"Parlamentdə deputatların sayı artırılmalıdır"

Azərbaycan Respublikasının Milli Məclisində 5 dairə üzrə deputat yeri boşdur. Bu 5 dairənin deputatı yoxdur, bəs, onları Milli Məclisdə kimlər təmsil edir? Hakimiyyət gecikmirmi boş qalan dairələr üzrə seçkilərin keçirilməsinə? Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı BAXAR.AZ-ın suallarını cavablandırıb. O bildirib ki, seçkilərin keçirilməsi üçün hakimiyyət gecikir:

"Bu dairələrin deputatı Milli Məclisdə yoxdur, digər 120 deputatında böyük əksəriyyəti yox kimi bir şeydir. Lakin hakimiyyət bu dairələr üzrə seçkilərə artıq başlamalıdır. Nəinki bu dairələr üzrə, hətta parlamentdə dairələrin sayı artırılmalıdır".

- Siz Azərbaycan parlamentində deputatların yerinin artırılmasını təklif edirsiniz? Həm də kənardan da elə başa düşülə bilər ki, bu 120 deputat nə etdi ki, 150 deputat nə edəcək?

"Təbii ki. Təmsilçilərin sayı çoxalsa,  xalqın birbaşa orada iştirakı çoxalır. Biri var 10 milyon xalqı 125 millət vəkili təmsil etsin, bir var 10 milyon xalqı 150 millət vəkili təmsil etsin. Yəni sizcə, 125 millət vəkili 10 milyon xalqın səsini, sözünü çatdıra bilir mi? 
Çatdıra bilmir. Bir millət vəkilinə orta hesabla düşən seçici sayı 40000-dir. Bir millət vəkili 40000-nin qarşısında necə dura bilər? 40 000 seçicinin problemləri, dərdləri, fikirləri. Bunun sayı 150-ə artırılmalıdır, hətta bundan da çox ola bilər. Majoritar sistem ləğv olunmalıdır, proporsional sistemə keçilməlidir. Yəni partiyalar namizədlər verməlidir. Yoxsa  biri toyuq ferması var deyə biraz pul verir gəlir parlamentdə oturur,  hamısı gəlib parlamentdə oturublar. Dövlətçilik anlayışı olan insanlar da qalıb kənarda. Sən millət vəkilisənsə, millətin vəkilliyini et. Xeyriyyəçisənsə, xeyriyyəçiliyini et. Dövlət idarəçiliyinin peşəkarlaşdırılması parlamentdən başlamalıdır və parlamentin də peşəkarlaşması proporsional sistemə keçiddir. Biz Parlamentar respublika idarə üsuluna keçilsin demirik.
Biz parlamentar idarəetmə metodunun tərəfdarı deyilik. Prezident üsülü idarəçiliyin tərəfdarıyıq. Amma parlament seçkilərinin proporsional keçirilməsinin tərəfdarıyıq. 1-ci mərhələdə 50% olsun, ikinci mərhələdə 100% olsun. Amma bizdə hələ də ayrı-ayrı dairələrdə keçirilir. Bu pərakəndəlikdir."
 
- Tural, bəy 125 deputatın iştirak etdiyi seçkidə də saxtalaşdırma oldu, sabah 150 olsa, onda necə olacaq?

"Təbii ki, biz burada demokratik seçki mühitindən danışırıq.  125 deputatdan 50-i demokratik seçki ilə keçsə, bu , indiki vəziyyətdən yaxşıdır. Yəni 125 dairədən heç olmasa 50-si demokratik keçirilməlidir. Demirəm 50-si də müxalifət olsun. Məni xalq seçmirsə, mənim parlamentdə nə işim var? Amma demokratik seçki mühiti yaradılsın. 
Dövləti normal idarəetməyə və gələcək nəsillərə sözün həqiqi mənasında demokratik və normal qaydalarla idarə edilən bir dövlət ötürmək lazımdır. Nazir çıxır, nazirlik ləğv olunur. O icra başçısı oradan gedir, rayon batır. Artıq normal dövlət idarəçilik sistemini yaratmaq lazımdır. Yoxsa Siyavuş Novruzla nə dövlət idarə sistemi yaratmaq olar axı? Aparıb mandatını lombarda qoyan millət vəkili ilə nə dövlətçilik ənənəsi yaratmaq olar axı?"

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR