“Böyük Ermənistan” xülyasından böyük uçuruma: Tarixi torpaqlarımız ermənisizləşir

“Böyük Ermənistan” xülyasından böyük uçuruma: Tarixi torpaqlarımız ermənisizləşir

Politoloq: “Ermənilərin əksəriyyəti xarici ölkələrə üz tutur, yerdə qalan kəsim də vətəndaşlıq üçün Azərbaycana müraciət edəcək”

BAXAR.AZ  xəbər verir ki,2020-ci ilin sonuna olan məlumata görə, Ermənistan əhalisi 2 milyon 971 min 248 nəfər təşkil edib. Bu məlumat Beynəlxalq “Countrymeters” layihəsinin məlumatında əksini tapıb. Layihə dünya ölkələrində əhalinin sayının, digər demoqrafik və sosial proseslərin dəyişmə dinamikasını göstərmək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, Ermənistan hökumətinin 18-27 oktyabr 2020-ci il tarixində əhalinin növbəti siyahıyaalınması planını həyata keçirməsinə İkinci Qarabağ müharibəsi mane oldu. Rəsmi olmasa da, “Countrymeters” layihəsinin hesablaması dəqiq məlumat sayıla bilər.

 

2011-ci ildə Ermənistanda son dəfə keçirilmiş əhalinin siyahıya alınması isə göstərirdi ki, ölkə əhalisinin sayı 3 milyon 18 min 900 nəfər olub. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin daimi əhalisinin sayı 1 yanvar 2019-cu il tarixinə 2 milyon 965 min 100 nəfər təşkil edib. Yəni, 1 yanvar 2018-ci il tarixi ilə müqayisədə bu göstərici 7,6 min azalma deməkdir.

Onu da bildirək ki, “Countrymeters”-in son məlumatı BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin əhali şöbəsinin yazılarına əsaslanan məlumatları ilə uzlaşır.

“Oranın gələcəyi yoxdur”

Araşdırmamız üzə çıxarır ki, SSRİ əhalisinin siyahıya alınmasına görə, 1989-cu ilin yanvarında Ermənistanda 3 milyon 305 min nəfər yaşayıb. Bu rəqəmdən “Countrymeters”-in qeyd etdiyi 2020-ci ilin sonu üçün Ermənistan sakinlərinin sayını çıxsaq, belə alınır ki, ölkə əhalisinin sayı son 30 il ərzində 333 min 752 nəfər azalıb.

Bununla belə, Ermənistan cəmiyyəti dövlət orqanlarının statistikasına etibar etmir. Bildirilir ki, 2000-ci ildən etibarən kütləvi miqrasiya nəticəsində ölkə əhalisinin sayı kəskin şəkildə azalıb. Erməni mediası yazır ki, ölkə müstəqillik əldə etdikdən sonra 800 mindən bir milyon yarıma qədər adam ölkəni tərk edib.

Ermənistanın 30 ildir ki, işğalda saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin demoqrafiyasına gəlincə, sovet dövründə, 1989-cu il ümumittifaq siyahıya alınmasına görə, regionun əhalisi 189 min 085 nəfər olub ki, bunun 123 min 100 nəfərini ermənilər, 40 min 688 nəfərini azərbaycanlılar təşkil edib. Sonralar ermənilər tərəfindən aparılmış etnik təmizləmə nəticəsində bölgənin əhalisi homogen olub.

Erməni tərəfinin iddiasına görə, İkinci Qarabağ müharibəsi nəticəsində Dağlıq Qarabağı, təxminən 90 min nəfər tərk edib. Lakin Qərb mənbələrinə görə, müharibə başlayanda Dağlıq Qarabağ əhalisinin sayı 70 min nəfərdən az olub. Bu, həqiqətə daha çox uyğun məlumatdır.

Qeyd edək ki, İkinci Qarabağ savaşının dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanat verdikləri günə qədər - 2020-ci ilin 10 noyabrınadək Dağlıq Qarabağın demək olar ki, bütün sakinləri Ermənistana gediblər. Bu iddia rusiyalı jurnalistlərə aiddir. Sonra bölgəyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən ermənilərin Dağlıq Qarabağa qaytarılması təşkil edilib və 14 yanvar 2021-ci il tarixinədək Qarabağa 49 min 461 nəfər qayıdıb. Əgər, Qarabağda qalan 5 minə yaxın hərbçini və kiçik yardımçı qrupları da nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, hazırda Qarabağda, təxminən 55 min nəfər erməni var.

Qarabağdakı xarici jurnalistlərin çəkilişlərindən də məlum olur ki, Birinci Qarabağ müharibəsindən başlayan erməni əhalisinin köçünü İkinci Qarabağ müharibəsinin nəticələri daha da sürətləndirəcək. Qarabağ erməniləri yerli və xarici media mənsublarına açıqlamalarında bildirirlər ki, işğalda olan ətraf rayonlar və Dağlıq Qarabağın bir sıra ərazilərini Azərbaycan azad etdikdən sonra onlar blokadada qalıblar.

 

 

“Bizə Xankəndiyə getmək üçün ensiz yol veriblər, amma heç kim onun nə qədər təhlükəsiz olduğunu bilmir. Orada yaşamağa davam etməyin mənası yoxdur. Hesab edirəm ki, oranın gələcəyi yoxdur", - ermənilərdən biri rus bloqerə deyib.

“Çemodan əhvalı”

AYNA-nın erməni mediasında gedən məlumatlara istinadən üzə çıxardığı məlumatlara görə, artıq Ermənistan əhalisi, xüsusən də, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmış erməni əhalisi “çemodan əhvalındadır” – sadəcə koronavirus pandemiyası səbəbindən bağlı qalan sərhədlərin açılmasını gözləyirlər. Məlumatlara görə, İkinci Qarabağ savaşında ağır məğlubiyyət alan Ermənistanda, onsuz da acınacaqlı hal alan sosial-iqtisadi vəziyyət daha da ağırlaşmağa doğru gedir. Pandemiyanın ağır fəsadları nəticəsini göstərməkdədir - ölkədə kütləvi işsizlik hökm sürür. Üstəlik də, müharibədə məğlubiyyət cəmiyyəti ümidsizliyə sürükləyib.

Dağlıq Qarabağ ermənilərinin isə vəziyyəti daha dəhşətlidir. 30 ildir ki, separatçıların əlində əsir-yesir qalan Qarabağ erməniləri, onsuz da bu illər ərzində işsizlikdən, yaşamaq ehtiyaclarının ödənə bilməməsi səbəbindən bölgəni tərk edib, xarici ölkələrə getmişdilər. Qalan 50-60 min erməni isə ötən ilin payızındakı müharibədən sonra getmək planları hazırlayıb.

Erməni əmlak alış-verişi ilə məşğul olan saytlara nəzər saldıqda görünən odur ki, Xankəndidə, Əsgəran bölgəsində yüzlərlə mənzil satışa qoyulub. Onlar evləri dəyər-dəyməzinə satıb Qarabağı tərk eləmək niyyətindədirlər: heç Ermənistana da yox, Rusiyaya, Fransaya, ABŞ-a və digər xarici ölkələrdə yaşayan qohumlarının, tanışlarının yanına tələsirlər. Pasport əllərində gözləyirlər – pandemiya səbəbindən bağlanan sərhədlərin açılmasını.

Erməni saytları yazır ki, Ermənistandan və Qarabağdan ermənilərin kütləvi gedişi haqqında hökumət məlumatlıdır. Bu səbəbdən də, Ermənistan hakimiyyəti karantin qaydalarını uzatmağa, sərhədləri hələ bir müddət də bağlı saxlamağa can atır. Amma ekspertlər bildirirlər ki, bu, uzun müddət davam edə bilməz – hökumət köçün qarşısını ən uzağı bir il ala bilər. Sosial vəziyyəti ağır olan ermənilər ölkəni və bölgəni tərk edəcəklər. Müharibədən ağır məğlubiyyətlə ayrılan Ermənistanda sosial vəziyyət, iqtisadiyyatın inkişafı isə uzun illər tələb edir.

Nə etməli?

 

Politoloq Zərdüşt Əlizadə AYNA-ya deyib ki, Ermənistanda demoqrafik vəziyyət ağır idi, İkinci Qarabağ müharibəsindən sonra fəlakətli vəziyyət dərinləşəcək: “Bu, qaçılmazdır. Faktiki olaraq Ermənistanda 2 milyona yaxın, Qarabağda 40-60 min aralığında erməni qalıb. Müharibədə məğlubiyyətdən sonra Qarabağda qalan gənc, bir az bacarıqlı, xaricdə qohumu, tanışı olan ermənilər bölgəni mütləq mənada tərk edəcəklər. Çünki başqa yolları yoxdur”.

“İdeya, “Böyük Ermənistan” xəyalı gözəldir, amma yemək də lazımdır. İdeyaları 44 günlük müharibədə darmadağın oldu, yemək də yoxdur. Nə etməlidir?! Əlbəttə, yaşamaq üçün işləyə biləcəyi yerlərə getməlidirlər. Yerdə qalacaq kimsəsizlər, əlillər, xəstələr, qocalar. Onlar da ümumi say etibarilə 15-20 min nəfərdir. Sonda həmin 20 min Azərbaycana müraciət edəcək ki, vətəndaşlıq verilsin. Konstitusiyamızı tanıyacaqlar, qəbul edib yaşayacaqlar”, - siyasi şərhçi bildirib.

“Mən belə görürəm, azacıq ağılları olsa, bu addıma gedəcəklər. Ermənistan əhalisinə gəldikdə, ordan da köç başlayacaq. Bu günədək onsuz da köç var idi. Hesablamalara görə, hər il Ermənistandan 30-40 min nəfər, əsasən də gənclər, ölkəni tərk edirlər. Müharibədə məğlub olan ölkədə bu rəqəm bir qədər də artacaq”, - Əlizadə vurğulayıb.

Onun sözlərinə görə, bu vəziyyətə düşmək Ermənistanın öz günahının nəticəsidir: “30 ildir ki, xəstə ideologiyanın əsirinə çevrildilər. Amma bu müddətdə işğalçılıq siyasətinə son qoyub, Azərbaycanla, Türkiyə ilə normal münasibətlər qursaydılar, iqtisadiyyatları inkişaf edərdi. Beynəlxalq layihələrə qoşulardılar, ölkəyə gəlir gələrdi, indi əhalisinin sayı 1.5 milyona düşməzdi”.

“Mən deyərdim ki, yenə də şansları var. O baxımdan ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, qonşuluq münasibətlərini bərpa edib, iqtisadiyyatını inkişaf etdirmək, canlandırmaq istiqamətində addımlar ata bilərlər. Düzdür, müəyyən qədər gecdir, vəziyyətlərini düzəltmək üçün bir neçə il lazımdır. Amma mümkündür. Sadəcə, iddialarından, xəstə ideyalarından əl çəkməlidirlər”, - politoloq əlavə edib.

Analitik hesab edir ki, Qarabağ erməniləri də, Ermənistan erməniləri də vəziyyəti anlayırlar: “Müharibə vaxtı qələbə qazanacaqları eyforiyasında idilər. Məğlub oldular, daxildə didişməyə, ittihamlara başladılar. Artıq müharibənin bitməsindən 3 aya yaxın zaman keçir və yavaş-yavaş dərk edirlər ki, quyunun dibindədirlər. Anlayırlar ki, çıxış yolu nədir. Sadəcə, illərdir oturuşmuş xəstə ideologiyanı bir gündə beyinlərindən atmaları çətindir, zaman lazımdır. Hesab edirəm ki, Ermənistan cəmiyyəti boşboğaz revanşistləri, revanşist müxalif qüvvələri rədd etməlidir. Onlara, “yetər!” - deməyi bacarmalıdırlar. Eləcə də, Qarabağ erməniləri öz maraqları yolunda mülki erməniləri qurban verən separatçıları, revanşistləri rədd etməlidirlər. Yenə də deyirəm, ağılları olsa, bunu edəcəklər, rəsmi Bakıya vətəndaşlıqla bağlı müraciət ünvanlayacaqlar”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR