Prezident sülh məsələlərinin vacibliyini leytmotiv etdi

Prezident sülh məsələlərinin vacibliyini leytmotiv etdi

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirdiyi mətbuat konfransı bugünədək həm ölkəmizdə, həm də dünya mətbuatında gündəmdə qalmaqdadır. Bu da səbəbsiz deyil. Dövlət başçımızın 35 jurnalistin qatıldığı tədbirdə 4 saatdan artıq müddətdə 50-dən çox sualı 4 dildə cavablandırması doğrudan da çoxlarını təəccübləndirib. Bəlkə də buna “heyrətləndirib” demək daha düzgün olardı.

Açıq demək lazımdır ki, belə bacarıq və qabiliyyət heç də bütün siyasi liderlərə xas deyil. Bunun üçün yüksək intellekt, zəngin dövlətçilik təcrübəsi, diplomatik manevrlər etmək bacarığı və digər keyfiyyətlərə malik olmaq bacarığı tələb edilir. Əslində cənab Prezidentin hələ 44 günlük Vətən müharibəsi dövründə xarici jurnalistlərə verdiyi ardıcıl müsahibələr zamanı da ölkə başçısının hazırcavablığını, məntiqi mühakimələrini, real vəziyyəti analitik şərh etmək bacarığını müşahidə etmişdik. Həmin günlərdə də cənab Prezident sanki təkbaşına informasiya müharibəsi aparırdı və biz bunun da şahidiyik ki, daim qalib gəlirdi.

Nəzərə alaq ki, 10 noyabr bəyanatından təxminən 4 aya yaxın vaxt keçir. Bu müddət ərzində tərəflər arasında atəşkəs əldə olunsa da, informasiya müharibəsi davam edir. Sözügedən mətbuat konfransında İlham Əliyev bir daha sübut etdi ki, hazırda da davam edən informasiya müharibəsinin önündə özü gedir. Əlbəttə, bu, hər birimiz üçün qürurvericidir və hətta mətbuat konfransında iştirak edən bir neçə əcnəbi jurnalist dövlət başçımızın xüsusi bacarığını dilə gətirdilər.

Prezidentin yerli və xarici media nümayəndələri ilə görüşünə qədər məchul suallar toplanmışdı.

Fevralın 26-da keçirilən mətbuat konfransında isə Azərbaycan Prezidenti elə bir məsələ qalmadı ki, ona aydınlıq gətirməsin. Beləliklə, çoxsaylı prioritet məsələlərin dövlət başçısı tərəfindən hərtərəfli izahı verildi və bizlərdən hər birimiz əmin olduq ki, bütün işlər öz qaydasında gedir. 

İlham Əliyevin jurnalistlərin verdikləri sualları cavablandırarkən regionda sülh məsələsinin vacibliyini əsas leytmotiv kimi önə çəkməsi təsadüfi deyildi. Azərbaycan Prezidenti bununla bir daha dünyaya mesaj verdi ki, Ermənistanda hakimiyyətdə kimin olacağından asılı olmayaraq 10 noyabr bəyanatı yerinə yetirilməlidir. Dövlət başçısı bunu məntiqlə əsaslandırdı və Ermənistan tərəfinə yenidən şans verdi. Yəni, revanşist xülyalar mənasızdır və hətta belə olacağı təqdirdə  Azərbaycan buna çox sərt cavab verəcək.

Nəzərə alaq ki, 10 noyabr bəyanatından sonra Cənubi Qafqazda çox böyük perspektivlər yaranıb. Artıq müəyyən işlərə start verilməsi isə Dağlıq Qarabağ münaqişəsinin gerçəkdən bitdiyini göstərir. O ki, qaldı son zamanlar daha çox müzakirə olunan status məsələsinə, İlham Əliyev buna dair də özünəməxsus tərzdə cavab verdi: “Mən statusun ünvanını göstərmişəm...!” Kommunikasiyaların açılması, Zəngəzur dəhlizindən istifadənin əhəmiyyəti, Qarabağa investisiya qoyuluşu, həmin zonanın “Yaşıl enerji” məkanına çevrilməsi, “ağıllı kənd” layihələri, günəş və külək enerjisindən istifadə, kənd təsərrüfatının dirçəldilməsi, ekoloji problemlərin həlli, sudan səmərəli şəkildə faydalanmaq və digər məsələlər diqqət mərkəzində oldu.

Tədbirdə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə bağlı sualı cavablandıran ölkə başçısı vurğuladı ki, bunun üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Daha sonra infrastruktur qurulmalı və yalnız bundan sonra “Böyük Qayıdış” həyata keçirilməlidir.

Məlum olduğu kimi, artıq bu məqsədlə işlərə başlanıb. Füzuli-Şuşa yolunun inşası, Göy-göl bölgəsindən Kəlbəcərə çətin relyef şəraitində digər yolun, habelə dəmiryolu xətlərinin çəkilməsi də əsas məsələlərdəndir. Təbii ki, bu məsələlər kifayət qədər maliyyə vəsaiti və zaman tələb edir.

Azərbaycan Prezidenti jurnalistlərə təəssüflə bildirdi ki, erməni vandalları Qarabağ zonasında ekoloji mühitə də böyük zərbə vurublar, 54 min hektar meşə sahəsi qırılıb, düşmən bundan parket hazırlayaraq qanunsuz şəkildə faydalanıb. Bura qızıl, filiz, mis mədənlərinin də xarici şirkətlər vasitəsilə istismarını əlavə etmək olar. Bundan əlavə 100 min hektar torpaqda illərlə əkin-biçin işləri aparılıb. Prezident bütün bu cinayətlərə görə qarşı tərəfin beynəlxalq məhkəmələrə çəkiləcəyini bəyan etdi.

Bu da aydın oldu ki, Azərbaycan tərəfi hələlik Qarabağ zonasında vətəndaşlar üçün evlərin tikilməsinə vəsait ayırmasına tələsmir. Dövlət başçısı izah etdi ki, tələm-tələsik iş görmək ziyanlıdır və hər şey planlaşma üzrə getməlidir.

Son zamanlar rus dilinin Qarabağda ikinci dövlət dili olacağı iddialarına cavab verən ölkə Prezidenti bunun da yalan olduğunu qətiyyətlə bildirdi. Sözsüz ki, işğaldan azad olunan torpaqlarda mədəni-tarixi abidələrin dağıdılması məsələsi də gündəmə gəldi (67 məsciddən cəmi biri qalıb) və onların yenidən bərpa ediləcəyi vurğulandı. Bu sahədə İSESCO ilə razılığın əldə olunması toplaşanlara bəyan edildi.

Sözsüz ki, Prezidentin mətbuat konfransı hələ bir müddət gündəmdə qalacaq.

Əliabbas Salahzadə,
Millət vəkili

oxu.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR