, artıq Azərbaycanda kifayət qədər resursslar, maliyyə mənbələri əmələ gəlib ki, daha da qabaqlayıcı tədbirlər görülsün. Görülən tədbirlərin də effektivliyini artıqmaq üçün digər işlərə də rəvac verilsin. Bununla bərabər insanların işləri saxnalımaqla, əməkhaqqları saxlanılmaqla 1 ay evlərində oturmaları ilə bağlı sərəncam oldu. Mən hesab edirəm ki, bu doğru qərardır və burada narahatlığa əsas yoxdur. İnsanlar işlərini itirməyəcəklər, pullarını ala biləcəklər.

Amma bütün bunlara baxmayaraq, bəzi narahatlıqlar var. Bu da kredit borclarının verilməsi ilə bağlı, insanların evdə oturduqlarına görə daha çox qaz, işıq enerjisindən istifadə edəcəkləri və taariflərin artacağı ilə bağlı narahatlıqlar var. Mən ümid edirəm ki, hökumət insanlarımızın əhvalının, sosial rifahının yaxşılaşdırılması və onların üzərinə ciddi maliyyə yükününü düşməməsi üçün də lazımi addımları atacaqdır. Belə bir vəziyyətdə israrla müxalifətin, ümumiyyətlə vətəndaşlar arasında həmrəyliyin yaradılmasının lehinəyəm. Düşünürəm ki, bu gün hakimiyyət digər düşüncə sahibləri müxalifət nümayəndələri ilə daha sıx təmas yaratmalıdır, onlarla müəyyən məsləhətləşmələr aparmalıdır. Və belə bir məqamda bir şans yaranıb ki, iqtidarla müxalifət arasında daha isti münasibətlər olsun və bu münasibətlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının rifahına xidmət etmiş olsun.
 

Bu, Azərbaycanda siyasi vəziyyətin bu və ya digər təşkilatın xeyrinə dəyişməsinə dəlalət edə bilməz”
 

-Belə bir vəziyyətdə, siyasi məqsədlər üçün neftin ucuzlaşmasına sevinmək kimə dvident gətirə bilər. Burda sizi narahat edən məqam nədir və iqtidarlı müxalifətli hansı addımlar atılmalıdır?
 

-Məni narahat edən bir məqam da neftin ucuzlaşmasıdır. Azərbayacan iqtisadiyyatı hələ də neftdən asılıdır. Son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm tədbirlər görülsə də, hələ də bunlar qənaətbəxş deyil və Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdə qalmaqda davam edir. Bunun üçün də neftin ucuzlaşmasın sevinmək lazım deyil. Mən bütün Azərbaycan vətəndaşlarına fikrindən. Düşüncəsindən, əqidəsindən, siyasi statusundan asılı olmayaraq müraciət edirəm ki, neftin qiymətinin düşməsi ilə bağlı ajiotaj yaratmağa çalışmasınlar. Buna sevinməsinlər. Çünki neftin ucuzlaşması Azərbaycanda heç də digər situasiyanın yaranması anlamına gəlmir. Kiminsə hansısa siyasi məqsədinin yerinə yetirilməsi anlamına gələ bilməz. Bir neçə dəfə şahidlik etdik ki, neftin qiymətinin ucuzlaşması heç də Azərbaycanda siyasi münasibətlərin dəyişməsinə dəlalət etmir. Ancaq Azərbaycan xalqının sosial vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxardır. Bunu Azərbaycan xalqı özü hiss elədi gördü. Yaxşı olardı ki, biz Azərbaycan xalıq arasında neftin ucuzlaşması ilə bağlı bir əhval-ruhiyə yaratmayaq. Neftin qiymətinin aşağı düşməməyi Azərbaycan xalqının rifahı üçündür. Heç də kiminsə siyasi məqsədlərinə və yaxud da bu, Azərbaycanda siyasi vəziyyətin bu və ya digər təşkilatın xeyrinə dəyişməsinə dəlalət edə bilməz. Mən hər kəsi həmrəyliyə, birliyə inteqrasiyaya dəvət edirəm. Allah Azərbaycanımızı qorusun!

Ləman

Baxar.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR