"Kristal Abşeron"dan şikayət var: "Nəmişlikdir, mənzildəki divarlar kif bağlayır"

“Bu bizim günahımız deyil ki, torpaqlarımız işğal olunub, evimizdən didərgin düşüb, illərlə pis şəraitli yataqxanalarda min bir əziyyətə qatlaşaraq yaşamışıq. Bizə itirdiklərimizin əvəzində mənzil veriblər. Onun da keyfiyyəti göz qabağındadır".

 “Qobu Park-1” də məcburi köçkünlər üçün istifadəyə verilən binada yaşayan Rövşən Əsədov yaşadığı mənzilin keyfiyyətindən şikayət edir.

O, binanın keyfiyyətinə etibar etmədiyindən mənzili təhvil alarkən sənədlərə qol çəkməkdən imtina etdiyini söyləyir: "Yəqin düşünürlər ki, məcburi köçkündür, dövlət onlara pulsuz mənzil verir. Çarəsiz insanlardır, nə versək, ona da qane olacaqlar. Məcburi köçkün olmaq sanki cəmiyyətin ən baxımsız, diqqətdənkənar varlığı deməkdir”.

10 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayan R.Əsədovun sözlərinə görə, binanın üstü keyfiyyətsiz təmir edildiyindən nəmişlik olur, nəticədə mənzildəki divarlar kif bağlayır.

O, binada 2019-cu ilin noyabrında məskunlaşsa da, heç bir il keçməmiş təzə binanın xaricinə bərkidilən qoruyucu  üz qabığı qopub: “Şirkətsə həmin o üzlüyü yapışdırmaqla həll etdiyini düşünür. Yağış yağanda  bərkidilən yerdən divarlara su sızır. Bu da nəmişlik yaratdığından evin aboyları qopmağa başlayır”.

R.Əsədovun sözlərinə görə, eyni problemdən əziyyət çəkən təkcə o deyil: "10-cu mərtəbədə qalan digər sakinlərin də otaqları nəmişlikdən kif bağlayır. Məsələn, mənim atamın da mənzili 10-cu mərtəbədə yerləşir və onun da mənzili ikinci dəfə təmir olunub. Kifin üstünə emulsiya vurdular. Heç 2 ay deyil ki, yenə eyni problem baş qaldırıb”.

“Deyirlər ki, problem vətəndaşın özündədir”

O, təzə mənzildə daha əvvəl başqa nasasızlıqların yarandığını da söyləyir: “Təsəvvür edin ki, evə girəndə elə elektrik yuvası vardı ki, altından naqil keçmirdi. Sadəcə, qutunu divara yapışdırmışdılar. Otaqların divarları o qədər nazikdir ki, nəsə asmaq üçün divarda kiçik bir yer açanda, mismarın ucu qonşu otaqdan çıxır". 

Şirkətin süründürməçiliklə məşğul olduğunu iddia edən Əsədovun sözlərinə görə, daha əvvəl rəsmi şəkildə bir neçə dəfə şirkətə müraciət etsə də, tutarlı cavab ala bilməyib.

Fevralın 17-də şirkətin göndərdiyi ustalar da problemi tamamilə aradan qaldırmayıblar: “Evin tavanına, divarlara emulsiya vurub getdilər. Bu, problemi həll etmək deyil, onun üstünü örtməkdir. Ustalar deyir ki, digərləriylə müqayisədə  mənim evim cənnətdir. Elə mənzillər var ki, oboy qopub, döşəmə su sızmasından qabarıb, evə girmək mümkün deyil”.

“Kristal Abşeron”un nümayəndəsi: “Problem həll olunacaq”

Şirkətin vəzifəsini açıqlamayan nümayəndəsi Rəşad Qurbanovsa Rövşən Əsədovdan başqa heç kimin şikayət etmədiyini söyləyir: “Səhv etmirəmsə, Rövşən Əsədov 2 dəfə müraciət edib. Biz də onun problemini dinləyib usta göndərmişik. Təkrar problem olduğu halda onu aradan qadırmağa çalışarıq”.

Şirkət təmsilçisi daha ətraflı məlumat verməkdən imtina edib. 
R.Əsədovsa şirkətin mövqeyi ilə razılaşmır: “Necə yəni başqa şikayət edən yoxdur? Ustalar mənim evimə gələndə qonşular onların qarşısını kəsib, öz evlərini göstərmək üçün apardılar. Çünki bilirlər ki, başqa vaxt onları tapa bilməyəcəklər. Bunu ustalar da təsdiqləyə bilərlər. Sadəcə, onlar mənim kimi sosial media vasitəsi ilə məsələni ictimailəşdirməyib”.

"Niyə pulla satılan mənzillərin divarları qopub tökülmür, otaqlar kif bağlamır?"

R. Əsədovun fikrincə, digər binalardakı mənzillər pulla satıldığından onları daha keyfiyyətli tikiblər.

O bildirir ki, problem tam həll olmayana qədər ictimailəşdirməyə davam edəcək: “Müəllimlər oturub isti kreslosunda, mən onları narahat edirəm. Sanki üzr istəyə-istəyə bunlarla danışmalıyam”.

“Qobu Park” şəhərciyi Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində salınıb.

Ümumilikdə 31 binanı əhatə edən “Qobu Park” yaşayış kompleksinin təməli 2017-ci ildə mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir.

Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır.

“Kristal Abşeron MTK” adı ilə fəaliyyət göstərən şirkət 2003-cü ildən inşaat sektorunda fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi 18 il ərzində Bakı, Sumqayıt, Xırdalan şəhərlərində xeyli layihə icra etmiş qurum rəsmi səhifəsində özünü ölkənin ən güvənli inşaat şirkəti adlandırıb, bu günə qədər inşa etdiyi layihələrdə 100% uğur əldə etdiyini yazıb.

toplum.tv


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR