“Dəmir yumruq-2

“Dəmir yumruq-2" başlasa…

BAXAR.AZ  xəbər verir ki , son günlər cəmiyyətdə Qarabağda yenidən müharibənin başlaya biləcəyi haqda rəylər var  və bu ətrafda müzakirələr aparılır. Müzakirələrdə heç şübhəsiz cəmiyyətin ehtimal olunan savaşda orduya, Ali Baş Komandana dəstəyinin necə olacağıdır. Müxalifət belə bir əməliyyat istəyirmi? Bu əməliyyatı lokal antiterror əməliyyatları, yoxsa miqyaslı müharibə kimi ehtimal edir?

 

AG Partiya sədri Tural Abbaslı deyib ki, ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilmirsə, Azərbaycan qaldığı yerdən davam etməlidir: “Üçtərəfli bəyanat imzalananda Prezident İlham Əliyevin çıxışında da qeyd olunmuşdu ki, şərtlər icra olunmasa, Azərbaycan müharibəyə qaldığı yerdən davam etmək hüququnu özündə saxlayır”.

 

T.Abbaslı bildirib ki, yenidən hərbi əməliyyatlar başlasa, bunun adını müharibə qoymaq düzgün deyil: “Çünki Azərbaycan ikinci bir dövlətlə mübarizə aparmır. Öz ərazisi daxilində separatçı rejimə qarşı mübarizə aparır. Bunun adı da antiterror əməliyyatıdır. Necə ki, Türkiyə özünün bəzi şəhərlərində aylarla bu əməliyyatları həyata keçirir. Eləcə də Bakının hüququ var ki, istənilən an Xankəndində, Xocalıda, Xocavənddə antiterror əməliyyatları aparsın. Bu hüququ heç kim bizim əlimizdən almayıb. Görünən odur ki, üçtərəfli anlaşmadan sonra Ermənistan tərəfi üzərinə düşən şərtləri icra etmir. Məsələn, oradakı silahlı birləşmələrin çıxarılması məsələsi yubanır və ya Xankəndindəki rejim özünün varlığını sübut etməyə çalışır və təxribatçı addımlar atılır. Bütün bunlar Azərbaycana antiterror əməliyyatlarını keçirməyə əsas verir. Belə davam edərsə, mən də gözləyirəm ki, yaz aylarında qısa müddətli, ildırım sürətli əməliyyatlar ola bilər. Əgər bunun olmasını istəmirlərsə, üçtərəfli bəyanatda olan şərtləri yerinə yetirməlidirlər”.

 

Tural Abbaslı söyləyib ki, əgər antiterror əməliyyatları başlayarsa, müxalifət yenə də qeydsiz-şərtsiz dəstəyini verəcək: "Siyasi partiyalar məsuliyyəti anlayır və üzərlərinə düşən missiyanı başa düşür. Bilirik ki, bu, Azərbaycan dövlətinin taleyinin həll olunduğu anlardır. Güman eləmirəm ki, kimsə öz siyasi ambisiyalarını öndə tutsun və öz siyasi maraqlarından çıxış etsin. Əgər belə bir çıxış olarsa, cəmiyyət həmin siyasi partiyanı, siyasi anlamda linç edər. Düşünmürəm ki, müxalifətin vahid mövqedə duraraq hökumətə, orduya dəstəyində problem ola".

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də yenidən əməliyyatların başlamasının tərəfdarıdır və bildirib ki, bu məsələdə hökuməti tam dəstəkləmək lazımdır: “Hadisələrin gedişi onu göstərir ki, ermənilər əvvəlki niyyətlərində əl çəkməyiblər. Eyni dərəcədə həyasızlıqla köhnə əməllərinə davam edirlər. İstər Qarabağın dağlıq hissəsində olan qondarma rejimin nümayəndələri, istərsə də Ermənistan rəhbərliyi eyni addımları atır. Ermənilərin xarici işlər naziri də ”artsax"ın “müstəqilliyindən” danışır. Üç dövlət başçısının razılaşmalarına da əməl etməməyə çalışır. Belə olan halda Azərbaycanın  antiterror əməliyyatları keçirməsindən başqa əlacı qalmır".

 

E.Musayev deyib ki, Qarabağ məsələsində hökumətin atdığı addımlar birmənalı şəkildə dəstəklənməlidir: "Cəmiyyətdə əməliyyatların başlayacağı ehtimalı ilə bağlı düşüncələr var. Bizim başqa çıxış yolumuz yoxdur. Qarabağ müharibəsi başlayandan bir siyasi partiyanın rəhbəri kimi mövqeyimi elan etmişəm. Bu gün də birmənalı şəkildə deyirəm ki, Ali Baş Komandan, ordu müdafiə olunmalıdır. İlham Əliyev həm də ona görə müdafiə olunmalıdır ki, proseslərdə əli gücü olsun. Azərbaycan siyasilərinin, bizim qarşımızda duran əsas vəzifə Qarabağ məsələsini tam həll etməkdir. Bu dəqiqə nə parlament, nə də prezident seçkiləri keçirilir. Qalan sosial-iqtisadi məsələləri tənqid edirik, təkliflər veririk. Amma Qarabağla bağlı məsələdə biz vahid mövqedən çıxış etməliyik. Onu da qeyd edim ki, Azərbaycan hökumətinin səhvi ondan ibarətdir ki, informasiya məsələsində xəsislik edir. Ona görə də siyasi təşkilatların bir qismi erməni təbliğatının təsirinə düşür. Ona görə də erməni mətbuatında nə yazılsa, burada müzakirə olunmağa başlayır. Hesab edirəm ki, bu, çox böyük səhvdir. Bir daha bu fikrimi də təkrar edirəm ki, ermənilərlə bizim birgə yaşayışımız mümkün deyil. Xorvatiya necə ki, öz tərkibində serblərdən ibarət separatçı qüvvələri zərərsizləşdirib, biz də eyni bunu etməliyik. Biz kimin nə deməsindən asılı olmayaraq, eyni qətiyyətlə bu prosesin üzərinə getməliyik".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR