Fuad Əliyev:

Fuad Əliyev: "Torpağımda özbaşınalıq edirsə, separatçıları dəstəkləyirsə, buna hamılıqla etirazımızı bildirməliyik"

Sentyabrın 27-də başlayan əks hücum - 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatsa da, hələ də ərazi bütövlüyümüzün tam bərpası prosesində mübarizəmiz davam edir. Dağlıq Qarabağ münaqişəsinin bitdiyi deyilsə də, status-kvo cəhənnəmə getsə də, Rusiya sülhməramlılarının ərazilərimizə gətirib “bəslədiyi” erməni köçkünləri, cinayətkar separatçılara qayğıkeşliyi bu missiyanın “separatizmin toxumunu” yenidən cücərtməyə hesablanıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində əslində xalqlar arasında sülh yaratmağa gələn rusların ta əvvəldən ermənipərəst mövqe tutduğu bəllidir. Ona görə də üçtərəfli 10 noyabr bəyanatından kapitulyasiyaya imza atan Ermənistan yenə də işğalçılıq siyasətindən əl çəkmir. O zaman Rusiya sülhməramlılarının erməni silahlılarını nəyə görə tərksilah etməməsi, nəyə görə 50 min ermənini Qarabağa köçürməsi, Qarabağda hərbi təlimlər keçirməsi, Azərbaycan ərazilərində öz bildiyi kimi hərəkət edib azərbaycanlıları ermənilərlə paralel öz evlərinə qaytarmaması, ermənilərin himayəçisi kimi çıxış etməsi niyə Azərbaycan cəmiyyətinin etirazına, narazılığına səbəb olmamalıdır? Rusiyalı politoloqların gəlib bizim İctimai televiziyada sülhməramlıların Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olduğunu sırıması, guya Azərbaycanın bu missiya ilə bağlı yanlış düşünməsi ilə bağlı boğazdan yuxarı proqnozu birmənalı qarşılana bilməz. Rusiya sülhməramlılarının Azərbaycanda öz missiyasını doğru-düzgün icra etmədiyini qəbul etməyən cəmiyyət niyə öz etirazını bildirməməlidir. Yaxud “biz” erməniyə dəstək verən, öz işini düzgün icra etməyən sülhməramlıya etirazımızı məhdudlaşdırmaqla hansı rus dayılarının xoşuna gəlmək istəyirik? Doğrudanmı rusiya sühməramlılarının “erməni himayiçisi kimi çıxış etməsi təkcə liberalları və qərbyönümlüləri narahat edir?

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı məqamlara diqqət çəkib.

 

- Fuad bəy, Qarabağ ərazisində gedən mövcud vəziyyəti necə təhlil edərdiz. Belə fikirlər var ki, sanki Rusiya sülhməramlıları ilə bağlı hər şey qaydasındadır və bu missiyanın fəaliyyəti ilə bağlı təkcə liberal düşüncəli və hansısa qərbyönümlü qruplar narahatdır.

 

- Bu gün sülhməramlıların regiona gəlişi ilə bağlı ölkəmizdə yaranan narahatlıq və narazılığın səbəbləri hər birimizə bəllidir. Hesab edirəm ki, ortada bunun üçün kifayət qədər faktlar olmasına baxmayaraq rus politoloqunun sülhməramlılarla bağlı ictimai narazılığın əsl səbəb və mahiyyətini açmaq əvəzinə, problemin liberal düşüncəli insanların və qərbyönümlü müəyyən dairələrin üzərinə atılması yanlışdır. Əgər Rusiya sülhməramlıları bu gün öz öhdələrinə düşən işi doğru-düzgün həyata keçirmirsə, az qala erməniyə dayılıq edirsə, belə bir missiyaya qarşı etirazı təkcə liberallar, yaxud qərbyönümlülərin üzərinə atmaqla problemi məhdudlaşdırmaq olmaz. Bu, sülhməramlıların özbaşına məsuliyyətsiz hərəkətlərinin mahiyyətinin gizlədilməsi məqsədi güdür. Əgər sülhməramlıların regiona gəlişi ilə bağlı etirazın liberallar tərəfindən irəli sürüldüyü deyilərsə, konkret olaraq öz partiyamız adından deyə bilərəm ki, biz birinci növbədə Azərbaycan vətəndaşıyıq və istər Rusiya sülhməramlıların, istərsə də başqa sülhməramlıların burda olmasının əleyhinəyik. Sülhməramlıların öz işini görə bilməməyini deyiriksə, ölkə daxilində bunu hansısa xüsusi ideologiyaya xidmətlə əlaqələndirmək doğru deyil. Azərbaycanın Vətən Müharibəsində monolit bir güc olaraq meydana çıxmasını heç kəs unutmasın. Azərbaycanın ərazi bütövlüyü təhdid olunarsa, dövlət başçısının da dediyi kimi, hələ o Dəmir Yumruq durur. Ola bilər ki, belə təxribatçı çıxışları rusiyayönümlü qüvvələr, hansısa təşkilatlar qaldıra bilər. Amma sülhməramlıların öz missiyasını düzgün yerinə yetirməməsinə etirazı təkcə liberallarla əlaqələndirmək doğru deyil. Biz bir vətəndaş olaraq sülhməramlıların 3-cü, 4-cü 5-ci qüvvələr adı ilə Azərbaycanda uzunmüddətli qalmasının əleyihnəyik. Sözsüz ki, sülhməramlıların faliyyəti ilə bağlı çoxlu narahtçılıqlar var. Amma Azərbaycan vətəndaşları Dağlıq Qarabağa qayıdandan sonra sülhməramlılara ehtiyac olmayacaq, ümumiyyətlə, ərazilərimizdən çıxıb gedəcəklər. Rusiya politoloqu da bunu etiraf edir ki, - “işğalla bağlı düşünməyə heç bir narahatçılıq yoxdur”.

 

- Əgər sülhməramlılar ermənilərə himayəlik edirsə və özünə aid olmayan işlərlə məşğil olursa, sanki erməniləri müdafiə etməyə gəlibsə, bizim ümumi narahatlığımızı nəyə görə hansısa qərbyönümlülərin, yaxud liberalların adı ilə gizlətməyə çalışırlar. Sülhməramlıların erməniyə dayılıq etməsini gizlətməklə, yaxud liberalların, qərbyönümlülərin üstünə atmaqla Qarabağda problemi necə həll edə bilərik?

 

- Sülhməramlılar imzalanan üçtərəfli bəyanatın bəndlərindən kənara çıxırlarsa, cəmiyyət olaraq buna etiraz etməliyik və öz tələblərimizi deməliyik. Biz belə hallarda cəmiyyət olaraq yenə də birləşməliyik. Ən əsası da ciddi reaksiyalar hökumət tərəfindən bildirməlidirlər. Bu gün Azərbaycan cəmiyyətinin adından həmin hərbi sənədə imza atıblar və bu gün bizi təmsil edirlər. Hökumət nümayəndələri Azərbaycanın suverenliyini təhdid edən hər bir məqama qarşı çıxmalıdır. Biz də xalq olaraq sözsüz ki, hökuməti dəstəkləyəcəyik və istər rus sühməramlılarının özbaşına hərəkətlərinə, istərsə də Azərbaycanda vəziyyəti yenidən gərginləşdirməyə çalışan Qərb qüvvələrinə qarşı çıxmalıyıq. Biz hansısa qüvvələrin əli ilə Azərbaycana qarşı edilə biləcək növbəti xəyanətin qarşısını almalıyıq. Bu məsələdə istər liberal demokrat partiyası olsun, istərsə də digər partiyalar, birləşməlidirlər.

 

- Rusiyalı politoloq gəlib burda “kimlərsə düşünür ki, Putin gəlib Qarabağı alacaq” ironiyası ilə çıxış edir. Sanki Rusiyanın və yaxud Rusiya ekspertinin Qarabağla bağlı niyyətləri ona bəli deyil.

 

- Təbii ki, regionda marağı olan bəzi qüvvələr, xüsusilə də Azərbaycanda fəaliyyət göstərən “5-ci kolon” öz maraqlarına xidmət etməyə çalışacaq. Putin özü dəfələrlə deyib ki, Qarabağ Azərbaycan ərazisidir. Biz bu fikri əsas götürüb onun şərhini verməliyik və onu təbliğ etməliyik. Bizim üçün dəyişməs bir reallıq var ki, Qarabağ Azərbaycan ərazisidir, biz o torpaqlar uğrunda şəhidlər verdik və onu qorumağa hər an hazırıq. Bütün müzakirələrimiz məhz onun əsasında aparılmalıdır. Kimlərsə öz maraqları naminə hansısa separatizmi ruhlandıran çıxışları daha çox tirajlayır. Bəziləri bəzi fikirləri kantekstdən çıxarıb göstəririlər ki, ruslar ərazilərimizə soxulub Qarabağı yenə də işğal ediblər. Mən yenə də bu məsələdə dövlət başçısı İlham Əliyevin dediyi fikirlərlə razıyam ki, üçtərəfli bəyanata imza atılıb və bütün işlər mərhələli şəkildə yerinə yetiriləcək. Fakt budur ki, biz mərhələli şəkildə Qarabağa qayıdırıq. Birinci mərhəldə ordumuzun zəfəri, ikinci mərhələdə diplomatik yolla 3 rayonu azad etdik, 3-cü mərhələdə isə bərpa işləri və  Azərbaycan əhalisinin o yerlərə qayıtması məsələsi həllini tapacaq. Düzdür, erməni sepratçıları Qarabağda, Xankəndidə hər cür təxribatçı oyunlardan çıxırlar, amma birmənalı olaraq bilsinlər ki, onların heç bir cəhdlə yenidən cücərmələrinə yol verilməyəcək. Kimlərsə yenə də çalışırlar ki, Rusiyanın bizi işğal etməsi fikrini bizə sırısınlar. Yaxud, bu gün Putinin yaxşı lider olması, yaxud olmaması bizim üçün maraqlı deyil. Putin bizim dövlətin başçısı deyil. Bəli, Putin dünyanın iki nəhəng dövlətindən birinin lideridir. Bizim üçün qonşu dövlətdir. Amma hər halda sülhməramlıların Qarabağa gətirilməsi ilə sanki Putinin bizə yaxşılıq etməsi kimi önə çəkilən fikirlərlə də razılaşmıram. Təbii ki, böyük qonşu dövlət birinci növbədə özünün regionlardakı maraqlarını düşünür və burada möhkəmlənmək üçün əlindən gələni edir. Bu gün Rusiyanın sülhməramlıları gəlib mənim torpağımda özbaşınalıq edirsə, separatçıları dəstəkləyirsə, cəmiyyət olaraq buna hamılıqla etirazımızı bildirməliyik. Belə bir məqamda sülhməramlılara münasibətdə “bu liberaldır, yaxud qəbyönümlüdür” deyə cəmiyyətin gücünü parçalamaq yanlışdır. Amma hamı eyni fikridə də ola bilməz. Kimsə çox narahatdır və etiraz edir, kimsə də rahatdır, deyir ki, hər şey gəlib keçəcək. Amma narahatlıq varsa, bu araşdırılmalı və cəmiyyət olaraq önun üzərinə getməliyik.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR