Qazi ata, dörd güllə və snayperin son döyüşü - REPORTAJ

Qazi ata, dörd güllə və snayperin son döyüşü - REPORTAJ

Ayağından yaralansa da, sürünə-sürünə mövqeyini dəyişib, yenidən ayağa qalxıb döyüşə atılıb. Sinəsindən aldığı 4 güllə yarası ilə şəhidliyə qovuşub.

BAXAR.AZ xəbər verir ki, söhbət Vətən Müharibəsinin iştirakçılarından biri olan Sumqayıt sakini Kənan Allahverdiyevdən gedir. 

O, 2002-ci il fevralın 10-da Sumqayıt şəhərində anadan olub. Sumqayıtda yerləşən Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Dərslərində əlaçı olmasa da, bütün müəllimlərinin sevimlisi olub. Dürüstlüyü, təmizliyi və tərbiyəsi həmişə onu diqqət mərkəzində saxlayıb. 

Atası Mərdan Allahverdiyev Birinci Qarabağ Müharibəsinin qazisi olub. Ailənin 3 övladından biri olan Kənan evin sonbeşiyi, sevimlisi idi. Bütün ailə üzvlərinin gözündə həmişə uşaq olan Kənan etdiyi qəhrəmanlıq, ucaldığı bu zirvə ilə birdən-birə böyüdü. Elə uşaqlıqdan heç nədən qorxmazdı. Atası Mərdan Allahverdiyev deyir ki, Vətən Müharibəsi başlayanda Kənan 6 ay idi ki, hərbi xidmətdə idi: “Snayper kurslarına getmişdilər. Oradan bölünmüşdü Tərtər şəhərinə. 2002-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayan zamanda Tərtər istiqamətindən hücuma keçmişdilər. Suqovuşan uğrunda oktyabrın 2-də şəhid olub, 4-də torpağa tapşırılıb”.

Oğlu ilə son danışığını xatırlayan Mərdan Allahverdiyev deyir ki, həmin günü Kənanın əsgər yoldaşları da öz valideynləri ilə danışıblarmış. Sanki bu, son zəng, vida zəngi imiş: “Sentyabrın 30-u günü, səhər saat 10 radələri idi. Zəng gəldi və söylədi ki, ata, mənəm. Dedim, bala, hardasınız? Dedi, ata, narahat olma. Heç bir söz söyləmədi. Hətta mənim tanıdığım yoldaşlar var idi. Onların da övladları, bacısı uşaqları döyüş bölgəsində idilər. Onlar da deyirdi ki, heç biri danışmır. Həmin günü bizimlə danışarkən mən həmin yoldaşlarla da danışdım. Dedilər ki, bizim uşaqlar da danışıb. 30-u günü son danışığımız oldu. Deməli, vida zəngi imiş. Bütün uşaqları həmin vaxtı danışıb halallaşmışdı evlə”.

Bir insan gələcəklə bağlı nə arzulayar, hansı xəyalları qurar? Təbii ki, sonsuz xəyalları var hər kəsin. Anası Ruhiyyə xanım deyir ki, Kənanın xəyalı, arzusu bir olub - şəhid olmaq: “Hər zaman deyirdi o. Əsgərliyə hələ bir il var idi getməyinə. Bir gün gəldi ki, ana, sənə deyəcəklər ki, şəhid anası. Dedim, atam, o, nə sözdür danışırsan? Nə uşaq-uşaq danışırsan. Yeri çıx get burdan. Dedi, niyə, ana? Ondan gözəl  söz var? Dedim, o, gözəl söz ola bilər. Amma mənim üçün bir dərd olar. Demə o sözü. İnan, əsgərliyə gedəndə də o sözü dedi. Başını dik tut, hər şey ola bilər əsgərlikdə”.

Uşaqlıqdan qəhrəmanlıq filmlərinə maraq göstərən Kənan izlədiyi kinolardan daha da həvəsə gəlib. 6 ayın əsgəri olan Kənan qardaşı Nicatla axırıncı dəfə sentyabrın 20-də görüşüb: “Mənə demədi təbii ki, məni pis eləməməkdən ötrü. Dostlarım da mənimlə getmişdi. Onlara da demişdi ki, şəhid olacağam mən. Kursda bir yerdə olduğu, snayper kursunda bir yerdə olduğu uşaqlar var ki, əsgər yoldaşları ilə danışmışam. Onlar da dedi ki, bəs kursda bir yerdə olanda deyirdi mən şəhid olacağam. Kim bilirdi ki, müharibə olacaq, amma yəni o qədər ürəyinə dammışdı”.

Kənan Talış kəndi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Döyüşə snayperçi kimi qatılır və xeyli sayda ermənini məhv edir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə ayağından yaralansa da, geri çəkilmir. Yenidən döyüş meydanına atılır. Son anda da qorxmadan, çəkinmədən düşmənin üstünə gedir. Sinəsindən aldığı 4 güllə yarası ilə oktyabrın 2-də şəhidliyə qovuşur. 

Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan əsgər Kənan Allahverdiyev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR