"Bu avtomobilləri yerindən tərpətməsəniz yaxşıdır" - Nəqliyyat eksperti xəbərdarlıq etdi

 BAXAR.AZ   xəbər verir ki, artıq gecə saatlarından etibarən paytaxt ərazisində fasiləsiz olaraq qar yağır. Bu isə öz növbəsində şəhərdə nəqliyyatın hərəkətini demək olar ki, iflic vəziyyətinə salıb.

 

Bunun  nəticəsidir ki, az qala hər saat avtomobil qəzalarının olması ilə bağlı görüntülər yayılır.

 

Bəs, maraqlıdır, qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? Hansı avtomobillərin hərəkəti məhdudlaşdırılmalıdır?

 

Məsələ ilə bağlı  danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bəzi avtomobillərin hərəkətinin indiki şəraitdə uyğunsuz olduğunu diqqətə çatdıraraq bəzi tədbirlərin alınmasının zəruriliyini bildirib:

 

"Belə qarlı-buzlu havada istənilən avtomobillə hərəkət etmək risklidir və məsuliyyət tələb edir. Həttə zəncirlənmiş təkərləri olan avtomobillər belə sürüşür. Lakin yenə də bəzi tədbirlər alınmaldır. İndiki şəraitdə qış təkərləri olan avtomobillərlə hərəkət etmək daha yaxşı olar. Qış təkərləri olmayan avtomobillərin sürücülərinə tövsiyə edirəm ki, avtomobillərini ümumiyyətlə yerindən tərpətməsinlər. İndi zəncirli təkərlərlə hərəkət etmək bir qədər çətindir. Bu baxımdan yaxşı olardı ki, sürücülər təkər corabları adlanan vasitədən istifadə etsinlər. Avtomobillərin şüşəsilənlərini yuyan maye şaxtaya davamlı olmalıdır ki, maye donmasın və sürücüyə problem yaşatmasın".

 

Ə.Hüseynov sürücü təcrübəsinin də bu məqamda özünü göstərdiyini vurğulayıb: "Hər şeydən əvvəl sürücü təcrübəsi özünü göstərir. Kim ki, qarlı-şaxtalı havada avtomobil idarə etməyib, sükan arxasına keçməsin. Çünki təcrübəsiz sürücüyə hətta ən yaxşı təchiz olunmuş avtomobil verilsə belə problem yaranacaq. Bundan əlavə ara məsafə və surət diqqətdə saxlanılmalıdır".

 

Nəqliyyat eksperti yol hərəkətini tənzimləyən qurumları fasiləsiz və ciddi işləməyə çağırıb:

 

"Yol təsərrüfatı qurumlarının əlində hər zaman hazır protokol olmalıdır. Yolların tək avtomobil hərəkət edən hissəsi yox, həm də səkilər olan hissəsi qardan təmizlənməlidir. Küçələrə duz, qum səpdikdən sonra tez-tez həmin təbəqə təmizlənməlidir. Çünki qarla qarışdıqda duz və torpaq da sonradan hərəkətə mane olur. Hərəkəti tənzimləyən qurumlar fasiləsiz işləyib təhlükəsizliyi təmin etməlidir".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR